Nyu-Yorkda koronavirusun JN.1 ştamına yoluxanların sayı artıb
ABŞ-nin Nyu-York şəhərində koronavirusun JN.1 adlı yeni variantına yoluxanların sayı artıb.
İlk dəfə ABŞ-də sentyabr ayında aşkar edilmiş JN.1 virusuna yoluxanların sayı son iki həftə ərzində kəskin şəkildə çoxalıb.
Mütəxəssislər havaların soyuması ilə virusun bu sıçrayışının gözlənilən olduğunu bildiriblər.
Yerli ekspertlərin fikrincə, JN.1-in bu sürətlə yayılması onun immun sistemlərində koronavirusun digər variantlardan daha yaxşı ötürülə biləcəyini göstərir.
JN.1 infeksiyasının simptomları öskürək, qızdırma, bədən ağrıları və yorğunluq da daxil olmaqla əvvəlki koronavirus variantlarının yaratdığı simptomlara bənzəyir. Xüsusən də yaşlılar, körpələr, immun sistemi zəifləmiş və ya xroniki vəziyyətdə olan insanları üçün virusa yoluxma riski yüksəkdir.
ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin yaydığı məlumatda sanitariya-gigiyena qaydalarına riayət etməklə yanaşı maskalardan istifadə, mümkün olduqca qapalı yerlərdə havalandırmanın yaxşılaşdırması, xəstələrə evdə qalmaq və ən son koronavirus peyvəndini almasının vacibliyi qeyd olunub.
Qeyd edək ki, hazırda koronavirusun ən çox yayılmış ştammına çevrilən JN.1 variantına yoluxanların sayı xüsusilə Nyu-York şəhərində daha çoxdur. Bu səbəbdən də son günlərdə şəhərdə qoruyucu tibbi maskalardan istifadə edənlərin sayı artıb, kütləvi nəqliyyatlardan, metro və avtobuslardan istifadə azalıb. İnsanlar sosial məsafə və özünütəcrid mexanizmi ilə virusdan qorunmağa çalışırlar. Yerli mətbuatda yayılan məlumatlarda şəhərdə virusun aşkarlanmasını təmin edən sürətli testlərin satışı çoxaldığı qeyd olunub.
Qeyd olunub ki, Nyu-Yorkda virusa yoluxmuş və sağalmış şəxslər üzərində JN.1-ə qarşı çarpaz qorunma laboratoriya tədqiqatları davam edir və yaxın günlərdə bununla bağlı araşdırmaların nəticələri ictimayyətlə paylaşılacaq.