Qızılcaya yoluxma təşvişindən qorunmağın YOLLARI - AÇIQLAMA

Qızılcaya yoluxma təşvişindən qorunmağın YOLLARI - AÇIQLAMA
 

Son dövrlər ölkədə qızılca xəstəliyi ilə bağlı yoluxma halları yayılmaqda davam edir. Aidiyyəti qurumlar və tibb mütəxəssisləri isə profilaktik tədbir kimi peyvəndlənmənin zərurətləri ilə bağlı əhaliyə çağırış ünvanlayırlar. Bu xəstəlikdən ölüm faktlarının qeydə alınması isə insanlarda psixoloji təsiri qaçılmaz edir. Bu məqamda xüsusən valideynlər təşvişə düşərək öz narahatlıqlarını ifadə edirlər.

Psixoloq Vüsalə Əmiraslanova İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qızılca xəstəliyi ilə bağlı insanlarda narahatlığın artması müşahidə olunur.

Onun sözlərinə görə, valideynlər, əsasən də analar indiki vəziyyətdən çox narahatdırlar. Psixoloq söyləyib ki, mövcud narahatlığın aradan qaldırılması üçün valideynlərin uşaqlarına peyvənd vurdurması və həkimlə məsləhətləşmə daha doğru çıxış yoludur:

"Bütün hallarda pandemiya dövründəki vəziyyətin təkrarlanacağı real görünmür. Ona görə də valideynlərin həyəcanlanmasına və qorxmasına ehtiyac yoxdur. Yaxşı olar ki, analar psixoloji sağlamlıqlarına diqqət etsinlər. Çünki ananın gərgin olması birbaşa uşağa da təsir edir. Əgər ana çox narahatdırsa, psixoloji dəstək ala bilər".

Qızılca xəstəliyi fonunda yaranan gərgin vəziyyətin daha çox həssas insanlara təsir etdiyini bildirən psixoloq İlahə Dadaşova isə İqtisadiyyat.az-a açıqlamasında vurğulayıb ki, kütləvi şəkildə yayılan istənilən xəstəlik insanlarda ölüm qorxusunu artırır.

Onun sözlərinə görə, hər insanın şüur altında ölüm qorxusu olsa da, xəstəliklər bu qorxunu kritik həddə çatdırır: "Xüsusən də təşviş pozuntusu və müəyyən fobiyaları olan insanlar daha çox narahatlıq keçirirlər. Bu qrupa valideynlər daxildir. Qızılca xəstəliyi daha çox uşaqlar arasında yayılıb. Yaxşı olar ki, valideynlər həkimlərin tövsiyələrinə əməl etsinlər. Əgər həkim peyvəndi məsləhət görürsə, valideynlər bu çağırışa əməl etməlidirlər".

Psixoloji gərginlikdən çıxış yollarına toxunan İlahə Dadaşovanın sözlərinə görə, bu insanlar pandemiya dövründə olduğu kimi, indiki məqamda da xəstəliklə bağlı xəbərlərdən uzaq olmalı və həkim məsləhətlərinə əməl etməlidirlər: "Həmin insanlar propaqanda xarakterli yazılardan və sosial şəbəkələrdə qorxu yaradan paylaşımları oxumamalıdırlar. Əks halda vəziyyət düzələndən sonra bu insanlar nevroloji və psixoloji müalicə almaq məcburiyyətində qalacaqlar". 

ADPU-nun Ümumi psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova isə açıqlamasında deyib ki, əvvəlki dövrdə koronavirus pandemiyası kifayət qədər təcrübə yaradıb: "Bu təcrübəyə əsaslanaraq dövlət lazımi tədbirlər həyata keçirdi. Hətta ölkəmiz xəstəliklə mübarizədə ən çox inkişaf etmiş dövlətlərdən belə geri qalmadı. Fikrimcə, indiki məqamda da müvafiq qurumlar, Səhiyyə Nazirliyi lazımi tədbirləri həyata keçirir. Bu baxımdan psixoloji sarsıntı yaşamağa ehtiyac yoxdur". 

 

0.011258840560913