"Bakı prosesi" platforması beynəlxalq
səviyyəli bir tədbirə çevrilib

 

"Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ölkəmiz dözümlülük və tolerantlıq məkanı olub"

 Qloballaşan dün-yamızda baş verən müxtəlif münaqişələr, anlaşılmazlıqlar son nəticədə insan faciəsi ilə bitir. Bunun qarşısının alınmasının yeganə yolu isə qarşılıqlı anlaşmadan və dözümlülükdən keçir.

Müasir dildə desək, tolerantlığın və multikulturalizmin bərqərar olmasından. Bunun üçün də, dinlər və millətlərarası dialoqun vacibliyini dərk etmək və bu prosesi beynəlxalq səviyyəyə qaldırmaq lazımdır. Bu baxımdan Azərbaycan respublikası prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan "Bakı prosesi" platformasi

xüsusi əhəmiyyət kəsb edir. Çünki beynəlxalq münasibətlər sistemində dünyanın istənilən nöqtəsində yaşayan insanlar gələcək inkişaf planlarını, eləcə də bu istiqamətdəki bütün elmi nailiyyətlərini "Bakı prosesi" platformasi əsasında müzakirə etmək imkanları əldə ediblər. Bu, artıq o deməkdir ki, "Bakı prosesi" platforması beynəlxalq səviyyəli bir tədbirə çevrilib. Azərbaycanın bu platformanın mərkəzinə çevrilməsinin də, bir çox səbəbləri var. Bakı humanitar formları, eləcə də son on ildə keçirilən müxtəlif beynəlxalq konfrans və tədbirlər ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Respublika ərazisində mövcud olan bütün dillərin, dinlərin, mədəniyyətlərin, etnosların nümayəndələrinin bərabər qanunlar altında birgə yaşaması, elmin, təhsilin, qanunvericiliyin və insan kapitalının inkişafa yönəldilməsi, gələcək rifahının müəyyən edilməsi, bu siyasətin əsas təməl prinsiplərini təşkil edir. Azərbaycanın digər ölkələrlə münasibətlərinin formalaşmasında da, yuxarıda qeyd olunan prinsiplər əsas götürülür. Məhz buna görə də, ölkəmiz tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət olaraq, bu dəyərlər ətrafında beynəlxalq diskusiyaların təşkil etdiyi mərkəzə çevrilib.

 Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlüllüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsasları çox qədim zamanlardan formalaşıb. Ölkəmizin qədim dövlətçilik ənənənlərinin tarixi, o cümlədən bu ənənlərin inkişafını özündə ehtiva edən azərbaycançılıq ideologiyası da, bu prinsiplərin qorunmasına və inkişafına xidmət edir.

 Qədim tarixi mənbələrə nəzər salsaq istər Səfəvilər dövləti, istər xix-xx maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqların və dini qrupların nümayəndələrinin dövlət idarəçiliyi sistemində təmsilçiliyinə geniş imkanlar yaradıldığını görərik.

Azərbaycançılıq tarixən, məhz bizə məxsus tolerantlıq, dini dözümlülük və etnik bərabərlik mənasında işlədilib. Müasir Azərbaycan multikulturalizm modeli həm dinlərin bərabər inkişaf imkanlarını artırır, həm də bütün etnik qrupların birgə yanaşı yaşamasını təmin edir, eyni zamanda, digər inanc və mədəniyyətlərə mənsub müxtəlif birliklərə hörmətin və təmsilçiliyin təqdim edilməsini özündə birləşdirir.

 Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Formunda dövlətimizin başçısı, prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olub və bu gün də müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur". Azərbaycan ərazisində üç səmavi dinin (yəhudulik, xristianlıq və islam) və eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması, dini tolerantlığın həyat tərzinə çevrilməsinin bariz nümunəsidir. Eyni zamanda, müxtəlif insanların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənənlərin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisidr. Bu göstəricini təsdiqləyən faktlardan biri də, 2002-ci il 22-24 may tarixində Bakıda rəsmi səfərdə olan Vatikan Dövlətinin başçısı, dünya katoliklərinin dini rəhbəri, Roma papası II İohan Pavelin ölkəmizdəki tolerantlıq və dinlərə göstərilən diqqətə görə ulu öndər Heydər Əliyevə təşəkkürünü bildirməsidir.

Digər bir fakt isə bu gün ölkəmizdə müsəlman icmaları ilə yanaşı qeydə alınan qeyri-müsəlman dini icmalarının fəaliyyətini təmin edən, onlara istiqamət verən "Dini etiqad azadlığı haqqında" Azərbaycan respublikası Qanununun və bu qanunun icrasını həyata keçirən Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi mövcudluğudur.

