Taleyimizdə izlər - Firuz Mustafa  

Taleyimizdə izlər - Firuz Mustafa  
 

35 il öncə dərc olunmuş bu yazıya görə mənə böyük hücumlar oldu. Hətta, bir akademik xanım inqilabçı babası haqda bir-iki kəlmə doğru fakt yazdığıma görə məni məhkəmə ilə hədələmişdi...
Oxuyun və düşünün. Sovetlər dönəmində yazılıb. Elə bir vaxtda ki, aşıqlar oxuyurdular: "İşıqlıdır lampaları kolxozun..."

TALEYİMİZDƏ İZLƏR

İnsan nəslinin taleyindən keçən sınaqlar onsuz da əsrlər boyu bişib-bərkimiş möhkəm qənaətləri bir daha xatırlatmaqla bizi dönə-dönə fikirləşməyə, götür-qoy etməyə vadar edir. “Doğruya zaval yoxdur”. Ataların həmin müdrik kəlamı bu gün bir daha yada düşür. Üstünü toz basmış arxiv sənədləri, səhifələri didilmiş köhnə kitablar, təsvirləri vaxtın ilğımında yayğınlaşmış lentlər... bizi dünənə, keçmişə qaytarır. “Keçmiş” adlanan məfhum nəsə mücərrəd bir anlayış deyil: keçmiş – bizim mənəviyyatımız, taleyimiz, ömrümüz, əzab və sevincimizdir. Keçmiş – biz özümüzük.
Biz indi dərk edirik ki, neçə-neçə ömrü bada verən hiddətli, qəzəbli tiran ehtiraslarının zəncirini vaxtında dartmamaq kütləvi qırğında nəticələnmişdir. 30 və 50-ci illərin haqsız qurbanlarına neçə onillər keçəndən sonra bəraət verilir. Amma sonrakı illərin də əsassız yerə cəzalandırılmış “ovları” yox deyildir. Mətbuatda bu barədə kifayət qədər məlumata rast gəlirik. İnsan taleyinə soyuq, yad münasibət bəsləyən, öz nəfsi üçün minlərin, milyonların qanına yerikləyən cəlladların azğınlığına, tariximizə ləkə olan hegemonluğa, amirliyə qarşı kütləvi mübarizə elan etməyin vaxtı gəlib yetib.
Biz bir çox hallarda cari işlərimizin düzgün qura bilmirik. Xırda məsələləri nəhəng problemlər kimi qarşılayırıq. Və yaxud əksinə - böyük məsələlərə xırda iş kimi yanaşırıq. Elə götürək beynəlmiləl tərbiyə problemini. Bu sahədə həllini gözləyən problemlər böyükdür. Amma biz xalqlar dostluğu barədə çox vaxt ümumi mülahizələr söyləməklə kifayətlənirik. Məlum həqiqəti bir daha xatırlatmalı oluruq, vətənpərvərlik olmayan yerdə beynəlmiləlçilik də ola bilməz! Öz xalqının tarixini bilməyən şəxs qardaş və ya qeyri-qardaş millətlərin tarixinə də biganə qalacaq.
Son zamanlar mərkəzi mətbuatda çıxan yazılarda ayrı-ayrı müttəfiq respublikalarda yaşayan qardaş xalqların nümayəndələrinin tez-tez belə mülahizələri ilə qarşılaşırıq: biz ərazisində yaşadığımız, çiyin-çiyinə işlədiyimiz xalqın tarixini, dilini bilmirik. Haqlı iradlardır. Bu, o deməkdir ki, biz öz dilimizi, öz tariximizi təbliğ edə bilmirik və ya zəif təbliğ edirik. İş təkcə bununla bitmir. Əsl bəla budur ki, öz tariximizi biz özümüz də yaxşı bilmirik. Həm də nəinki qədim dövr tariximizi, lap son onilliklərlə bağlı olan tariximizi. Belə bir misal. Biz 30-cu illər “əməliyyatının”, “təmizlənməsinin” səbəb və nəticələrini bilirikmi?
SSRİ EA-nın müxbir üzvü, görkəmli sovet tarixçisi Y.Polyakov “Literaturnaya qazeta”nın müxbiri ilə müsahibəsində tarix dərsliklərinin nöqsanları barədə danışarkən qeyd etmişdir ki, bir sıra müəlliflər tarixə sübyektiv nöqteyi-nəzərdən qiymət verməyə çalışırlar. Elə bunun nəticəsidir ki, 30-50-ci illərin dərsliklərində Stalin idealizə olunmuş, sonralar – durğunluq illərində Brejnevin Kiçik torpaqdakı fəaliyyəti barədə çoxlu elmi-publisistik məqalələr yazılmış, hamçinin Çernenkonun müharibə dövr fəaliyyəti şişirdilmişmiş və bu, öz əksini “Böyük Vətən müharibəsi” ensiklopediyasının 2-ci nəşrində tapmışdır.
