Pay torpağı olanlara ünvanlı sosial yardım hansı şərtlə verilir?

Pay torpağı olanlara ünvanlı sosial yardım hansı şərtlə verilir?
 

Pay torpağı olan əksər vətəndaşlar ünvanlı sosial yardım almaqla bağlı problemlə qarşılaşırlar. Xüsusilə, ünvanlı sosial yardım almaq üçün aidiyyəti quruma elekron müraciət etdikdə hansısa əngəl üzə çıxır. İlk növbədə pay torpağına sahib olan vətəndaş əmakına görə VÖEN almalı, vaxtaşırı isə dövlətə vergi borcunu ödəməlidir.

İş yeri olmayan və heç bir yerdən maddi gəliri gəlməyən vətəndaş üçün aylıq vergi borcunu ödəmək çətin olduğu halda, digər tərəfdən də ünvanlı sosial yardımdan yararlana bilmir. Səbəb isə ünvanlı sosia yardımı verən qurumun elə pay torpağına sahib olanların vergi borcu olmamasındadır.

Belə olan halda vətəndaşların haqlı narazılığı yaranır. Arqumentlərinə görə isə əgər pay torpağından əkin-biçin üçün istifadə edə bilirlərsə, yaxud vergi borcunu ödəməkdə çətinlikləri yoxdursa, ünvanlı sosial yardıma nə gərək var?

Əsl problem də elə buradan başlayır…

Nə vaxtsa ona miras qalmış pay torpaqlarından səmərəli istifadə etməsi mümkün olmayan (suvarılması üçün su problem olduğu üçün) vətəndaşa ünvanlı sosial yardımla bağlı niyə əngəl yaradılır?

Bütün məqamlarda sosial yaşayışı çətin olan və iş yeri olmayan vətəndaşların real vəziyyəti yoxlanılmadan çoxlarına ünvanlı sosial yardım üçün imtina verilir.

Belə olan halda vətəndaş ünvanlı sosial yardım üçün hansı formada müraciət etməlidir? Sosial çətinliyini hansı şəkildə sübuta yetirməlidir?

DSMF-nin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında məsələnin izahını belə verib:

“Adına torpaq pay mülkiyyəti olan şəxs məşğul şəxs hesab edilir. Bu kateqoriyiadan olan məşğul şəxslər sosial sığorta haqlarının ödənilməsi üçün öz torpaq mülkiyyətini bu məqsədlə uçota almalıdırlar. Həmin torpaq pay mülkiyyəti yerli vergi orqanı vasitəsilə uçota alınan zaman həmin torpağın mülkiyyətçisinə VÖEN və sığortaedənin uçot nömrəsi, yəni “SUN nömrə” verilir:. Bu zaman torpağa mülkiyyəti təsdiq edən sənəddə adları payçı kimi göstərilən şəxslərə isə sosial sığorta nömrəsi, yəni SSN verilir.Torpaq pay mülkiyyətçisi tərəfindən sosial sığorta haqqları ödənilən zaman, həmin vəsaitlər qeyd edilən SUN və SSN üzərindən şəxslərin fərdi hesabında əks olunur.

Torpaq pay mülkiyyətçiləri torpağa dair daşınmaz əmlakın dövlət reystrindən çıxarış və ya dövlət aktı əsasında ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edə bilərlər. Bu zaman torpaq payından əldə olunmuş gəlirlər də ailənin ümumi gəlirlərinə daxil edilməklə ünvanlı dövlət sosial yardımı hüququna baxılır”.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsirli də Rəşad Mehdilinin fikirlərini təkrarlayıb. O, qeyd edib ki, ünvanlı sosial yardım işləyən vətəndaşlara verilir:

“Torpağı olan, ancaq işləməyən şəxs isə öz məşğulluğunu sübut etmək üçün pay torpağı mülkiyyətçisi kimi sənədlərini müvafiq qurumlara təqdim etməlidir. Bu halda həmin torpağın dövlət aktı və ya çıxarışı, sənədləri onun adına olmalıdır. Bir sözlə pay torpağı almış hər bir şəxs məşğul əhali kateqoriyasına aid sayılır. Vətəndaşdan tələb olunan VÖEN isə əslində sosial sığorta ödənişinin eyniləşdirmə kodudur. Bu sənəd varsa, həmin vətəndaş artıq məşğul əhali siyahısına daxil olur.

Fəaliyyət növlərindən biri ilə məşğul olan şəxs aldığı məvacibin məbləğinə görə dövlətə sığorta ödənişi edir. Bir hisssənin işlədiyi qurumun rəhbəri, digər hissəsini isə işçi ödəyir. Bu qayda torpaqla məşğul olan əhaliyə də aiddir. Amma onların sosial sığorta haqqını dövlət ödəyir. Buna görə də onların eyniləşdirmə kodu olmalıdır.

Bir sözlə, işləməyən şəxslərdə olduğu kimi, DSMF-na sosial sığorta haqqı ödəməyənlərə də ünvanlı sosial yardım verilmir. Bu baxımdan da, pay torpağı olan şəxslər 80 manatlıq dövlət rüsumunu ödəməklə, qeydiyyatdan keçməlidir ki, bu yardımı ala bilsin”.

 

0.011168003082275