"Sədərək"də yoxlama təlimi: ciddi nöqsanlar ortaya çıxdı - VİDEO

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə  “Sədərək” ticarət mərkəzində təlim keçirib.

Ölkə.Az xəbər verir ki, təlimin məqsədi yanğın texnikalarının “şərti yanğın” həyəcan siqnalı ilə obyektlərə, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi, eyni zamanda müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarının, orada işləyən şəxslərin maarifləndirilməsi olub.

Təlim zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin və ticarət mərkəzinin aidiyyəti yanğın avtomobilləri “şərti” yanğın yerinə yaxınlaşa bilməyiblər. Buna səbəb isə ticarət sıralarının keçid yollarında qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması, obyektlərin giriş hissələrində satış üçün nəzərdə tutulmuş malların yerləşdirilməsi olub.

Həmçinin, təlim zamanı ticarət mərkəzində qəza-işıqlandırma sisteminin olmadığı, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, daxili yanğın su kranlarının önünün ticarət malları ilə tutulduğu, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, ərazidə saxlanılan avtomobillər arasında yanğına qarşı ara məsafələrinin gözlənilmədiyi müəyyən edilib. Eyni zamanda, məlum olub ki, mərkəzdə qeyri-standart elektrik və qaz avadanlıqlarının satışı aparılır, ticarət cərgələrinin giriş sahələri odadavamlılığı məlum olmayan materialla (alkopon üzlüklə) üzlənib, anbarlarda normadan artıq mallar yığılıb, ərazidə fəaliyyət göstərən kafelərdə propan qaz balonlarından istifadə olunur, tələb olunan sahələrdə ildırımötürücü qurğular quraşdırılmayıb, iaşə və müxtəlif təyinatlı obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə məlumatlar ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların və yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin diqqətinə çatdırılıb.

Ölkə.Az

 

0.018594980239868