SƏBR: Linqvistik - terminoloji mənası, fəlsəfi məğzi, dini-əxlaqi mahiyyəti və üstün fəzilətləri
“Sizi qorxu, aclıq, bir az mal, can və məhsul qıtlığı ilə, əlbəttə, imtahan edərik. Səbr edənləri müjdələ!” (Quran, əl-Bəqərə 2/155)
“Tam təvazökarlıq və mülayimliklə, səbirlə davranıb bir-birinizə məhəbbətlə təhəmmül edin!” (İncil, Efeslilərə 4:2)
“Rəbbi səbr edərək gözlədim, mənə tərəf dönərək fəryadımı eşitdi” (Tövrat, Məzmur 40/1)
Ərəb dilində “mane olmaq, qarşısını almaq, güclü olmaq, müqavimət göstərmək” mənalarına malik “sabr” sözü bir əxlaq termini olaraq “sıxıntı, müsibət və bəlalara sinə gərmək, vəziyyəti yaxşılaşdırmaq üçün mətanətli olmaq” mənalarını verir. Bu sözün antoniminin ərəbcə “cəza” (təlaş, kədər, şikayət, giley) olduğu bildirilir. Səbr ağıl və zəkanın, cəza isə acizliyin ifadəsi sayılır. Ona görə də, ağıllı bir adam haramdan çəkinmək üçün edilən səbrin Allahın əzabına səbr etməkdən daha asan olduğunu bilir. Səbr “nəfsi təlaşdan, dili şikayətdən, bədən üzvlərini çirkin davranışlardan qoruma, nemət və möhnət halları arasında heç bir fərq qoymadan hər iki halda sakitliyini saxlama, Allahdan başqasına şikayət etməmə” şəklində də tərif edilir.
Qəzali səbri “din duyğusunun nəfsani arzu və ehtirasların təzyiqinə qarşı müqavimət göstərməsi” şəklində tərif edir.
Qurani-Kərimdə beş yerdə “sabr” sözü vardır. Ayrıca yüzə yaxın ayədə eyni kökdən müxtəlif isim və feil qəlibləri mövcuddur. Ayələrdə səbrin əhəmiyyətindən bəhs edilir, səbrli davrananlara mükafatlar vəd olunur. Quranın yanaşmasına görə, Allah insanları qorxu, aclıq, yoxsulluq, xəstəlik, yaxınlarının ölümü və s. kimi müsibətlərlə imtahan edir. Bu müsibətləri səbrlə qarşılayıb Allaha təslimiyyət göstərənlər qurtuluşa çatmaqla müjdələnirlər (əl-Bəqərə, 2/155-157; Ali-İmran 3/142; Muhamməd 47/31). Səbr etmək bu fəzilətə sahib olanlar üçün çox xeyirli bir davranışdır (ən-Nəhl 16/126). Səbr dini təbliğ edən zaman əzm və səbat göstərən peyğəmbərin xüsusiyyəti sayılır (əl-Əhqaf 46/35). Bir nəfərin ona pislik edən adamı ədalətli şəkildə cəzalandırması haqdır, ancaq səbr etməsi daha xeyirlidir. Səbr etmək lazımdır, bu isə yalnız Allahın ehsanı sayəsində olur (ən-Nəhl 16/126-127).
Pisliyə pisliklə cavab verməyənlərə düşmənlərin hiylə və tələləri əsla zərər verməz (Ali-İmran 3/120). Hətta müharibə şəraitində təmkinli olub nizamlı davrananlara Allah, mələkləri vasitəsilə kömək edəcəyini vəd eddir (Ali-İmran 3/125). Yaxşılıq yolunu tutub pislikləri yaxşılıqla qarşılamağa çalışanlar, bu yolla ədavəti dostluğa çevirənlər, bunu yalnız səbrli davranışları və fəzilət sahibi olmaları ilə bacara bilərlər (Fussilət 41/34-35). Buna görə də, müsəlmanlar Allahdan səbr diləməli, özləri səbrli davrandıqları kimi, bir-birlərinə də səbri tövsiyə etməlidirlər.