Latviyada yaşayan qocaman müəllim V.Svirski “İzvestiya” qəzetində “Tarix susur” adlı yazı ilə çıxış edərək göstərir ki, 18-ci Ordunun siyasi rəhbəri haqda tarix dərsliklərində belə yazılır: “Alman-faşist işğalçılarına qarşı, Novosibirsk uğrunda gedən vuruşmalardakı böyük xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Özlüyündə hər iki fakt doğrudur. Novosibirsk uğrunda döyüşlər olub. Siyasi rəhbər Qızıl Ulduz alıb. Amma nə vaxt? Müharibədən 21 il sonra”.
Tarix bəzək-düzəyi, yalanı sevmir. Onsuz da bu yalanlar müəyyən vaxt keçəndən sonra öz dəqiq qiymətini alır. Amma bizim tariximizlə hələ də qeyri-dəqiq mülahizələr, üstüpərdəli anlar qalmaqdadır. Məsələn, tarix dərsliklərində qeyd olunur ki, XX və XXI qurultaylarda şəxsiyyətə pərəstiş kəskin tənqid olunmuşdur. Bir sıra nöqsanlar üzə çıxarılmış. Beriya, Bağırov xətti ifşa olunmuşdur və s. Bəs həmin nöqsanlar hansılardır? Bu barədə söhbət açılmır...
Azərbaycan xalqının tarixi göydəndüşmə, göydən təcrid olunmuş, mücərrəd bir tarix deyildir. Bu tarixin kökü, qaynaqları budaqları var. Bizim xalqımızın tarixi digər qonşu xalqların – gürcü, erməni, Dağıstan xalqlarının tarixi ilə qırılmaz surətdə bağlıdır. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, qonşularımızın bəzi tədqiqatçıları bir çox hallarda bizim tarixi dostluğumuzu təhrif etməyə çalışır, özlərindən qondarma tarix uydururlar. Bu cür saxta, qondarma tarix heç kəs üçün gərəkli deyildir. Ayrı-ayrı vaxtlarda bizim ədəbiyyat, dil, mədəniyyət tariximizlə bağlı çoxlu uydurmalar yazılıb.
Yaxud, Yerevanda “26 komissar” rayonu var. Bu nə deməkdir? Axı 26 Bakı komissarının adı dünyada məşhurdur. Bəlkə 26 komissarın Bakıda fəaliyyət göstərdiyi unudulmuşdur?
Bir neçə kəlmə də tarixi şəxsiyyətlərin adı ilə bağlı olan yer adları haqqında.
Yəqin ki, bizim respublikamız və onun paytaxtı Bakı şəhəri ayrı-ayrı şəxslərin adını özündə əbədiləşdirən yerlər sırasında öz yeknəsəqliyi ilə birinci sırada dayana bilər.
...1932-ci ildə Aleksey Maksimoviçin özünün kəskin etirazına baxmayaraq Nijni Novqorod şəhərinin adı dəyişdirilib Qorki adlandırılırdı. Təkcə Moskvada Qorkinin adını daşıyan küçə, döngə, sahil, metro stansiyası, mədəniyyət parkı, ədəbiyyat institutu, Dünya ədəbiyyatı institutu, Bədaye teatrı, kinostudiya, MDU-nun kitabxanası, 6 kitabxana və s. və i.a. mövcuddur. Bu “bolluğa” ehtiyac varmı? – həmin fikrin müəllifi SSRİ xalq artisti N.Boqoslovskidir (Bax. “Literaturnaya qazeta”, 19 avqust 1987).
Moskvadakı prospektə öz köhnə adını qaytarıb yenisinə Marksın adını versək, bu təhqiramiz hesab edilə bilməz. Qjatska öz köhnə adını qaytarıb Ulduz şəhərciyinə Qaqarinin adını qoysaq Qaqarinin xatirəsinə bundan yaxşı ehtiram heç nə ola bilməz. Bu da mənim fikrim deyil, hərçənd ki, söylənilən fikrə mən də şərikəm. Məqalənin müəllifi görkəmli rus jurnalisti V.Peskovdur (Bax: “Komsomolskaya pravda” 17 yanvar 1988-ci il).
Azərbaycan xalqının tarixi taleyində S.M.Kirovun xidmətləri böyükdür. Xalqımız paytaxtın ən uca yerində ona nəhəng heykəl qoymuşdur. Respublikamızda mətin inqilabçının adını daşıyan onlarca kitabxana, kolxoz, sovxoz, məktəb, fabrik, zavod vardır. Bakının böyük rayonlarından biri Kirovun adını yaşadır. Bizcə qədim Gəncə şəhərinin Kirovabad adlandırılmasına heç bir ehtiyac yox idi. Bakıda üç ali məktəb – dövlət universiteti, bədən tərbiyəsi institutu və ali hərbi dənizçilik məktəbi də Kirovun adınadır. Yəqin ki, belə “adqoyma mərasimlərinin” təntənəsinə çox təvazökar insan olan Sergey Mironoviçin özü də istehza edərdi. Yeri gəlmişkən qeyd edək ki, “İzvestiya” qəzetinin bu il 27 mart tarixli nömrəsində də bu barədə yazılmışdı.
