"Jurnalistin, media subyektinin yayılmış xəbərdən istifadəsi məsuliyyət yaratmır" - Professor Qulu Məhərrəmli

 

Professor Qulu Məhərrəmli "Təzadlar.az"-ın jurnalistinin sualını belə cavablandırıb ki, sosial platformalarda statusu olan fiziki və ya hüquqi şəxs tərəfindən aşkar formada yayımlanmış hər hansı bir məlumatı və ya mətni elektron, yaxud çap mediasında yaymağa görə jurnalistlərin, media subyektlərinin məsuliyyət daşıyıb- daşımamasına belə aydınlıq gətirdi:

- Jurnalistin sosial mediadan hər hansı bir məlumatı götürüb elektron və yaxud çap mediasında yayması təbii haldır. Çünki sosial platformalardakı məlumatlar gizli və ya qadağan olunmuş deyil, açıq məlumatlardır. Bu məlumatlar jurnalistlər üçün istənilən formada ilkin mənbə funksiyasını daşıyır. Əgər hər hansı məmur, vəzifəli şəxs və ya hüquqi şəxs - QHT, İctimai Birlik, təşkilat rəhbəri, eləcə də ictimai diqqətdə olan tanınmış şəxsin və s. ictimailəşdirdiyi bu məlumatlarda ictimai əhəmiyyət daşıyan məsələlər varsa, jurnalistin onu təhrif etmədən yaymasında heç bir hüquqi məsuliyyəti yoxdur, ola da bilməz. Düzdür, burda etik nüanslar da var ki, məsələn, mümkün qədər həmin məlumatları yayan şəxsə müraciət də etmək olar ki, sizin yaydığınız informasiya bizim üçün ciddi maraq kəsb edir və s.
Amma bütün hallarda bu məlumat artıq ictimailəşdirilibsə və təkzib edilməyibsə, sonradan onu yayan jurnalist niyə də məsuliyyət daşımalıdır! Axı ilkin mənbə məlumdur, aşkardır və gizli deyildir. Ona görə də belə hallarda jurnalistin üstünə getmək olmaz və əksinə, bu mövcud qanunvericilikdə də təsbit olunduğu kimi, jurnalistin peşə fəaliyyətinə, onun sərbəst şəkildə məlumat toplamaq və yaymaq kimi konstitusion hüquq və vəzifələrinə qarşı çıxmaqdır, bu da hüquqi məsuliyyət yaradır. Bir daha deyirəm, günümüzün mövcud reallığıdır ki, sosial media jurnalislərin ilkin informasiya mənbəyidir, statusu olan, tanınmış, ictimai diqqətdə olan şəxslərin sosial platformalarda yayımladığı məlumatlar və faktlar bunları yazılarında istifadə edən, yayımlayan jurnalistlərə heç bir hüquqi və digər məsuliyyət yaratmır. Həmçinin, həm də yaxşı olar ki, jurnalist zərurət bilərsə, əlaqəli şəxs və ya şəxslərlə əlaqə saxlayıb yayımlanmış məlumatları daha ətraflı öyrənə, məlumatlarını zənginləşdirə bilər. Belə olarsa, hazırlanan məqalə daha peşəkar formada olar. Bütün bunlarla yanaşı, bir daha deyirəm, sosial platformalarda statuslu şəxslər tərəfindən aşkar formada yayımlanmış, təkzib edilməmiş məlumatları elektron və ya çap mediasında yayımlamağa görə jurnalist məsuliyyət daşımır...

 

0.014498949050903