“Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin məhsuludur” - Depütat Məhəməliýev
Bu gün 12 dekabr – Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümüdür. Bununla bağlı açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib, onun işıqlı xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını vurğulayıb:
“Ümummilli lider Heydər Əliyev 20 ildir aramızda olmasada, onu hər gün xatırlayır, hər an yada salırıq.
Hər gün onun qurub yaratdığı, canından artıq sevdiyi müstəqil Azərbacanın gücləndiyinin, hərtərəfli inkişafının, arzularının çin olduğunun, beynəlxalq çəkisinin artdığının şahidi oluruq.
Hər il, dekabr ayının 12-də dahi şəxsiyyət, 80 illik ömrünün əksər hissəsini Azərbaycan dövlətinin qurulmasına həsr etmiş, tarixin ən çətin anlarında xalqının yanında olmaqla, əsil liderlik keyfiyyətləri ilə seçilən, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qeyd edilir. İstər Sovetlər İttifaqında, istərsə də müstəqillik illərində Ümummilli Liderin bütün amalı Azərbaycan Respublikasının inkişafına, Azərbaycan xalqının dünyada tanınmasına yönəlmişdir.
Heydər Əliyevin fəaliyyətini, xidmətlərini sadalamaq üçün aylarla vaxt lazımdır. Ancaq, hesab edirəm ki, xalqın taleyində əbədi olaraq həkk olunmuş bəzi faktları xatırlamaq yerinə düşər.
-1969- cu ildə 1-ci katib vəzifəsinə seçilən Heydər Əliyev, 14 il ərzində SSRİ-də ən geridə qalmış aqrar Respublikanı, inkişaf etmiş sənaye ölkəsinə çevirməyi bacardı. O dövrün mürəkkəb şərtlərinə rəğmən Heydər Əliyevin gördüyü bir çox işlər, Sovetlər İttifaqı dağıldıqdan sonra yaranmış, müstəqil Azərbaycan dövlətinin qurulmasında bazis rolunu oynadı.
-1987-ci ildə siyasi büro üzvlüyündən və Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifələrindən istefa verməsi, erməni separatizminin əl qolunu açdı. 20 yanvar faciəsi baş verdi və pensiyaçı Heydər Əliyev, oğlu İlham Əliyevlə birlikdə Moskvanın mərkəzində Qorbaçov başda olmaqla, İttifaq rəhbərliyini ittiham etdi. Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasını yardı. Bütün risklərə baxmayaraq, xalqının yanında olduğunu nümayiş etdirdi.
-1991- ci il, Naxçıvanın Ermənistan tərəfindən işğalının qarşısını aldı. İlk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağının, dünya azərbaycanlılarının həmrəylik gününün qəbul edilməsi ilə bağlı qərarlar qəbul etdi. SSRİ-nin saxlanması ilə əlaqədar anti-milli referenduma Naxçıvan dəstək vermədi və Sovet qoşunları Muxtar Respublikadan çıxarıldı.
-1993-cü ilin iyun ayı. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıyadır və dövlətçiliyini itirmək üzrədir. AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində ölkəni etnik separatizm dalğası bürüyüb. Cənubda Talış-Muğan respublikası, şimalda sadvalçılar, Qarabağda ermənilər ölkəni parçalayır. Bakıda isə, müxtəlif xarici dövlətlərə xidmət edən siyasi qüvvələr kreslo davası aparırlar. Xalqın səsinə səs verən Heydər Əliyevdən başqa heç kim belə bir ağır yükü götürə və xalqı böhrandan çıxara bilməzdi. Bütün bunların öhdəsindən gələn Heydər Əliyev,Azərbaycanın XİLASKARI olaraq tarixə düşdü.
-1994-cü ilin may ayı. Ermənistanla atəşkəs rejimi barədə müqavilə imzalandı. Ordumuzun, maliyyə imkanlarımızın olmadığı, dövlətimizin zəif vaxtında son dərəcə əhəmiyyətli qərarın qəbul edilməsi, on minlərlə gənclərimizin həyatını xilas etdi. Sonrakı proseslər, Heydər Əliyevin nə qədər uzaqgörən bir Lider olduğunu göstərdi.
-Əsrin kontraktı imzalandı. Cəmiyyətin bütün sahələrini əhatə edən, hüquqi, siyasi, sosial, iqtisadi, aqrar və s. genişmiqyaslı islahatlar aparıldı. Keçmiş Sovet respublikaları arasında ilk olaraq, torpaq, əmlak kəndlilərə təmannasız paylandı.
-1995-ci il. İlk dəfə müstəqil Konstitusiyamız qəbul edildi.
-1999-cu il. İlk dəfə yerli özünü idarəetmə orqanları, bələdiyyə seçkiləri keçirildi.
-Azərbaycan bir çox beynəlxalq Təşkilatlara üzv oldu.
-Azərbaycan dövlətçilik ideologiyasını təşkil edən, ölkədə yaşayan və nə vaxtsa yaşamış, milli, etnik, dini, irqi, siyasi mənsubiyyətindən və harada yaşamasından asılı olmayaraq, hər kəsi birləşdirən AZƏRBAYCANÇILIQ məfkurəsinin müəllifi oldu.
-2003-cü il. Prezident seçkiləri ərəfəsində, namizədliyini, özü qədər inandığı oğlu İlham Əliyevin xeyrinə geri götürməklə, dövlətin və xalqın gələcək taleyini, 200 ildən bəri işğala məruz qalan torpaqlarımızın geri qaytarılmasını təmin etdi. “Biz Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Füzulisiz, Qubadlısız, Cəbrayılsız, Zəngilansız, Ağdamsız yaşaya bilmərik” dedi. Ata vəsiyyətini artıqlaması ilə yerinə yetirən Müzəffər Ali Baş Komandan isə, əlavə olaraq Xankəndinə, Xocalıya, Əsgərana, Ağdərəyə, Hadruta üçrəngli bayrağımızı sancdı.
- Bu günki Azərbaycan Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin məhsuludur. Öz xalqının tarixinə XİLASKAR kimi düşmək hər Liderə nəsib olmur. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev yaşayır. Azərbaycan xalqı isə, həmişə olacaq, xilaskarını dərin minnətdarlıq hissi ilə yad edəcəkdir.
Allah rəhmət eləsin!”
Seymur ƏLİYEV