Bakı komissarı Stepan Şaumyanın adına həm kənd, həm də şəhər rayonu vardır. Bundan başqa Azərbaycan ərazisindəki vilayət mərkəzi də (keçmiş Xankəndi) onun şərəfinə Stepanakert adlandırılıb. Doğrudanmı bu rayonları başqa cür adlandırmaq olmazdı? Şaumyanın dostu və silahdaşı Məşədi Əzizbəyovun adını daşıyan müəssisə və yerlərin də sayı “ağzınacan doludur”. Məgər Teatrının Əzizbəyovun inqilabi fəaliyyəti ilə əlaqəsi belə möhkəm olmuşdur? Bizcə teatra ilk Azərbaycan dramaturqu M.F.Axundovun və ya böyük sovet dramaturqu C.Cabbarlıının adının verilməsi daha məqsədəuyğundur. Söylədiyimiz mülahizələrdə heç bir “qaranlıq” nöqtə yoxdur. Bizim xalqımızın həyatı və taleyi Kirov, Şaumyan, Əzizbəyov kimi görkəmli inqilabçıların həyatı və fəaliyyəti ilə sıx bağlı olmuşdur. Onların adı və işi əbədidir. Bizim söhbətimiz ad “bolluğundan” ünvan eyniliyindən gedir. Bu barədə düşünməyə dəyər...
Açıq etiraf etməliyik ki, bizdə aşkarlıq və demokratiya haqqında hələ də çoxlu mücərrəd, əsassız... gurultulu sözlər deyilir. Həyatımızın bir çox sahələrində adamların qanına, iliyinə işləyən naqis vərdişlər barədə danışmaq istəmirik. Qulağımızın dibində baş verən hadisələr barədə əsasən Moskva mətbuatı vasitəsilə xəbər tuturuq. Haqsız tutulan, işdən qovulan adamlar barədə söz deməyə ehtiyat edirik. Elə haqlı olaraq cəzalandırılanlar barədə də söhbət açmırıq.
Biz 37-ci il əhvalatları barədə də qəzəblə susmağı üstün tutmuşuq. Beş-üç nəfər haqsız qurbanın adını çəkməklə kifayətlənirik. Bəs bu kəshakəs, vurhavur, qovhaqov tufanının səbəbkarı kimlər olub? Biz onlar haqqında da söhbət açmalı, öz səhvlərimizi etiraf etməliyik. O səhvlərin bir daha təkrar olunmasına yol verməməliyik.
Amma... yol veririk. Özü də lap bu gün. Hələ də “Şamxor məsələsi”, “Qasım İsmayılov işi” barədə söz-söhbət gəzir. Adamlar kütləvi şəkildə tutulur. “Kütləvi oğurluq”, “kütləvi rüşvət”, “kütləvi soyğunçuluq”. Doğurdanmı kütlə bu qədər günahkardır? Yüzlərcə, minlərcə adamın haqsız yerə ləkələnməsinə nə üçün dözməliyik? Xalqı güdaza vermək kimə sərfəlidir? Yüksək vəzifəlin şəxslər öz təqsirlərini sadə əmək adamlarının üstünə yıxanda xalqda hansı inam hissi qala bilər?!
Yenidənqurma inqilabi prosesdir. Bu proses bizim şüurumuza, psixologiyanıza, dünyagörüşümüzə işləməlidir. Yenə də səhvlərimiz ola bilər. Bu, təbiidi. İnkişafın əsasında ziddiyyət dayanır. Biz ziddiyyətlərin həlli zamanı faciəvi və “asan” yol seçməyə çalışmamalıyıq. Biz çox şeyə şərikik – günaha da, haqqa da... Lakin böyük səhv və günahlarımız bizi bədbinlik uçurumuna yuvarlamamalı, həyat eşqimizi, zəhmətin, əməyin əzəli və əbədiliyinə olan inam və rəğbətimizi azaltmamalıdır. Zamanəmizin böyük yazıçısı Ç.Aytmatov “Pravda” qəzetində (12 fevral 1988-ci il) çap olunmuş “Yenidənqurma, aşkarlıq – sağm qalmaq ağacıdır” məqaləsində yazır: “Həyat elə bil ki, yenidən geri dönmüş və xalqın sədası onun güzgüsünə çevrilmişdir. Bu saat praktik olaraq elə adam yoxdur ki, partiyanın ölkəni uzun sürən söz və iş böhranından xilas etmək üçün apardığı böyük proseslə bu və ya digər dərəcədə bağlı olmasın. Aşkarlıq səfərbəredici funksiyadan başqa, ədalətsiz varlığın bataqlıq künclərində təmizləyici “sanitar” xidməti vəzifəsini də öz üzərinə götürmüşdür”.
Bu, tarixə və tarixi hadisələrə münasibətdə də özünü göstərməlidir.
“AZƏRBAYCAN GƏNCLƏRİ” qəzeti, 12 may 1988-ci il
F.M.

"Paralel.az"

0.015147924423218