Hamıya məlum olan naməlum sözlər
Məktəblə bağlı sözlərin içərisində elə birisi var ki, onu bilməyən və işlətməyən adam çətin tapılar. Bu, parta sözüdür. Necə yaranıb bu söz? Bir sıra dil tədqiqatçılarının müddəalarına görə, parta sözü fransız dilində "xüsusi", "ayrıca" mənası ifadə edən "a part" sözündən götürülüb. Əvvəllər məktəblərdə uşaqlar çoxyerli uzun skamyalarda otururmuşlar. Sonralar daha əlverişli olduğuna görə təkyerli və ikiyerli skamyalardan istifadə edilməyə başlandı. Necə deyərlər, uzun skamyalar bölünüb artıq hər sagird və ya hər iki şagird üçün ayrıca, xüsusi oturacaq ayrıldığına görə adı da dəyişib oldu parta.
Apartament və departament sözlərinin tərkibindəki "a part" sözü də onların parta sözü ilə eyniköklu olduğundan xəbər verir: “apartament” sözünün ilkin mənası ayrıca otaq, ayrıca mənzil, “departament” isə ayrılmış hər hansı bir ərazi, şöbə mənasını ifadə edir.
Əsrlər boyu cəmiyyətə əziyyət verən bir siyasətin adını ifadə edən “separatizm” sözü də, irqi ayrı-seçkiliyin ən kəskin formasını adlandıran “aparteid” sözü də parta sözü ilə eyni kökdəndir.
"Vergül" sözünü tələffüz edərkən adama elə gəlir ki, bu öz dilimizə məxsus kəlmədir və ya şərq mənsəli sözdür. Əslində isə "vergül" fransız mənşəli "virgule" sözündən yaranıb: fransızca "virgule" sözü "aşağısı qatlanan" mənasını ifadə edir.
Yeri gəlmişkən qeyd edək ki, "apostrof" sözü qədim yunan dilində "geriyə istiqamətlənmış" və ya "yuxarısı qatlanmış" mənasını ifadə edən "ἀπόστροφος" sözündən yaranıbdır.
Həm vergül, həm də apostrof işarəsinə diqqətlə baxanda onların həqiqətən də izahlara uyğun formada olduqlarını aşkar etmək mümkündür.
Birisi bizdən xəbər alsa ki "pencək" hansı dilə aid sözdür, əvvəlcə ağlımıza gələr ki, yəqin, milli mənşəli sözdür və rus dilinə də bizim dilimizdən keçərək "пиджак" formasına düşüb. Əslində bu söz ingilis dilində gödəkcə mənası verən "pea-jacket" sözünün təhrifə uğramış formasıdır. İngilis dilinə isə holland dilindəki "pijjekker" sözündən adlayıbdır. Pijjekker hollandca "kobud parçadan gödəkcə" mənasını ifadə edir.
İngilis dilini bilənlər, əlbəttə ki, "to sweat" feilini dərhal tərcümə edib deyərlər ki, “to sweat” “tərləmək” deməkdir. Lakin xüsusilə boyun nahiyəsini sıxıb qıcıqlandırdığına gorə bəzi adamların bəyənmədiyi geyim növü sviterin "to sweat" felindən yarandığı isə, yəqin ki, çoxumuz bilmirdik. Bu ad paltarın elə bil boyuna biçilib: məcburən sviter geyinmiş adam istidən olmasa da, tıncıxdığından mütləq tərləyəcəkdir.
Yazını sirk sözü haqqında kiçik bir qeydlə tamamlayaq: sirk sözünün mənşəyi latın dilindəki circus (sirkus) sözüdür - circus dairə deməkdir. Rus dilində işlənən циркул (pərgar) sözü də bu sözlə eyni kökdəndir. Əlavə izahata ehtiyac olmadan da anlaşılır ki,“sirk” sözü tamaşa göstərilən arenanın dairəvi forması ilə əlaqədar yaranmışdır.
İmarət Cəlilqızı, "Paralel.az"