Qloballaşma mədəni inteqrasiyanı
stimullaşdıran amillərdən biridir

Qloballaşma mədəni inteqrasiyanıstimullaşdıran amillərdən biridir
 

Mədəni ayrı-seçkilik bir çox ölkələrdə əsrlər boyu mövcud olub və milyonlarla insanın faciəsinə çevrilib

 Müasir dövrdə sosial-mədəni, hərbi-siyasi, ictimai-iqtisadi böhranların yaşanması, əslində, mövcud normalar sisteminin, beynəlxalq qanunların işləməməsinin bariz nümunəsidir.

Normalar sisteminin tələb etdiyi tarixi proses, hazırda özünün elə bir mərhələsini yaşayır ki, ümumən qlobal dəyişikliklər fonunda, həmin prosesin özünə əvvəllər mövcud olmayan gözlə baxılmasını tələb edir. Bu baxımdan, yeni sivilizasiyaya keçidin labüdlüyünü dərk edərək cəmiyyətin terapiyası, yeni baxış bucağı, məhz mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəlifliyə tolerant münasibətdə öz əksini tapır. Beləliklə, müasir dövrdə ağlabatan, sağlam cəmiyyətin qurulmasına gedən yolun konturları sağlam cəmiyyətin qurulmasından keçir. Belə bir cəmiyyət qurulmadıqda isə milli və etnik münaqişələr qaçılmaz olur. Milli və etnik münaqişələrin tarixi isə, çox  qədimlərə gedib çıxır. Bu da məlumdur ki, millətlər və dinlərarası ayrı-seçkilik bir çox ölkələrdə əsrlər boyu mövcud olub və milyonlarla insanın faciəsinə çevrilib. Bunun təsdiqi üçün tarixə müharibələr əsri kimi daxil olan XX əsrdə baş verən hadisələri yada salmaq kifayətdir. XXI əsrdə isə bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə yaradılan Şərqdən Qərbə köç axını, dünya nizamı üçün böyük təhlükə mənbəyinə çevrilib. Bütün bunlar da, son nəticədə  multikulturalizm ideyalarının bütün dünyada qorunmasını və inkişaf etirilməsini aktuallaşdırıb. Multikulturalizm isə hər hansı bir mədəni mühitdə etnik və mədəni fərqliliyin qəbul edilməsi, bu fərqliliyin toxunulmazlığı, mədəni ünsürlərin özünəməxsusluq hüququnun varlığı, azad şəkildə təbliğ olunması, hər bir fərdin və ya qrupun mədəni inkişafının qanunla müdafiə olunması, bir sözlə, mədəni müxtəlifliyin qorunub saxlanılması deməkdir. O, bir çoxlarının israrla təbliğ etdiyi vahid, universal mədəniyyətin formalaşması deyil, fərqliliyin bərabərhüquqlu mövcudluğuna şərait yaradan mədəniyyətlərin paralel inkişaf formasıdır.

Multikulturalizm eyni zamanda, bu gün daha tez-tez müşahidə edilən mədəni münaqişələrin fonunda cəmiyyətdə sabit inkişaf mühitini təmin edən dialoq və mədəni zənginlik nümunəsidir. Bu baxımdan, bir çoxları hesab edir ki, multikulturalizm ideyalarının reallaşması, guya, daha çox mədəni cəhətdən yüksək inkişaf etmiş cəmiyyətlərdə mümkün ola bilər. Multikulturalizmin tənqidçiləri isə hesab edirlər ki, son nəticədə, çoxəsirlik mədəni dəyərlərin əsasları sarsılacaq, çünki belə təmayüllər həmişə hər şeyin orta vəziyyətə düşməsinə səbəb olur. Onların fikrinə görə, əgər miqrantların aşağı mədəni səviyyəsi yüksəlirsə, multikulturalizm ölkəsinin yüksək mədəni səviyyəsi mütəmadi olaraq aşağı düşür. Ona görə də bəzi avropa ölkələrinin A. Merkel, D.Kemeron, N.Sarkozi kimi sağ təmayüllü liderləri 2010-cu ildə bəyan etdilər ki, multikulturalizm siyasəti bu ölkələrdə iflasa uğrayıb.

Bu gün ölkəmizdə mövcud olan vəziyyət, Azərbaycan hökumətinin və xalqının multikulturalizmə və tolerantlığı münasibəti eləcə də, bir çox sivil dövlətlərin söz sahiblərinin ölkəmizdəki mühiti yüksək qiymətləndirməsi, onu deməyə əsas verir ki, A. Merkel, D.Kemeron və N.Sarkozi kimi siyasi liderlər yanlış fikirdədirlər. Azərbaycan multikulturalizmi bütün sivil cəmiyyətlər üçün də bir örnək rolunu oynaya bilər və bu gün Azərbaycan dövlətinin də çalışdığı bu nümunəni bütün dünyaya təbliğ etməkdir. Çünki qloballaşan dünyamızda  qarşıdurmaların səngiməsinin və sabitliyin yolu multikulturalizmdən və mədəni müxtəlifliklərin qarşılıqlı anlaşmalarından keçir.