Qurani-Kərimdə Allahın səbr edənlərlə birlikdə olduğu (əl-Bəqərə 2/153, 249; əl-Ənfal 8/46, 66), səbr edənləri sevdiyi (Ali-İmran 3/146), səbr və təqva ilə davrananların əməklərinin heçə getməyəcəyi (Hud 11/115), onlara qat-qat mükafat veriləcəyi (ən-Nəhl 16/96), sırf Allah rizası üçün səbr edənləri mələklərin təbrik edəcəyi (ər-Rəd 13/20-24) və s. ifadə edilir.
Səbr mövzusu hədislərdə də ətraflı şərh olunub. Hz.Peyğəmbər ondan davamlı kömək istəyənlərə kömək etdikdən sonra onlara ismətli və səbrli olmalarını nəsihət etmiş, belə olan halda Allahın onları ehtiyacdan qurtaracağını bildirmişdir. Allah Rəsulu “Heç kəsə səbrdən daha xeyirli və geniş nemət verilmədi”– deyə buyurmuşdu.
Sıxıntısız bir həyat gözəldir, ancaq sıxıntı zamanlarında səbrli və dayanıqlı olmaq insanı uğura qovuşdurur.
Uşağının ölümünün acısı ilə ağlayan bir qadına Hz.Peyğəmbərin “Allahdan qorx, səbrli ol!” sözünə müqabil “Mənim dərdimdən sən nə anlarsan?!” şəklində reaksiya verən qadın bir az sonra ona nəsihət edənin Rəsulullah olduğunu bildikdə ondan üzr istəmişdir. Hz.Peyğəmbər: “Səbr ilk sarsıntı zamanı göstərilən mətanətdir” – deyə buyurmuşdur.
Bəlaya səbr etmənin, yoxsa nemətə şükür etmənin daha fəzilətli davranış olması haqqında müxtəlif fikirlər vardır. Ümumən nəzər yetirdikdə, alimlər şükrün səbrdən daha fəzilətli olduğunu qəbul etsələr də, mütəsəvviflərin (sufilər) əksəriyyəti səbri üstün tuturlar. Təsəvvüfün istinad etdiyi səkkiz təməldən birinin səbr olduğunu söyləyən Cüneyd Bağdadi hər təməl üçün bir peyğəmbəri örnək göstərərkən səbr barəsində Hz.Əyyubu örnək göstərir. Səbr ilahi təqdirə etiraz etməməkdir.
Vacib məqamlardan birini qeyd edək ki, ilahi təqdirə qarşı şikayət etməmək şərtilə başa gələn sıxıntı və üzüntüləri ifadə etmək səbrə zidd deyildir. Məsələn, Əyyub peyğəmbər dərdini bildirməklə yetinmiş (Sad 38/41-44), ancaq şikayət etməmişdir.
Səbrin həqiqəti insanın bəlaya necə giribsə, eləcə də bəladan çıxması ilə səciyyələnir. Əyyub peyğəmbər məhz sıxıntıya düşdükdə “Başıma bir bəla gəlib, amma Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” (əl-Ənbiya 2/183) – demiş, “Mənə mərhəmət et” deməmişdir. Bu minvalla o, Allaha yalvararkən belə, ədəbini qorumuşdur.
Bəzi alimlər səbrlə şükrü eyniləşdirirlər. Bu haqda bəhs edən Qəzali “Şükür, yoxsa səbr daha fəzilətlidir?” sualını “Çörək, yoxsa su daha dəyərlidir?” sualına bənzədərək suya ehtiyacı olan kəs üçün suyun, çörəyə ehtiyacı olan üçün isə çörəyin daha dəyərli olduğunu ifadə edir. Bu suala müqabil Cüneyd Bağdadi: “Zənginin öyülməsi varlılıqdan, fəqirin öyülməsi yoxsulluqdan deyildir. Hər ikisində də tərifəlayiq olan şey zənginliyin və yoxsulluğun haqqını verə bilmələridir” – demişdir.
