Kamala Harris Əbdülfəttah əl-Sisi ilə görüşüb

Kamala Harris Əbdülfəttah əl-Sisi ilə görüşüb
 

ABŞ-nin vitse-prezidenti Kamala Harris BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-28) 28-ci Tərəflər Konfransı çərçivəsində Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşüb, tərəflər Qəzza zolağının postmünaqişə gələcəyini müzakirə ediblər.

Bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda deyilib.

“Vitse-prezident Qəzzanın münaqişədən sonrakı gələcəyini, o cümlədən yenidənqurma, təhlükəsizlik və idarəetmə səylərini planlaşdırmaq üçün ABŞ-nin ideyalarını çatdırıb”, – məlumatda nəql edilib.

Harris, mətbuat xidmətinin qeyd etdiyi kimi, bu səylərin yalnız “dirçəldilmiş Fələstin Administrasiyasının rəhbərliyi altında, habelə beynəlxalq ictimaiyyət və region ölkələrinin dəstəyi ilə Fələstin xalqının öz dövlətini yaratmaq üçün aydın kursu olduğu təqdirdə uğurla sonuclanacağını” vurğulayıb.

ABŞ-nin vitse-prezidenti bir daha Vaşinqtonun mövqeyini səsləndirib ki, Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağına nəzarət etməməlidir, çünki bu, “İsrailin, Fələstin xalqının və bütün regionun təhlükəsizliyini təhdid edir”. O söyləyib ki, Birləşmiş Ştatlar fələstinlilərin Qəzza zolağından və İordan çayının qərb sahilindən kənarda məskunlaşmasına, həmçinin anklavın mühasirəyə alınmasına və sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcək.

Harris həmçinin Qəzzadan Amerika vətəndaşlarının təxliyəsini asanlaşdırdığına və humanitar fasilə ilə HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılaşmaların əldə edilməsi səylərinə görə əl-Sisiyə təşəkkür edib.

 

0.012906074523926