 Digər maraqlı məqamlardan biri də, çoxkonfessiyalılığın və çoxmədəniyyətliliyin bir dəyərlər sisteminə çevrildiyi və böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi doqquz milyondan artıq vətəndaşı olan Azərbaycanda tarixi alban kilsələri ilə yanaşı, pravoslav və katoliklərin on iki kilsəsinin, yəhudilərin isə 6 sinaqoqunun olmasıdır. Avropanın ən böyük sinaqoqlarından biri, məhz 2003-cü ilin mart ayında Bakı şəhərində açılıb. Bu da Azərbaycanda bütün dinlərə eyni münasibət göstərildiyindən xəbər verir. Ölkəmizin tarixinə nəzər salanda görürük ki, Azərbaycanda yaşayan bütün xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələri daim vahid dəyərlər naminə birləşiblər və həmin dəyərlərin qorunub saxlanması üçün mübarizə aparıblar. Bu vahid dəyərlər ölkənin ümumi maraqlarını-azadlıq və firavanlıq, müasir günümüzdə isə müstəqillik və demokratik dəyərlərdən ibarətdir. Bu dəyərlərin fonunda prezident İlham Əliyevin bütün çıxışlarında dönə-dönə təkrarladığı məşhur "Multikulturalizmə alternativ yoxdur" şüarı tam yerinə düşür. Bu şüar demokratik dəyərlərin inkişafının labüdlüyünü özündə ehtiva edir.

 Multikulturalizm və tolerantlığın əsas məqsədi müxtəlif xalqlar və etnosların mədəni irsini öyrənərək yeni inkişaf müstəvisinə yüksəldərək tanıtmaqdır. Milli mədəniyyətin qorunması dilin, milli adət- ənənlərin, başqa sözlə, milli ruhun qorunması deməkdir. Azərbaycanda qədim alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nic, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi- coğrafi məkanlar dövlət səviyyəsində qorunur, orada yaşayan insanların rifahının yüksəldilməsi üçün dövlət səviyyəsində çox böyük işlər görülür.

 Ölkəmizin ərazisində məskunlaşan milli azlıqların, müxtəlif azsaylı xalqların  folklor günləri təşkil edilir, onların tarixi, mədəniyyəti, musiqisi, etnoqrafiyası və s. ilə bağlı araşdırmalar aparılır, elmi əsərlər yazılır. Azərbaycan televiziyasında azsaylı xalqların həyat və məişətini əks etdirən müxtəlif təyinatlı filmlər nümayiş olunur. Hətta, azsaylı xalqların cəmləşdiyi regionlarda onlara məxsus region televiziyaları da fəaliyyət göstərir.

 Tolerantlığın və multikulturalizmin bir dəyərlər sisteminə çevirilən Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində, bu gün müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanın siyasi, iqtisadi və mədəni sferasında təmsil olunurlar. Onlar ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər.   

 Bu da danılmaz həqiqətdir ki, Azərbaycanda formalaşan multikulturalizm və tolerantlıq dəyərləri butun dünyada maraqla qarşılanır, mütərəqqi bir ənənə kimi bütün dünya dövlətlərini özünə cəlb edir və müsbət bir təcrübə kimi təqdir olunur. Bunun nəticəsidir ki, bu gün müxtəlif ölkələrdə tez-tez simpoziumlar müxtəlif tədbirlər, konfranslar keçirilir, Azərbaycan multikulturalizmi və tolerantlığı parlaq bir nümunə kimi təbliğ olunur. Çünki multikulturalizmin Azərbaycan modeli gələcəyin labüd cəmiyyət modelini özundə təcəssüm etdirir. Azərbaycan multikulturalizminin və tolerantlığının özünəməxsusluğunun əsas səbəbi yerli mental dəyərlərlə bağlı olması və ulu öndər Heydər Əliyevdən başlayan dövlət ideologiyasının tərkib hissəsi olmasıdır.

 Ölkəmizdə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur. Fərqli dini mənsubluğa, müxtəlif dilli olmasına baxmayaraq, onlar hamılıqa vahid ideologiya ətrafında birləşə bilirlər. Azərbaycan minilliklər boyu azsaylıların azad, firavan və qorxusuz, heç bir təzyiqə və təhdidə rast gəlmədən yaşadıqları azad bir məmləkətdir. Bu, tarixin bütün mərhələlərində dəyişməz, vahid xətt üzrə davam edib.

Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın, azadlığın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsidir. Təhsil və elmə azadlıq, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi multikulturalizmin əsas göstəriciləridir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqiçiliyin, ksenofobiyanın süqutu deməkdir. Əvəzində isə cəmiyyətdə əmin- amanlıq, bəşəriyyətdə isə sülhün bərqərar olmasıdır.

  Ölkəmizdə çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılan siyasətin nəticəsidir ki, bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Bununla da Azərbaycan bu sahədə dünyada örnək bir dövlət kimi özünü təsdiqləyə blib. Azərbaycan burada yaşayan bütün xalqların, bütün səmavi dinlərin təmsilçilərinin azad  və firavan yaşadıqları bir ölkədir.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

3.2052111625671