“Səbr imanın yarısıdır” hədisindən çıxış edərək imanın bu iki fəzilətdən –səbr və şükürdən ibarət olduğu bildirilir.
Bununla belə, mala və cana gələn zərərin qarşısında müqavimətsiz dayanmaq doğru hərəkət deyildir. Buna görə də, səbrin dini hökmü, yəni fəzilət sayılıb-sayımaması dözülən sıxıntının mahiyyətinə görə dəyişir. Məsələn, haramdan uzaq durma və vəzifələrin icrasında təhəmmül göstərmə şəklindəki səbr fərz (vacib), məkruh (xoşagəlməz) əməl və davranışlardan uzaq durma şəklindəki səbr məndub (tövsiyə edilən), can, mal və namusun təcavüzə uğraması qarşısında səbr etmək haramdır və s.
İbn Miskəveyh sıxıntılar qarşısında səbrli olmağı bir igidlik kimi qəbul edir.
İbn Hazm başqalarının səbəb olduğu sıxıntılara əhəmiyyət verməyərək insanın öz qüsurlarını düzəltməklə məşğul olmasının vacibliyini söyləyir. O, üç fərqli səbrdən söz açır. Birincisi, güclü olanlardan, ikincisi, zəif kimsələrdən, üçüncüsü isə bərabər gücdə olanlardan gələ biləcək sıxıntılara qarşı göstərilən səbrdir. Bunlardan birincisinə səbr etmək fəzilət yox, zavallılıqdır. İkincisinə səbr etmək yaxşılıq və fəzilətdir. Üçüncüsünə gəlincə, əgər pislik edən kəs bunu bilmədən etmişsə, ona səbr etmək bir kamillik nümunəsidir, əgər qəsdən etmişsə, buna qatlanmaq bayağılıqdır.
Üzücü hadisələr qarşısında təlaşa düşüb anormal davranmaq həm dinin, həm də əxlaqın qəbul etmədiyi bir hərəkətdir. Çünki səbr özünütənzimləmə, faydasız əndişədən qurtulma və sıxıntının öhdəsindən gəlmə imkanı verir.
Rağib əl-İsfahani səbrin biri cismani, digəri ruhani olmaqla iki növündən bəhs edir. Cismani səbr bədənin məruz qaldığı zəhmətli işlərə və əziyyətlərə qatlanmaqdır ki, bu, tam olaraq fəzilət sayılmaz. Əsl fəzilət ruhi səbr olub iki şəkildə təzahür edir. İffət adlanan birincisi, insana zövq verən şeylərdən faydalanan zaman ifratçılıqdan uzaq durmaqla göstərilən səbrdir. İkincisi, istənilməyən hadisələrin başa gəlməsi, yaxud xoşa gələn nemətlərdən məhrum edilməsi zamanında səbrli davranmaqdır.
Qaynaqlarda səbrlə digər fəzilətlər arasındakı əlaqələrə də toxunulmuşdur. Məsələn, Allahın adlarından birinin “sabur” olduğu və səbrlə helim (təmkinli olma) arasında məna yaxınlığının olduğu bildirilir. Amma “helim”də səbrdən daha üstün bir təmkinlilik və dözümlülük mənası var. “Helim” istilahının dözümlülük, əfv, səbr və ağıldan ibarət dörd fəziləti ehtiva etdiyi bildirilir. Səbrlə əlaqəli digər bir istilah “riza”dır. Qəzaliyə görə, məşəqqətlərə təhəmmülün fərqli dərəcələri vardır. Dözüb-qatlanmanın çətin olduğu başlanğıc dərəcəyə səbr, nəfsani arzuların tam olaraq təzyiq altına alındığı ən yüksək dərəcəyə riza deyilir... (ardı var)
Professor İdris Abbasov
"Paralel.az"