Elm investisiya tələb edir - dos.
İlham Əhmədov 

Elm investisiya tələb edir - dos.İlham Əhmədov 
 

"Elmdə ... prosesləri yox, nailiyyətləri maliyyələşdirmək lazımdır."
(ETN E. Əmrullayev).

Məncə normal maliyyələşməyən elmi proseslər nəticə verə bilməz. Nəticə versəydi bu 30 ildə hiss edilərdi. RF-da son 33 ildə elmə 20 dəfə, təhsilə 8 dəfə az maliyyə ayrılıb, nəticəsi də bəllidir. Bizdə də vəziyyət yaxşı deyil.
Aİ ölkələri isə elm və təhsilə ayırdığı vəsaiti ilbəil artırırlar. Bunun da nəticəsi bəllidir.
Bəli, elmin inkişafının təməl şərtlərindən biri onun normal maliyyələşməsidir. ABŞ-ın keçmiş Prezidenti Barak Obama 2009-cu ildə Amerika Milli Elmlər Akademiyasının illik toplantısında çıxışında qeyd etmişdi ki, Amerikanın ən gözəl illəri elmə yüksək kapital qoyuluşu ilə yadda qalmışdır. Bu gün bu vəzifələri əsas hədəfimiz kimi nəzərdə tuturam. Biz ümumi daxili məhsulun 3 faizini elmi tədqiqatlara ayıracağıq; kapitalı fundamental və tətbiqi araşdırmalara yönəldəcəyik; xüsusi innovasiyaların işlənib hazırlanması üçün yeni həvəsləndirici mühit yaradacağıq; energetika və tibb sahələrində yeni nailiyyətlərin əldə olunmasını təşviq edəcəyik; riyaziyyat və təbiət elmləri sahəsində təhsilin keyfiyyətini yüksəldəcəyik. Bu, Amerikanın bütün tarixində elmi-texniki tərəqqi yolunda ən böyük töhfə olacaqdır”.
Hal-hazırda ABŞ-da elmə ayrılan vəsait 500 milyard dolları keçir (bir alimin fəaliyyətinə 330 min dollar ayrılır) və bu vəsaitin böyük hissəsi Amerika Milli Elmlər Akademiyası tərəfindən alimlərə qrant şəklində verilir. ABŞ-ın xüsusi Elmi Doktrinası var və bu doktrinaya uyğun olaraq elm dövlətə xidmət edir.
Bizdə ETN verdiyi cüzi qrantı da elmə aidiyyəti olmayan problemlərə və elmdən uzaq adamlara verir. Yəni, olan az vəsaitlər də hədər yerə israf ediir.
Beynəlxalq təcrübəyə əsasən elm və texnologiyanın inkişaf səviyyəsi onun maliyyələşmə səviyyəsindən birbaşa asılıdır.
Dünya ölkələri elmi tədqiqatlara qoyulan sərmayəni ildən-ilə artıraraq inkişaf üçün yeni perspektivlər axtarırlar. Son illər ABŞ, Avropa, Yaponiya və Çin kimi ölkələrlə yanaşı Cənub-Şərqi Asiya ölkələri də elmi tədqiqatlara daha çox vəsait ayırırlar. Dünyada elmin inkişafına 2 trilyon dollara yaxın pul ayrılır, bunun 23%-i ABŞ-ın, 21%-i Çinin, 13%-i isə Yaponiyanın payına düşür. Dünyanın əsas elm mərkəzləri haqlı olaraq Şimali Amerika, Avropa və Şərqi Asiya ölkələri hesab olunur. Dünya təcrübəsinə əsasən hər bir ölkədə elmi tədqiqatlara ayrılan illik xərclər orta hesabla ÜDM-in 2-4 % təşkil etməlidir. Elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin ÜDM-də xüsusi çəkisinin az olması elmi heyətin, elmi kadr potensialının azalmasına səbəb olur ki, bu da yüksək elmi nəticələrin alınmasına mənfi təsir edir.
Hamının bildiyi və qəbul etdiyi həqiqətləri təkzib etməklə, inkişaf edə bilmərik. Müasir elm və təhsil kapital tutumludur, davamlı investisiyalara ehtiyac var.
Bəzən məmurlar deyirlər ki, elmdə maliyyələşmə əsas deyil, bu gün elmə ayrılan vəsaiti 5-10 dəfə artırsaq, nə dəyişəcək ki? Təbii ki, bu halda 1-2 ilə ciddi dəyişiklik hiss edilməz. Çünki, elm 30 il ərzində ehtiyacdan 10-15 dəfə az maliyyələşib. Amma elm normal maliyyələşsə, nəticə tədricən (5-10 il ərzində) hiss ediləcəkdir. Bunun alternativi yoxdur. Başqa yol, elmin tam məhv edilməsi demək olacaqdır.
AMEA-da oduğu kimi ETN-də də elm normal maliyyələşməyəcəksə, onda bu birləşmənin nə nəticəsi ola bilər? Belə islahatın nəticəsi bəri başdan məlumdur.
Ölkədə elm olmasa, innovasiyalar da ola bilməz. Məhz bu səbəblərdən biz startap ekosisteminin səviyyəsinə görə 100 ölkə arasında 84 cü yerdə, yaradılan innovasiyalara görə isə 132 ölkə arasında 89-cu yerdəyik.
İndi ETN hansı yolu seçəcək: Tərəqqi, yoxsa tənəzzül?

"Paralel.az"

0.042757987976074