Qışın başlanğıcı, böyük çillə, yoxsa, “Şəbi Yelda?

Qışın başlanğıcı, böyük çillə, yoxsa, “Şəbi Yelda?
 

22 dekabr Planetimizin Azərbaycanın da daxil olduğu şimal yarımkürəsində qış fəslinin başlandığıcı hesab olunur. Məlum olduğu kimi qədim türklər qış fəslini 3 yerə bölürdülər: -"böyük çillə” adlanan 40 gün, “kiçik çillə” adlanan 20 gün və bundan sonra gələn 30 günlük zaman kəsiyi isə “boz ay” adlanırdı.
Təsadüfi deyil ki, dekabr ayının 21-dən 22-nə keçən gecə hətta bu gün də bəzi bölgələrdə "böyük çillə" mərasimi kimi qeyd edilir. Bununla da Novruz mərasimlərinə hazırlıq mərhələləri başlayır.
“Böyük çillə” təxminən fevral ayının ilk gününə kimi davam edir. Şərq aləmində, xüsilə də klassik Şərq poeziyasında ilin ən uzun gecəsi olan 22 dekabr həm də “Şəbi yelda” adlandırılıb. Klassik şeirimizdə şairlər sevgililərinin uzun və qara hörüklərini “şəbi yelda”ya bənzədiblər.
Maraqlı cəhət orasındadır ki, 22 dekabr gecəsi Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsi - 14 saat 51 dəqiqə, 38 saniyə davam edən gecəsidir. Həmin gecənin gündüzü isə cəmi 9 saat 9 dəqiqə olur. Astronomların məlumatlarına görə dekabrın 21-dən etibarən Günəş Azərbaycan ərazisinə 26.5 dərəcə bucaq altında düşür.
Bəzi ölkələrdə bu gecəni həm də “Günəşin yenidən doğulması” kimi qəbul edirlər. Şərq alimi Əbu Reyhan Biruni qışın başlanğıcı olan həmin gecəni “böyük bayram” adlandırıb. Xristian aləmində isə bu gecə “Məsihin doğulma günü” (РОЖДЕСТВО) – bayram kimi qeyd edilir. Qədim adət-ənənələrə görə bu gecəninin sonuna, hətta səhərə qədər birlikdə müxtəlif yeməklər, qəlyanaltılar, çərəzlər yeyirlərmiş.

P.S. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki. Azərbaycanda “Böyük çillə gecəsi” qədim türk mədəniyyətinə xas bir mərasim olsa da İranda “Şəbi yelda” bayramı kimi qeyd olunur. Maraqlıdır ki, İran “Şəbi yelda” bayramını hətta milli mıərasim kimi UNESKO səviyyəsində qəbul etdirmişdir.


Cəlal Yaquboğlu, "Paralel.az"

0.024248123168945