Vüqar Səfərlinin əmlakı ilə bağlı məhkəmə qərar çıxardı - Oğurluq mülklər və pullar müsadirə olundu...

Vüqar Səfərlinin əmlakı ilə bağlı məhkəmə qərar çıxardı - Oğurluq mülklər və pullar müsadirə olundu...
 

Ali Məhkəmədə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin ailə üzvləri və onunla birgə tutulan birgə məhkum edilmiş “Portos”MMC-nin direktoru Nadir Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.

Paralel.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənim qərarına əsasən, şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub. Digər təqsirləndirilən - Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

Həmçinin hökmə əsasən, V. Səfərlinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V. Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V. Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, “Portos” MMC maraqlı şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub. Lakin həmin şikayətin mümkünlüyü yoxlanılmayıb. Buna görə də iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb və müvafiq qərar çıxarılıb.

Xatırladaq ki, “Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib. MMC "Jurnalistlər binası"nın tikintisində podratçı şirkət olub.

Paralel.az

Redaksiyada: Bu yazını Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qoy, yaxşı-yaxşı oxusun, çünki Vüqar Səfərlinin barmaqlıqlar arasında yatan hazırkı acı taleyi onu da gözləyir!

Prezident Aparatında əyləşib Əhməd İsmayılova Əli Həsənovun Vüqar Səfərliyə verdiyi qanunsuz göstərişlər verən yüksək vəzifəli şəxslərin, sözsüz ki, məlum bir gündə cənab Prezidentə etdiyi xəyanətlərin, yalanların üstü mütləq açılacaq. O zaman mətbuata və jurnalistlərə dövlətin ayırdığı pul vəsaitini Əhməd İsmayılova sağa-sola dağıtdıran həmin adamların qovhaqovu başlayacaq, gəl, ətəyindən daşı tök, onlara heç arxayın olma! Çünki dağıdılan, kimlərəsə, peşkəş edilən dövlət və xalq malına Əhməd İsmayılov imza atır!

Cənab Prezident düz 11 ildən sonra Əli Həsənov - Vüqar Səfərli cütlüyünün Ona və dövlətə xəyanətindən xəbər tutdu və dərhal ciddi tədbir gördü, Əli Həsənovu vəzifədən qovdu, vəzifələrə düzdüyü qohum-əqrabasını uzaqlaşdırdı (təkcə qudası Səttar Möhbalıyevdən başqa), özünü "gülləbatmaz" şəxs kimi göstərən, Əli Həsənovun "sağəli" Vüqar Səfərli isə 10 il 6 ay müddətə həbs olundu!

Cənab Prezidentin Dövlət büdcəsindən jurnalistlər üçün ayırdığı milyonları mənimsəyib, üstündən su içən Vüqar Səfərli isə cinayət əməlinə görə, məhbəsə atıldı və oğurladığı əmlak, mülk, pul isə dövlətin xeyrinə müsadirə olundu...

Əhməd İsmayılov, nə qədər gec deyil, ayıl, sənin imzaladığın sənədlər vaxt çatanda üzünə duracaq, o zaman çox gec olacaq, ayıl!!!

P. S. Media Agentliyinin ofisinin aylıq kirayə haqqını araşdırmaq icraçı direktor barədə lazımi ölçü götürmək üçün yetərlidir...

0.012079954147339