"Qarabağ"da çıxış edən bu ikili Premyer Liqada şou göstərir - ARAŞDIRMA

 

Misli Premyer Liqası qış fasiləsindədir. 

Offsideplus.az xəbər verir ki, çempionatın ilk yarısı geridə qalıb. 

Liqamızda 18 tur ərzində keçirilən 90 qarşılaşmada 221 qol vurulub. Premyer Liqanın bombardiri "Qarabağ"ın forvardı Olavio Juninyodur. Ən çox məhsuldar ötürmə edən futbolçu da Ağdam təmsilçisinin üzvüdür. Söhbət Toral Bayramovdan gedir. Millimizin üzvü 8 məhsuldar ötürmə ilə liderdir. 

Statistikadan görsənir ki, "köhlən atlar" Premyer Liqada hegemonluq edirlər. Bəs, çempionatımızın ən güclü hücum dueti hansıdır? 

Bu statistika ilə bağlı ilk beşliyin ilk pilləsində "Qarabağ"dan Olavio Juninyo - Leandro Andrade yer alıb. Bu duet rəqiblərin 27 dəfə üzülməsinə səbəb olub. Braziliyalı bu mövsüm çempionatda 13 qol vurub, 1 məhsuldar ötürmə edib. Leandro Andrade isə 6 dəfə fərqlənib. Afrikalının hesabında 7 məhsuldar ötürmə var. 

İkinci sırada "Səbail"dən Aleksandr Ramalinqom - Pedro Nuno cütlüyü yer alıb. Bu duet isə rəqiblərin 14 dəfə üzülməsinə səbəb olub. Ramalinqom bu mövsüm 7 qol vurub, 1 məhsuldar ötürmə edib. Cari "futbol ili"nin ən diqqətçəkən futbolçusu olan Pedro Nuno isə 5 qol vurub. Portuqaliyalı 1 məhsuldar ötürmə ilə də yadda qalıb. 

Üçüncü sırada "Turan Tovuz"dan Oto Con - Rodorik Miller cütlüyü yer alıb. Onlar da rəqiblərin 14 dəfə üzülməsinə səbəb olub. Afrikalı bu mövsüm 6 qol vurub, 3 məhsuldar ötürmə edib. Şimali amerikalı isə 4 dəfə fərqlənib, 1 "assist" edib. Düzdür, "Turan Tovuz"dakı cütlüklə "Səbail"dəki duet xal etibarı ilə eyni nəticəni göstərib. Lakin "dənizçilər"in üzvləri daha çox qol vurduğu üçün onlar ikinci sırada qərarlaşıblar.

Dördüncü pillədə "Sumqayıt"dan Roi Kehat - Rövlan Muradov cütlüyü yer alıb. Bu duet rəqiblərin 13 dəfə üzülməsinə səbəb olub. İsrailli yarımmüdafiəçi 5 qolla diqqət çəkib. Rövlan isə 3 dəfə fərqlənib, 5 məhsuldar ötürmə edib. 

Beşinci sırada isə "Neftçi"dən Rəhman Hacıyev - Yuri Matias cütlüyü yer alıb. Onların rəqiblərin 10 dəfə üzülməsinə səbəb olub. Azərbaycanlı yarımmüdafiəçi bu mövsüm 5 qol vurub. Yuri Matias isə 4 dəfə fərqlənib, 1 məhsuldar ötürmə edib. 

 

0.01130199432373