“Napoleon Nadir Şahı yamsılamağa çalışırdı” – Tarixi ARAŞDIRMA

“Napoleon Nadir Şahı yamsılamağa çalışırdı” – Tarixi ARAŞDIRMA
 

“Napoleonun döyüş strategiyaları və sərkərdəlik qabliyyətini Nadir Şahdan götürməsi faktdır. İllərdir fransızlar və dünyanın bəzi tarixçilərinin Azərbaycan torpaqlarında böyük imperiya quran, əfşar türkü olan Nadir Şahın nəinki Napoleon, bir çox Avropa və Şərq sərkərdləri üçün örnək olmasını gizlətməyə çalışdıqlarını müşahidə edirik”. 

Paralel.az xəbər verir ki, bu fikirlər tarixçi-alim, dosent Zaur Əliyevin araşdırmasında qeyd olunub. 

Alim Napoleon Bonapartın Nadir Şahın savaş strategiyalarından bəhrələnməsindən söz açıb:

“İslam şərqini Nadir, Avropanı isə sonuncu dəfə Napoleon birləşdirdi. 

Hər ikisi böyük sərkərdə idilər və hakimiyyəti öz qılıncları, öz istedadları və qabiliyyətləri ilə fəth etmişdilər. Onlar digər monarxlar kimi hakimiyyət başında dünyaya gəlməmişdilər, sarayda yaşamamışdılar, saray adət-ənənəsinə bələd  deyildilər. Onlar hakimiyyətdə öz qayda-qanunlarını, idarəetmə üsullarını yaradıblar.

Çox az adam bilir ki, Napoleon hökmran olanda Nadir şahın bəzi xarizmatik hərəkətlərini təkrar etmişdi. Ciddi tədqiqatçılar Napoleonun hərəkətlərini diqqətlə izləsə və Nadir şahı araşdırsa görər ki, onun bəzi addımları eynilə Nadir Şahın təkrarıdır. Sadəcə bir misal:

Taxta çıxıb böyük imperator adı alan günü, Papa imperator tacını onun başına qoymaq istəyəndə o tələsik tacı onun əlindən alıb və öz başına qoymuşdu.

Yəni məni “heç kim yox, məhz özüm” imperator etmişəm mesajını verib. Lakin bu hərəkəti Nadirqulu xanın 8 mart 1736-cı ildə Cavadda (Suqovuşanda) özünü şah elan edəndə mollabaşı Mirzə Əbdül Həsənin əlindən tacı alıb öz başına qoymasından götürdüyünü bilən çox az adam olar. 

Bəs bunu Napoleon haradan bilirdi?

1807-ci ildə Qacar Dövlətinə səfər etmiş fransız şərqşünası Amadeus Jaubert Napoleonla görüşəndə Şərqin fatehi Nadir Şah barədə ona məlumatlar verir. Bu məlumatları oxuyan fransız fatehi onun haqqında daha çox məlumat toplamağa başlayır. 

Tarixçi Rudi Matthee yazır ki, 1808-ci ildə Qacarların Parisdəki səfiri Əsgər xan Əfşar “Tarix-e Cahanqoşa-ye Nadiri” kitabını da özü ilə gətirib. Kitabın bir nüsxəsi Parisdəki İmperator Kitabxanasına bağışlanılıb. Sonradan bu kitabın fransız dilinə tərcümə olunmasını tapşıran İmperator o kitabla yanaşı André de Claustrenin müəllifi olduğu “Histoire De Thamas Kouli-kan: Nouveau Roi De Perse” kitablarını daima yanında saxlayıb. Hətta Müqəddəs Yelena adasında sürgündə olan zaman onun masasının üstündə bu kitablar olub.

Nadir şahla Napoleon arasında bir oxşarlıq və paralellik də onların hər ikisinin artilleriyaçı olması idi. Döyüş zamanı iriçaplı və nisbətən xırda çaplı topların yerləşdirilməsi üsulu, atəşin traektoriyasının müəyyən edilməsi, topların cinahlarda necə yerləşdirilməsi məsələsi və s. hər iki sərkərdənin qələbələrinin əsasını təşkil edirdi. Toplardan yeni qaydada istifadə onların hər ikisinə böyük şöhrət qazandırmışdı. Hər ikisi öz ölkələrində artilleriyanın əsasını qoymuşdular.

Hər ikisi qorxmaz və mərd idilər. 

Onları döyüşün ən qızğın yerlərində görmək olardı. Öz sərkərdələrinin at üstündə döyüşdüyünü görən əsgərlər daha da cürətlənir və düşmən üzərinə yeriyirdilər. 

Bir faktı da qeyd edim ki, Napoleon Rusiyaya qarşı müharibəyə başlayanda 700 min əsgəri var idi, 230 minlik rus ordusu isə bu dalğanın qarşısında duruş gətirə bilməzdi. “Mémoires de Joseph Fouché, duc d'Otrante. Paris, 1824” kitabında belə bir qeyd var: 

“Rus çarı Aleksandr Napoleona qarşı çıxmaq üçün düşmənçilik etdiyi ölkələrdən də kömək istəmişdi. Onun kömək istədiyi yerlərdən biri də Azərbaycan xanlıqları idi. Xanlıqlardan gələn 20 mindən çox hərbçi Rus çarının ordusunda xidmət edirdi. 

Hətta Nadir şahın ölümündən sonra onun varisləri Avropaya köçmüşdülər. 

Napoleon da Nadir şahın ordu quruculuğundan yararlanmışdı. Nadir şah yürüşlər nəticəsində öz ordusunun effektivliyini daha da yüksəltmiş və ağır silahlarla siahlanmış süvari ordusuna qarşı döyüşə bilmək üçün texniki və hərb sənəti baxımından yüksək inkişaf etdirilmiş piyada ordusu qura bilmişdi. 

O, toplar və silahlarla dəstəklənən, tüfəng və top atəşlərinin əlaqələndirildiyi çox güclü ordu qurmuşdu. Napoleon da Misirə gələndə eyni sistemlə ordusunu hazırlamışdı. Nadir Şahın Herat şəhərinin ələ keçirilməsi üçün aparılan döyüş strategiyasının oxşarını Napoleon Misiri fəth edən zaman istifadə etmişdi. 

Onların faciəli sonluqlarındakı fərq Nadir şahın xaincəsinə öldürülməsi, Napoleonun isə öz sərkərdələri tərəfindən satqıncasına tərk edilməsi oldu. 

Nadir şah o dünyaya, Napoleon isə əlçatmaz bir adaya (əvvəlcə Elbaya, sonra isə müqəddəs Yelena adasına sürgünə) göndərildi. Amma Napoleon özünün 100 günlük ikinci hakimiyyəti zamanı bir də parladı və Vaterloda satqınlıq nəticəsində məğlub edildi. Nadir şah isə heç vaxt məğlub olmadı, onun məğlubiyyəti ölümü oldu”.

 

0.015733957290649