Güzəştlə verilən qrantların təhsilə faydası olmaz
ETN QHT-lər üçün Qrant müsabiqəsinin nəticələri dərc edilib. Nəticələrlə tanışlıq göstərir ki, "davam edir dosta güzəşt, daha rahat, daha sərbəst."
Amma sözdə deyirlər ki: "təhsildə güzəşt vətənə xəyanətdir".
Belə görünür ki, zəif layihələrin maliyyələşməsi yenə də davam edir. Sözlə əməlin ziddiyyət təşkil etdiyi təhsil idarəçiliyi bu sektorun inkişafına nə verə bilər?
Bu dəfəki qalib layihələrdən biri belə adlanlır: "Distant tәhsil: mahiyyәti vә әhәmiyyәti".
Bu adla olan layihə 25-30 il əvvəl aktual ola bilərdi, amma bu gün bu adla qrant vermək ən azı gülməlidir. İndi bütün dünya təhsildə süni intellektin tətbiqindən danışır, biz isə 30 il geriyə dönürük? Deməli, işin xeyrinə nə edəcəyimizi, necə edəcəyimizi hələ də bilmirik.
Ölkədə distant təhsil sahəsinin ilk tədqiqatçısı olaraq, 25 ildir davamlı olaraq, distant tәhsil, mahiyyәti, әhәmiyyәti, təşkili yolları, səmərəsi və perspektivləri haqqında 100-dən çox məqalə yazmış, efirlərdə çıxışlar etmişik. Məqsədimiz təhsil məmurlarını bu mövzuda maarifləndirmək, savadlandırmaq, inandırmaq, beləliklə də bu təhsil texnologiyasının ölkədə tətbiqinə nail olmaq idi. Amma bu günə qədər də distant təhsilin (hətta pandemiya dövründə belə) tətbiqinə maneələr və ciddi müqavimətlər var. İndi 30 il gecikmə ilə belə trivial və bəsit mövzuya qrant verilməsi heç anlaşılan deyil. Onlar bu mövzuda nə yazsalar da təkrar olacaq, plagiat olacaq, həm də belə araşdırmaya daha ehtiyac da yoxdur. Bəlkə ETN bu layihınin innovasiya olduğuna guman edir?
Bu innovasiya yox, israfçılıq, dosta kömək (dosta güzəşt), ya da səriştəsizlikdir.
Təhsilə faydası olmayan digər layihə- "Ümumtәhsil mәktәblәrindә skaut klublarının yaradılması" kimi adlanır. Bizim təhsilin problemi skaut klubunun yoxluğudurmu? "Məktəblinin dostu"nun bir tayı da bu olacaq?
Digər layihə "Təlimçilərin təlimi proqramı" adlanır. Hansı təlimçilərin, hansı mövzuda təlimi? Belə də qeyri müəyyən adla, konkret olmayan ümumi xarakterli layihə olar? Bu qrantı udanlar keçən ilki 200 minlik layihələrindən təhsilə nə fayda, ictimaiyyətə nə hesabat verdilər ki, bu il də ən böyük məbləğ yenə onlara verilir (hər il olduğu kimi)?
"Necə edək ki, qlobal reytinqlərdə mövqeyimiz yaxşılaşsın?" deyənlər ali təhsilin rəqabətqabiliyyətliyinin yüksəldilməsinə dair konkret layihəyə niyə qrant vermirlər? Onda belə sualı niyə verirsiniz?
"Mənə məişət mövzusundan yox, problemlərdən danışın" deyənlər, niyə təhsil problemlərin həllinə yönəli layihələrə qrant vermirlər? Yoxsa, problemlərin həllində və təhsilin inkişafında maraqlı deyillər?
Dos. İlham Əhmədov
"Paralel.az"