Bu da onu deməyə əsas verir ki, qloballaşmanın mədəni tərəfi bir-birindən fərqli, hətta biri digəri ilə ziddiyyət təşkil edən iki fərqli nəticəyə gedib söykənir. Birinci nəticə "mikromilliyətçilik" şəklində ortaya çıxıb. Son nümunəsini Yuqoslaviya hadisələrində gördüyümüz, "mikromilliyətçilik" milli dövlətin sərhədlərini aşan və onu daha kiçik parçalar halında qəbul edən bir sistemə sahibdir. Qloballaşmanın mədəni tərəfinin ikinci nəticəsi, xüsusilə istehlakçı davranışına təsir edərək, dünyada təkmədəniyyətliliyə şərait yaradır. Bununla bərabər hər bir xalqa şərait yaradır ki, öz mədəniyyətini təbliğ etsin. Məsələn, bu gün Türk ustası Avropada yaşayan həvəskarlara saz çalmağı öyrədir və ya Yaponiyadan gələn qrup yerli rəqsləri olduğu kimi öyrənib ifa edir.

Qloballaşmanın güclənməsi dünya miqyasında qlobal cinayətlərin, qlobal mənəvi aşınmaların getməsi üçün də münbit şərait yaradır. Narkomaniya, beynəlxalq miqyasda mütəşəkkil cinayətkarlığın həyata keçirilməsi, böyük mafiyaların, beynəlxalq terrorun hərəkətə gəlməsi buna misal ola bilər. Bütün bunların hamısı qloballaşmanın birmənalı hadisə olmadığını göstərir. Mədəniyyətin qloballaşması geniş mənada dünya iqtisadiyyatının və informasiya texnologiyalarının inkişafının nəticəsi olaraq xalqların dünya dövlətləri sisteminə inteqrasiyasını, onların arasında mədəni əlaqələrin inkişafını və qarşılıqlı mədəni təsirini nəzərdə tutur. Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edir. Müasir dünyamızda xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, onların ünsiyyəti və bir-birini dərk etməsi, həmin xalqların yaxınlaşmasını şərtləndirir. Lakin belə yaxınlaşma heç də təsirsiz ötüşmür. Bu, azsaylı xalqların özünəməxsusluğunun böyük xalqların mədəniyyətinin təsiri altında unudulmasına, mədəni eyniliyin yer almasına şərait yaradır.

Bu da o deməkdir ki, qloballaşmanın da neqativ və pozitiv tərəfləri var. Qloballaşmanın neqativ tərəfi mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsi təhlükəsidir. Qloballaşmanın pozitiv tərəfi isə xalqların dünya sisteminə inteqrasiya olunması prosesinin sürətləndirilməsi, başqa xalqlarla mədəni əlaqələrin genişləndirilməsi və insanların miqrasiyası ilə bağlıdır.

 Qloballaşma yeni dünya nizamını və dünyanın yeni mənzərəsini formalaşdırdığından onun mədəni dəyərləri də, bu mənzərənin tələblərinə cavab verməyə hazır olmalıdır. Belə qloballaşmanın başlıca problemlərindən biri etnomədəniyyətlə "qloballaşma mədəniyyəti" arasında qarşılıqlı əlaqələrin qurulması sərhədləri, onların bir-birinə təsirinin hüdudları ilə bağlı konkret meyarların və doktrinaların olmamasıdır.

Beləliklə, qloballaşmaqda olan dünyada baş verən dəyişikliklər onun mədəni dəyərlərindən yan keçə bilməz. Yeni mədəni dəyərlər, yeni məna ifadə etdiyindən və dünyanın yeniləşməkdə olan mənzərəsinə təsir etdiyindən bu dəyərlərin daşıyıcısı olan insan yeni nöqteyi-nəzərdən öyrənilməli və onun davranışının ümumi çərçivəsi müəyyən edilməlidir. Lakin, artıq dünyada gedən proseslərdən də göründüyü kimi, bəzi xalqlar öz mənəvi silahlarını asanlıqla yerə qoymurlar və bu prosesin də sakit keçəcəyinə ümid bəsləmək sadəlövhlük olardı.

Buna görə də, müasir dövrdə yaranmış vəziyyət etnik-milli dözümlülüyün, habelə tolerantlıq və multikulturalizm kimi dəyərlərin bəşəriyyət üçün önəmini daha da artırır. Xüsusən də multikulturalizm bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amillərdən biri kimi çıxış edir. Multikulturalizm elmi ədəbiyyatlarda həm də "çoxmədəniyyətlilik", yəni bir çox fərqli mədəniyyətləri özündə ehtiva edən cəmiyyət kimi təsnif edilir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmoniyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq qeyri-mümkündür. Multikulturalizmdən imtina etmək, əslində, anlaşılmazlığa, ksenofobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə rəvac verən bir yoldur. Bu yoldan çəkinməyin ən mümkün variantı Azərbaycan multikulturalizminin bir kolnsepsiya kimi qəbul olunmasıdır.

O da qeyd edək ki, mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflik anlayışlarının sosial-mədəni və ictimai-siyasi mahiyyəti rəsmi və yekun olaraq Avropa Şurasının Xarici İşlər Nazirlərinin 118-ci Sessiyasında qəbul edilərək "Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab"da müəyyən olunub. "Ağ kitab"da "mədəniyyətlərarası dialoq qarşılıqlı anlaşma və ehtiram əsasında müxtəlif etnik, mədəni, dini, linqvistik mənşə və irsə malik fərdlər və qruplar arasında mövcud olan açıq və səmimi fikir mübadiləsini əhatə edən proses kimi başa düşülür. O, başqalarının fikirlərini dinləmək istəyi və bacarığını tələb etdiyi kimi, özünü ifadə etmə sərbəstliyi və qabiliyyətini də tələb edir. Mədəniyyətlərarası dialoq müxtəlif mədəniyyətli cəmiyyətlərin siyasi, sosial, mədəni və iqtisadi inteqrasiyasına və birləşməsinə imkan yaradır.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.79649591445923