Hansı orqanımız nə vaxt sıradan çıxmağa başlayır?
Maraqlı məlumatlar
Klivlend Klinikasının mütəxəssisi Ronan Factora görə, bədənimizi qocalmaqdan hər yaşda qoruya bilərik.
Hansı orqanın nə vaxt və necə qocalması ilə bağlı yazını təqdim edirik:
18 yaş - dəri. İnsanlar 18 yaşdan başlayaraq, hər il dərilərinin elastikliyinin 1 faizini itirirlər. Hər gün qapalı məkanda olsanız belə, siqaret çəkməyib, yaxşı bəslənib, titan, ya da sink günəş kremi sürtməklə bu müddəti gecikdirə bilərsiniz.
30 yaş - ağciyərlər. Bu yaşdan sonra ağciyərlər fəaliyyətini ildə 1 faiz itirməyə başlayır. Günün əsas hissəsini oturaraq keçirənlərdə bu proses hərəkətli insanlara nisbətən daha sürətlə baş verir. Ağciyərinizin gec qocalmasını istəyirsinizsə, daim hərəkətdə olun.
35 yaş - sümüklər. Sümüklərin çəkisi 35 yaşdan sonra hər il 1 faiz azalır. Ağırlıq qaldırma hərəkətləri sümüklərin möhkəmləndirilməsində mühüm rol oynayır. 2015-ci ildə aparılan araşdırma zamanı gündə 20 dəfə tullanmanın sümüklərin möhkəmliyinə təsir etdiyi sübut olunub.
40 yaş - əzələlər. Beynəlxalq Qocalma İnstitutunun elm adamı Luici Ferrucinin araşdırmasına görə, qocalandan sonra hamımızda əzələlər zəifləyir, əksinə yağ toplayırıq. Bu təəssüfləndirici dəyişiklik 40 yaşdan sonra sürətlənir. Əzələlərinizin zəifləməyini istəmirsinizsə, idman hərəkətlərini həyatınızın ən vacib hissəsinə çevirin.
40 yaş - gözlər. Beynəlxalq Sağlamlıq İnstitutlarının araşdırmasına görə, gözlərimiz həyatımızın ilk dövrlərində diqqətli fotoaparat kimidir. Ancaq 40 yaşdan sonra görüş sahəsi azalır. Göz xəstəliklərindən qorunmaq üçün siqaret çəkməyin və ultrabənövşəyi şüalardan qorunmaq üçün eynək taxın. Günəş və siqaret katarakt olmaq ehtimalınızı artırır.
50 yaş - böyrəklər. Bunu siz hiss etməsəniz belə, 50 yaşdan sonra böyrəklərinizin işi geriləməyə başlayır. Buna qarşı ancaq su içərək mübarizə apara bilərsiniz. Bir araşdırmaya görə, çox su içənlərin böyrəyinin qocalma ehtimalı az içənlərdən gec olur.
60 yaş - qulaqlar. İnsanlar eşitmə qabiliyyətini tədricən itirirlər. Ancaq 65-74 yaş arası hər 3 insandan 1-də eşitmə problemi var. Bu vaxtı dəyişmək üçün əlimizdən heç bir iş gəlmir. Ancaq tez-tez yüksək səsli musiqi dinləmək və ya ifa etmək, çox səsli yerlərdə işləmək eşitmək qabiliyyətinizin zəifləməsini bir az da sürətləndirəcək.
Bağırsaqlar da 60 yaşdan sonra qocalmağa başlayır. Təkcə başınızdakı tüklər deyil, bağırsaqlardakı saça bənzəyən və yediyimiz qida maddələrindəki mineralları qəbul edən kiçik çıxıntılar da 60 yaşdan sonra düzləşməyə başlayır. Bu da həmin yaşdan sonra bədənimizin daha az mineral maddə qəbul etməsi deməkdir.
65 yaş - ürək. Bu yaşdan sonra ürək əzələlərinizin sayı azalsa da, onun həcmi böyüyür. Bu da ürək divarınızın qalınlaşmasına səbəb olur. Bu yaşdan sonra infarkt olma ehtimalı da artır.
70 yaş - beyin. Hər dəfə hadisələri unutmağınız qocalmağınız demək deyil. Lakin 70 yaşdan sonra artıq beyindəki dəyişikliyi hiss etməyə başlayacaqsınız.
Şahin Nağıyev
"Paralel.az"