Suallara səhv cavab verilən yerdə inkişaf ola bilməz - dos. İlham Əhmədov

Suallara səhv cavab verilən yerdə inkişaf ola bilməz - dos. İlham Əhmədov
 

"Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar." (Emin Əmrullayev)

Dünya təhsil praktikasında aktual problemlərin operativ həlli üçün ən effektiv üsullardan biri, həmən problemin həllinə yönəli layihələrin ünvanlı maliyyələşməsidir. Bu qrant və ya xüsusi təyinatlı proqramlar çərçivəsində (bizim realllıqda dövlət proqramları çərçivəsində) maliyyələşmə ola bilər.
25 il ərzində bizdə heç bir aktual təhsil problemi həllinin qrant və ya ünvanlı maliyyələşmə praktikası çox az olub (bəlkə də olmayıb). Bu halda mövcud problemlər necə həll edilə bilər? Yoxsa, nazirin bəyan etdiyi kimi, "biz prosesləri yox, nəticələri maliyyələşdirik"? İnanmıram ki, bu gün hansısa ölkənin elm və təhsil naziri belə ziyanlı bəyanat verə. Bu ona bənzəyir ki: "bağban deyir mən ağacları sulamayacam, payızda hansı ağaclar bar verərsə, sonradan onları sulayaram."
Elm və təhsil sahəsindəki proseslərin normal, keyfiyyətlə getməsi, nəticə verməsi üçün (bəzən buna illər lazım olur) ciddi maliyyələşmə lazımdır, bu mərhələlərlə olmalıdır, sonda yox. Nəticə olandan sonra artıq maliyyəyə heç ehtiyac da yoxdur. Bəlkə elm və təhsil lahiyələrinin icrası üçün alimlərə banklardan kredit götürməyi təklif edəsiniz?
Günümüzün paradoksu: Təhsilə aidiyyatı olmayan qurumlar təhsilin inkişafına yönəli layihələrə qrantlar verdiyi halda, ölkədə təhsil siyasətinin formalaşması və icrasına məsul olan qurum təhsilə aid actual layihələri görməzliyə vurur, təhsilə dəxli olmayan layihələrə- məsələn, "Məktəblərdə Skaut klubların yaradılması" kimi cəfəng layihələrə qrantlar səpələyir.
Bildirirsiniz ki, düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar. Bəli. Amma çox vaxt düzgün qoyulan suallara səhv cavablar verilir, alternativ olan düz cavablara da məhəl qoyulmur.

1. Necə edək ki, reytinqlərdə vəziyyətimiz yaxşılaşsın?
Cavab: Müəllimlər qurultayında DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu suala bir cümlə ilə cavab verib: "Müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil." Əslində bu fikir illərlə ideya axtarışında olan ETN üçün Strateji Yol Xəritəsi də ola bilər.
Bu suala illər ərzində çoxsaylı məqalələrdə cavab vermişik, təkcə bu il 100-dən çox belə məqalə dərc edilib. İnanmıram ki, bütün məktəblərdə və ATM-də skaut klublar açmaqla təhsil sahəsində inkişaf mümkün olsun, PİSA nəticələri və universitetlərimizin reytinqləri yüksəlsin.

2. Biz nəyi etmək lazım olduğunu bilirik, amma necə etmək lazım olduğunu bilmirik.
Cavab: Fəaliyyətiniz göstərdi ki, Siz nəyi etməyi də, necə etməyi də yaxşı bilmirsiniz.

3. Biz prosesləri yox, nəticələri maliyyələşdirik.
Cavab: Ağaca su verilməsə o bar vermədiyi kimi, elm və təhsil prosesləri, layihələr də vaxtı-vaxtında, mərhələlərlə normal maliyyələşməsə nəticə verə bilməz.
Dənizin suyunun dadını bilmək üçün dənizin bütün suyunu işməyə ehtiyac yoxdur. Bir qurtum da buna kifayət edir. Sizlərin də təhsilə münasibətinizin, idarəetmənizin, dostlara “güzəştləriniz”in təhsilə vurduğu ziyanları bilmək üçün 3 illik fəaliyyətinizin kompleks monitoriqinə ehtiyac yoxdur, elə payladığınız qrantlardan hər şey aydın görünür: söz və əməlin ziddiyyəti. Bu isə heç vaxt real inkişafa səbəb ola bilməz.

"Paralel.az"

0.025650024414062