Müəllimlərin hörmətdən salınması, bu gün təhsil siyasətinin əsas missiyasıdır

Müəllimlərin hörmətdən salınması, bu gün təhsil siyasətinin əsas missiyasıdır
 

Müəllimlərin hörmətdən salınması, bu gün təhsil siyasətinin əsas missiyasıdır...

Bu gün Azərbaycan müəllimlərinin 17-ci qurultayı keçirildi. ETN E. Əmrullayev qurultaydakı çıxışında, öz ənənəsinə sadiq olaraq, ömrünün 30-40 ilini təhsilə həsr etmiş təcrübəli, ağ saç müəllimlərlə əlaqəli, növbəti neqativ fikirlərini səsləndirib:

" ... yaşlılar 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər. Düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər onların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da əslində bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir".

Əvvəla 30-40 il əvvəl təhsil indikindən dəfələrlə yaxşı idi. Bunu nazir həmkarınız Sahil Babayev də Təhsil Forumunda etiraf etdi.
O vaxt təhsilin yaxşı olmasının çox səbəbləri var idi, amma əsas səbəb bu idi ki, onda təhsili idarə edənlər peşəkarlar idi və müəllimlərə də çox hörmətlə yanaşırdılar.

Bəs başqa ölkələrin yaşlı müəllimləri nə keçir şagirdlərinə görəsən ? Onların nazirləri görəsən bu barədə nə düşünür və bunu necə izhar edir?

Bəs bu 30-40 il ərzində TN müəllimlərə təkmilləşdirmə və ixtisasartırma kursları keçməyib yəni?
TN müəllimlərin fasiləsiz təhsilini niyə təmin etməyib?
Müəllimlər fasiləsiz kurslar keçməyibsə, çox pis, bu müəllimin yox, TN-nin səhvidir. Deməli TN öz vəzifəsini pis icra edib.
30-40 il əvvəlki dərsliklər indikindən dəfələrlə keyfiyyətli olub. O dərsliklərlə təlim keçən məktəblilər universitetlərə 80- 90% ball toplayaraq qəbul olunurdular. İndiki dərsliklərlə oxuyan məktəblilər isə çox zəif olur, cəmi 20-30 % ball yığırlar. Son 3 ildə isə ballar lap aşağı düşüb. PİSA beynəlxalq şagird qiymətləndirməsindəki son biabrçılıqdan nəticə çıxarmaq, öz yarıtmaz fəaliyyətlərində dönüş yaratmaq əvəzinə, ənənə üzrə bütün günahları müəllimlərin, özü də ən təcrübəli müəllimlərin üstünə atmaq məncə nazirə yaraşmaz.
Son illərin məktəb problemləri o həddə gəlib ki, məzunların təhsilinə hətta yüz minlərlə dollar pul ödəyib xaricdə oxumağa göndərəndə də, çox vaxt onlardan keyfiyyətli kadr alınmır.

Dos. İlham Əhmədov 

0.013943195343018