Gələn illərə qalan cavabsız suallar - dos. İlham Əhmədov 

Gələn illərə qalan cavabsız suallar - dos. İlham Əhmədov 
 

Mətbuat xəbər verir ki, bu gün ETN-də nazirin rektorlarla görüşü olub. Amma görüşdəki müzakirələr haqqında çüzi məlumat verilib, hərçənd ki, bu sahədə bir çox problemlər var. Əvvəlki illərdən fərqli olaraq son illərdə ölkədə rektorlar şurasının və ETN-nin kollegiya iclasları deyəsən heç keçirilmir (hər halda mətbuatda bu barədə məlumatlar rast gəlinmir). Belə şəraitdə ictimaiyyət daha çox məlumatlanmalıdır ki, görək universitetlərimizin hansı perspektivləri var. Perspektivləri bilmirəm, amma problemləri çoxdur.
Bəzi problemləri qeyd edək:
1. Ali təhsilin təlabatdan xeyli az səviyyədə maliyyələşməsi.
2. Universitetlərdə elmi-tədqiqat işlərinin reanimasiyası.
3. Universitetlərə ETN tərəfindən elm, təhsil, innovasiyalar və rəqəmsallaşmanın inkişafı üçün qrantların verilməsi.
4. Universitetlərin özlərinin tədris və elm yönümlü problemlərin həlli üçün daxili qrantlar verməsi.
5. Təhsildə maliyyə xərclərinin şəffaflığının artırılması.
6. Ali təhsil haqqında” qanun niyə ləngiyir?
7. Ali təhsilin inkişafına dair strategiya və inkişaf proqramları niyə qəbul edilmir?
8. Universitetlərimizdə nəhayət ki, distant təhsil sistemi nə vaxt yaradılacaq? v.s.
Əvvəllər də qeyd etdiyimiz kimi, ETN ictimaiyyətin, hətta parlamentarilərin qaldırdığı məsələlərə heç vaxt ciddi reaksiya vermir. Bu ölkə prezidentinin ictimai nəzarətin vacibliyi haqqında söylədiyi fikirlərə və ictimaiyyətə qarşı hörmətsizlikdir.
Son illər təhsildə aparılan yarıtmaz kadr siyasəti və məmur səriştəsizliyi təhsildə ağır durum yaradıb. Xalq maarifi, xalq təhsili xalqın- mütəxəssislərin və ictimaiyyətin birgə fəaliyyəti ilə indiki bataqlıqdan çıxa bilər. Amma təkliflərin nəzərə alınmamasından belə görünür ki, problemlərin həlli hələ də gündəmdə deyil.
Keçən il mətbuatda qaldırılan, həlli vacib olan, lakin 2 ildən çox müddətdə cavab verilməyən bəzi məsələləri təkrarən yada salmaq, diqqəti bu tip problemlərə yönəltmək faydalı olardı.
“Təhsil cəmiyyət üçün həssas məsələdir. İllərdir ki, təhsil sistemindəki problemlər yığılıb qalıb. Həmin problemlərin həlli istiqamətində addımlar atılır. Burada nazirliyin üzərinə ciddi vəzifələr düşür. Problemlər səsləndirilir, ancaq konkret nəticələrin şahidi olmuruq. Cəmiyyət tərəfindən verilən reaksiya isə kommunikasiyaların düzgün qurulmamasından asılıdır”. (Ceyhun Məmmədov, millət vəkili).
Təhsil sistemində maliyyə şəffaflığı aşağı səviyyədə olduğu üçün sonuncu ilin yox, 1-2 il əvvəlin rəqəmləri ilə təhlil aparmalı oluruq. Bu rəqəmləri də parlamentdə səslənən çıxışlardan götürmüşük.
Keçən il MM-in iclasında digər millət vəkilinin qaldırdığı ciddi məsələləri də yada salmaq istərdik (millət vəkili Etibar Əliyev 2022-ci ildə parlamentdə səsləndirilib):
1. "2021-ci ildə bütün dövlət universitetlərinə 370 milyon manat ayrılıb. Həmin məbləğin 312 milyon manatı dövlət sifarişli təhsilin maliyyələşdirilməsi üçün məqsədli və ünvanlı vəsaitlər şəklində, 48 milyon manatı isə ümumi maliyyələşdirmə məqsədli ayırmadır. Məsələn, hər bir universitet üzrə büdcə hesabatına həm dövlət sifarişli, həm də ümumi maliyyələşdirmə çərçivəsində ayrılan vəsaitin əks olunduğu bir informasiya cədvəli əlavə etmək doğrudanmı çətindir?".
2. "Dövlət universitetləri hər il ödənişli təhsildən və dövlətdən aldığı vəsaitin tam məbləğini və onların xərclənmə istiqamətlərini detallı əks etdirən hesabatları ictimailəşdirməyə öhdəlik hiss etməlidirlər. Şəffaflıq məsələsində universitetlər bütün qurumlara örnək olmalarının əksinə, qapalılığın və hesabatsızlığın çox pis nümunələrini yaradırlar”.
3. "2021-ci ildə ölkənin təhsil sistemi 18 proqramın icrasına 453 milyon manat xərclənməsindən hansı nəticə və faydaları götürməli idi? Təhsildə xərclənən vəsaitlərin həcmi ilə bərabər, cəmiyyətin ondan qazandığı faydaları ölçən informasiyalar da xüsusi əhəmiyyət daşıyır. Bu məsələdə Hesablama Palatasının məsuliyyəti böyükdür. Bu tip proqramların səmərəliliyi və nəticəliliyi hər il qiymətləndirilməli və parlament müzakirəsinə çıxarılmalıdır. Bu proqramlar üzrə hansısa hədəf göstəriciləri müəyyən edilibmi? Həmin hədəfləri əks etdirən konkret göstəricilər hansılardır? Xərcləmələr həmin hədəflərə çatmaq üçün yetərli oldumu? Ümumiyyətlə, hazırda istifadə olunan və uzun illər dəyişməyən büdcə hesabatlılığı təcrübəsindən təcili qurtarmalıyıq. Məsələn, bizim büdcə hesabatımız təhsil kimi strateji sahəyə xərclənən vəsaitlərin həcmilə yanaşı həmin xərcləmələrin təhsilin hədəfləri üzrə necə xərcləndiyi və hansı nəticələrin əldə olunduğu formatda tərtib edilməlidir. Aydındır ki, bunun üçün büdcənin proqramlar üzrə tərtibatına keçid prosesi baş verməlidir. Amma bu məsələdə müəyyən addımlar atılsa da, proses son dərəcə ləng gedir və ciddi şəkildə vaxt itirdiyimizi düşünürəm”- deyə millət vəkilləri 1 il əvvəl ETN-ə suallar vermişdilər.
Növbəti il də bitdi, amma suallara cavab olmadı. Nə 2022-də. nə də 2023-də verilən suallar cavabsız qaldı. Heç gələn ildə də cavab olmayacaq. Çünki, "... pir mənimdir, kəramətinə bələdəm".

"Paralel.az"

0.018900156021118