ABŞ-ın yeni səfiri bu həftə Azərbaycana gələcək

ABŞ-ın yeni səfiri bu həftə Azərbaycana gələcək
 

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi, nəhayət, bu həftənin sonunda Bakıya gələcək.

Paralel.az xəbər verir ki, bu barədə Turan-a diplomatik mənbələrdən məlum olub.

Səfər ikitərəfli münasibətlərdəki son gərginliklə üst-üstə düşür.

Karyeralı diplomat Libbinin namizədliyi onun təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayında Li Litzenberqer bu postdan getdikdən sonra Vaşinqtonun Azərbaycanda səfiri yoxdur.

Libbinin Bakıya gəlişi dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevlə telefon danışığından bir neçə gün sonra baş tutacaq.

Dövlət Departamentinin bildirdiyi kimi, söhbət zamanı “Azərbaycanla möhkəm münasibətlərimiz müzakirə edilib və münasibətlərdə narahatlıq doğuran son məqamlar qeyd olunub. Tərəflər, xüsusilə sülh prosesi ətrafında əməkdaşlığı möhkəmləndirmək imkanlarından və yüksək səviyyədə qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıblar”.

Öz karyerası ərzində Libbi Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiya rəhbərinin müavini vəzifəsində çalışıb. ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi məsləhətçi olub.

Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində böhranların idarə edilməsi üzrə direktor müavini, Mərkəzi Avropa İşləri İdarəsinin direktor müavini,  Cənubi Avropa İşləri İdarəsinin direktoru və Dövlət Departamenti Katibliyinin direktoru vəzifələrində çalışıb.

Polyak və fransız dillərini bilir.

0.014074087142944