Qurban Qurbanov: "Sabah"la matç "Molde" ilə oyundan əvvəl faydalı olacaq"

Qurban Qurbanov:
 

"Bu matçda etdiyimiz səhvlər, inanıram ki, "Molde" ilə oyunöncəsi bizə çox fayda verəcək".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIV turunun oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis "Sabah" və Norveç klubunun fərqli sistemlə çıxış edən kollektivlər olduğunu bildirib: "Molde" evdə oynayacaq, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Amma ümumilikdə mənim üçün vacib olan futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bugünkü görüşün faydası çox oldu. Futbolçular da gördü ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu".

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

İkinci yer uğrunda həlledici qarşılaşmadan öncə “Qarabağ” qrupda 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.

0.025983095169067