Məmurların vətəndaşlarla görüşmə formatını dəyişməyə ehtiyac var

Məmurların vətəndaşlarla görüşmə formatını dəyişməyə ehtiyac var
 

İstənilən təkrarçılıq xalqı çox tez yorur

Cənab Prezident yüksək vəzifəli məmurların və icra başçılarının vətəndaşlarla görüş keçirməsini görüş xatirinə təyin etməyib. Bu görüşlər dövlətin mobil idarə olunması forması kimi, çox ciddi əhəmiyyətlidir.

Prezident Administrasiyası tərəfindən nəzarət edilən bu görüşlər yerlərdə yaranan xeyli problemlərin vaxtında və operativ həll olunmasına kömək edir, vətəndaşların problemlərini yerindəcə həll etməyə imkan yaradır.

Vətəndaşlarla yerlərdə görüşən icra başçıları hər şeydən əvvəl, rayonun yaşayış məntəqələrilə yaxından tanış olurlar, yaşayış məntəqələrindəki insanlarla daha sıx təmasda olur və əlaqə yaranır.

Nazirlər, Komitə sədrləri rayonlara səfər edir, rayonlarda gedən quruculuq işlərilə yaxından tanış olurlar. Bir sözlə, bu görüşlərin keçirilməsi presudarlarına tam riayət olunmasa da belə, bu tədbirin faydası çoxdur. Təəssüflə qeyd edim ki, vətəndaşlarla mütəmadi keçirilən bu görüşlərdə bəzən yerlərdə xalqın üst-üstə yığılıb qalmış problemləri həllini tapmır, xalq qəzəblənir, narazılıq artır, nəticədə yaranan çətin durum ortadan qaldırılmır və ölkə Prezidentindən gizlədilir.

"Paralel qəzeti" Media Holdinq olaraq, yerlərdə keçirilən görüşlərin işıqlandırılmasını daim diqqətdə saxlayırıq. Bəzi hallarda icra başçılarının vətəndaşlarla görüşdən yayınması halları ilə üzləşirik.
Son zamanlar bu cür hallarla daha çox qarşılaşırıq. Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi rayonlarında, Beyləqan, Ağcabədi, Sabirabad rayonlarında yaşayan vətəndaşlardan şikayət məktubları almışıq.

Qarabağ qaziləri şikayət məktubunda qeyd edirlər ki, Yasamal RİH başçısı Elşad Həsənov vətəndaşlarla keçirdiyi görüşlərdə insanlara verdiyi vədləri yerinə yetirmir, hər dəfə yalan danışır. Şikayətçilər bildirirlər ki, keçirilən görüşlər əsasən, məktəb binalarındakı iclas zallarında keçirilir, görüşlərdə iştirak edənlər arasında sadə əhali nümayəndələri iştirak etmirlər. Görüşdə əsasən, Yasamal RİH-in aparat işçiləri, məktəb direktorları, müəllimlər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edir. Bu cür keçirilən tədbirləri Yasamal RİH "vətəndaşlarla görüşü" adlandırır...

RİH başçısı Elşad Həsənovun icra başçısı kimi, rayonda heç bir fəaliyyəti yoxdur, yalnız rayon ərazisində bütün boş əraziləri rüşvətlə sənədsiz satır. Rayonda başçının özünə məxsus çoxsaylı ticarət obyektləri olduğu haqda bizə yazırlar, qazilər aparat işçilərinin başçının hərəkətlərini təkrar etmələrindən şikayətlənir.

Yazılanlara inansaq, hərbi xidmət borcunu verməyən icra başçısı müharibə veteranlarını, qaziləri və şəhid ailələrini görmək belə, istəmir. Cənab Prezidentin rayona ayırdığı sosial iş yerlərini Elşad Həsənov rayonda olan MİS-lər, Yaşıllaşdırma idarəsi, 4 ərazi nümayəndəliyi və digər xidmət idarə, təşkilatları arasında bölüb, rayonun işsiz əhalisini işlə təmin etmək əvəzinə, ayrılmış sosial iş yerlərini öz yaxın adamlarının adlarına keçirib, məvaciblərini isə idarə rəhbərləri  mənimsəyirlər...

Bir sözlə, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovu rayon əhalisi rəhbər kimi yox, rayondakı yaşıllıqları məhv edən, ağacları kəsib əraziləri satan, qanunsuz ev, obyekt tikənlərdən rüşvət alan şəxs kimi tanıyırlar...

Azərbaycanın digər rayonlarında da vəziyyət ürəkaçan deyil. Yasamal rayonunda gedən mənfi proseslərdən aşağı-yuxarı az fərqlə proseslər davam edir. Aydın hiss olunur ki, cənab Prezidentin vaxtının azlığından, daim daha ciddi işlərlə, xüsusən işğaldan azad olunmuş ərazilərin dirçəldilməsilə məşğul olmasından sui-istifadə edən bəzi məmurlar insanların problemlərilə məşğul olmurlar.

Azərbaycanda kriminal hadisələrin artan templə davam etməsi də bəzi məmurların işinə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Bu da bilavasitə hakimiyyətin ayrı-ayrı orqanlarında yaranan zəifliklə, ləngliklə bağlıdır. Məsələn, Qəbələ rayonunun Vandan kəndində baş vermiş polis-vətəndaş qarşıdurması barədə bütün xarici mənbələr öz kurslarına uyğun iki gündür ölkəmizin əleyhinə xəbərlər yayırlar, ölkənin hüquq-mühafizə orqanları isə hələ də susur.

Düşünürəm ki, Qəbələnin Vəndam yaşayış məntəqəsində baş vermiş insident barədə rəsmi informasiyanın gecikməsi xarici düşmənlərimizin (onlar Azərbaycana qarşı indi daha məkrlidirlər) əlinə əlavə kozr vermək deməkdir...

Sonda Qəbələ hadisəsinin kökündə vaxtı ilə İsmayıllıda, Qubada və digər bu tipli baş vermiş hadisələrdə olduğu kimi, sözsüz, düşmən barmağı var və rayonlarda buraxılan boşluqlar belə xoşagəlməz halların baş verməsinə səbəb olur...

Dəniz

 
 
0.011766910552979