ETN təhsil tədqiqatlarının sifarişçisi olmalıdır - dos. İlham Əhmədov
Bu ərəfədə AAK 2023-cü il üzrə təsdiq edilimiş dissertasiyaların statistikasını dərc edib. Pedaqoji sahə üzrə ölkədə bir ildə 20 dissertasiya təsdiq edilmişdir (müdafiə edilən işlərin ümumi sayını bilmirəm). Mən bu sahə üzrə dissertasiyaların kəmiyyəti və keyfiyyətinə toxunmaq istəmirəm.
Bildirmək istəyirəm ki, doktoranturaya qəbul şərtləri xeyli çətinləşdirilib, qəbul planı azaldılıb, müdafiə şərtləri də ağırlaşdırılıb. Bu gənclərin elmə gəlişini xeyli çətinləşdirir. Biliklərə əsaslanan cəmiyyət quruculuğunda alimlərin sayı və hazırlıq səviyyəsinin yüksəldilməsinə ehtiyac var, biz bəzən bunun əksini görürük.
Bu yazıda məqsədimiz yaranmış vəziyyətin ETN üçün bir siqnal, narahatlıq üçün əsas olduğunu izah etməkdir.
Pedaqoji elmlər dövlətə, cəmiyyətə lazımdırmı? Təbii ki, çox lazımdır, bir çox humanitar elmlərə nisbətən bu elmin inkişafına indi daha çox ehtiyac var, elmi təminatsız təhsil, təhsilsiz isə heç bir sahədə inkişaf ola bilməz. Bu sahə kompleks araşdırılmasa, nəticələr praktik tətbiqini tapmasa, normal təhsilimiz olmayacaq.
Sovet dönəmində təhsilin inkişafı bu amillərlə bağlı idi. O vaxt "SSRİ Pedaqoji Elmlər Akademiyası" fəaliyyət göstərirdi, tərkibində 30-a qədər elmi- tədqiqat institutu var idi. RF-da indi də belə akademiya var- "RF Təhsil Akademiyası".
25 illik təhsil islahatları, xüsusən də son 10 ildəki islahat təcrübəsi göstərir ki, təhsil nazirliyi təhsil tədqiqatlarına lazımi diqqət yetirmir, onun rolunu düzgün qiymətləndirə bilmir.
Ölkədə təhsil tədqiqatların təşkili və aparılması ilə məşğul olan yeganə elmi mərkəz olan AR Təhsil İnstitutu son 7-8 ildə səriştəsiz idarəetmə səbəbi ilə açınaçaqlı duruma salınmışdır. Əsas səbəb bu müddət ərzində ARTİ-yə rəhbər təyin edilən insanların təhsil tədqiqatları sahəsində təcrübələrinin, hər hansı tədqiqatlarının olmaması, bu elmin spesifikasını bilməməsi, bu səbəbdən də silsilə səhv qərarların qəbul edilməsi, səhv kadr siyasəti olmuşdur.
Bu tədqiqat institutu artıq çoxdan öz missiyasından yayındırılmış, elmi mərkəz yox, tədris mərkəzi olmuşdur. Əslində isə ARTİ təhsil islahatlarının beyin mərkəzi olmalı idi. Beyin mərkəzi olmayan sahə inkişaf edə bilərdimi? Təbii ki, yox.
Müstəqillik illərində aparılan təhsil islahatlarının ən zəif həlqəsi onun elmi təminatıdır.
Təhsil nazirliyinin 2 il əvvəl ETN olması da vəziyyəti dəyişmədi. Bu nazirliyin fəaliyyətinin mühüm istiqaməti təhsil fəaliyyətidir. Büdcənin 90 %-dən çox hissəsi məhz təhsilə yönəlir. Onun adında olan elm sözünün də əsas missiyası təhsil elmləri, təhsil tədqiqatları olmalı idi. ETN indiki durumda təhsil tədqiqatlarının sifarişçisi olmalıdır. Amma bu sahədə heç nə dəyişmədi.
Ölkədə xeyli elmi-tədqiqat institutu var. Amma təhsil problemlərini ciddi araşdıran tədqiqat institutları yoxdur. Hərçənd ETN ilk növbədə bu institutları yaratmalı və təhsilin elmi təminatının yaradılmasını prioritet sahə elan etməli idi. Bu addım təhsilin inkişafına təkan verə bilərdi. Amma proseslər göstərir ki, belə məqsəd yoxdur. Bu halda təhsilimiz daha pis duruma düşə bilər, çünki, elmsiz heç bir fəaliyyət, xüsusən də islahatlar nəticə verə bilməz.
ETN öz fəaliyyətinin elmi təminatını hələ də yarada bilməyib. Bunun zəruri olduğunu da düzgün qiymətləndirə bilmirlər. Nazirliyin büdcəsinin görəsən neçə faizi təhsil tədqiqatlarına ayrılır? Ən yaxşı halda 4- 5 milyon manat, yəni ayrılan büdcənin 0,1 %. Bunun da çox hissəsi elmdən kənar işlərə sərf edilir. Belə maliyyə siyasəti ilə təhsil elmləri inkişaf edə bilərmi?
İstənilən fəaliyyət sahəsində elmi təminata onun büdcəsinin heç olmasa 3- 4 % ayrılmalıdır. Əgər nəticə istəyiriksə, onda təhsil büdcəsinin də ən azı 3-4 % təhsil tədqiqatlarına ayrılmalıdır. Təhsil sistemində olduğu kimi təhsil elmləri, təhsil tədqiqatları təşkilinin də əsas problemi səhv maliyyə və yarıtmaz kadr siyasətidir.
Bu gün texnologiyaların dinamik inkişafı dövründə dünya təhsil sistemləri bu inkişafdan geri qalır, sanki inkişafın dalınca "sürünür". Belə bir vaxtda qlobal təhsil sistemlərinin elmi tədqiqatlara ehtiyacı artır. Bir çox ölkələrdə təhsil tədqiqatlarına ayrılan investisiyalar dəfərlərlə artırılır. Əks halda təhsilə ayrılan iri büdcələr tam səmərəsiz israf edilə bilər (elə bizdəki kimi).
Beynəlxalq səviyyəli araşdırmalar göstərir ki, pedaqogika eksperimental elm sahəsi kimi tədqiqatlarının keyfiyyətinə görə digər eksperimental elm sahələrindən- tibb və psixologiya v.s. elmlərdən geridə qalır. Dünyada təhsil tədqiqatlarına ayrılan investisiyaların artma səbəblərindən biri də məhz budur. Bu məsələləri düzgün dərk etməsək, bu amilləri nəzərə almasaq, təhsil indiki ağır durumdan çıxa bilməyəcəkdir.
Hər il yüzlərlə iclas, forum, təqdimat v.s. kimi faydasız PR tədbirlərə ayrılan pullar təhsilin elmi təminatına ayrılsa, bunun təhsilə daha çox faydası olardı.
"Paralel.az"