Çakralar haqqında 

Çakralar haqqında 
 

Çakralar bədəndə yerləşən energetik kanallar vasitəsilə enerji axınını təmin edən enerji mərkəzləridir. Hər çakra bədəndə yerləşdiyi nayihəyə uyğun olaraq orqanizmdə müvafiq orqanların fəaliyyətini idarə edir. Çakralar və ya başqa sözlə enerji mərkəzləri bədənimizdə yalnız fiziki, bioloji deyil, həm də psixoloji və emosional vəziyyətimizin idarə olunmasında başlıca rol oynayırlar.

İnsan bədənində 114 çakra/enerji mərkəzi mövcuddur ki, onlardan onurğa sütunu boyunca yerləşmiş olan 7-si ən əsas çakralar hesab olunurlar. Bunlar aşağıdakılardır:

Kök Çakra (Muladhara)

Birinci çakradır. Onurğa sütununun qurtaracağı nahiyədə, iki ayaq arasında yerləşir və bizim özümüzü təhlükəsiz və sabit hiss etməyimizi təmin edir.

Bu enerji mərkəzi balanslı olduqda biz özümüzü bütün çətinliklərin öhdəsindən gələ biləcək biri kimi hiss edirik və maddiyyat, təhlükəsizlik, yaşam haqqında düşündüyümüz vaxt özümüzü kifayət qədər sakit və səbirli emosiyada oluruq.

Bu çakranın az aktiv olması insanda konsentrasiya pozuntusu, xəyalpərəstlik, çox aktiv olması isə əsəb, narahatlıq, nevroz kimi xoşagəlməz psixi halların yaranmasına yol açır. Keçirmiş olduğunuz güclü qorxu, gərginlik, narahatlıq kimi hisslər bu çakranın disbalanslaşmasına səbəb olacaqdır.

Bu çakranın disbalanslaşması orqanizmdə həzm sisteminin pozulmasına, aşağı bel nahiyəsində, ombada, ayaqlarda, dizdə yaranan ağrılara, çəki artıqlığından və ya əskikliyindən əziyyət çəkməyinizə, qadınlarda yumurtalıq kistalarının, kişilərdə isə prostat vəzi problemlərinin yaranmasına səbəb olur.

Sakral Çakra (Svadhisthana)

İkinci çakradır. Qarında göbək nahiyəsindən azca aşağıda yerləşir və insanın məmnuniyyət, seksual təminat və kreativliyini idarə edir.
Balanslı sakral çakra insanın özünü yaxşı, məmnun hiss etməsi, mehriban xarakterə malik olması və həyatdan həzz almasına səbəb olur.

Az aktiv sakral çakra insanda depressiya, həvəssizlik, çox aktiv olması isə həyati həzzlərə aşırı düşkünlük və insanda müxtəlif növ asılılıqların yaranmasına səbəb olur. Çox aktiv sakral çakranın yarada biləcəyi fəsadlara cinsi asılılıq, narkotik və ya içki asılılığı, aşırı yemək, piylənmə və s. aiddir.

Disbalans sakral çakra insan orqanizmində xroniki bel ağrıları, artrit, genital və ya cinsi problemlər, anemiya, dalaq və böyrəkdə problemlərin yaranmasına səbəb olur.

Solar-Pleksus Çakra (Manipura)

Üçüncü çakradır. Bu çakra mədədə yerləşir və insanın özünəgüvənini/özünəinamını idarə edir. Xəyallarınızı reallaşdırmaq, uğurlu karyera, maddi rifah və bolluq-bərəkət əldə edə bilməyiniz və digər sizi ilhamlandıran arzularınızı reallaşdırmağınız məhz bu enerji mərkəzinizin balanslaşmış olmasından asılıdır. 
Balanslı manipura insanın özünə olan güvəninin, daxili gücünün, iradəsinin, əzminin güclü olmasına zəmin yaradır.

Bu çakranın az aktiv olması özünüzü qərarsız, özgüvənsiz və qorxaq hiss etməyinizə səbəb olacaqdır. Əksinə, çox aktiv olması isə insanda digərləri üzərində hökmranlıq və kontrol etmək istəyini yaradır. Çox aktiv solar-pleksus insanda acgözlük, tamahkarlıq, mərhəmətsizlik, hər şeyi ən xırda detalına kimi kontrol altında saxlama istəyi və s. kimi neqativ xüsusiyyətlərə yol açır.

Bu enerji mərkəzinin disbalans olması orqanizmdə həzm, mədəaltı vəzi, mədə və qaraciyərdə yaranan problemlərlə özünü göstərir.

Ürək Çakrası (Anahata)

Dördüncü çakradır. Ürək nahiyəsində yerləşir və bizim sevgiylə bağlı emosiyalarımızı, özəl həyatımızı və həmçinin, sevgi və şəfqət hisslərinin mübadiləsini idarə edir. Burada sevgi dedikdə ağlınıza yalnız əks cinsə qarşı olan sevgi gəlməsin. Burada hər tərəfli sevgidən söhbət gedir - özünüzə, ailənizə, yaxınlarınıza, ümumi insanlara, dünyaya, uşaqlara, heyvanlara, təbiətə, Yaradana, kainata, və s. olan sevginizin hər biri bu kateqoriyaya aiddir.

Balanslı ürək çakrası insanlara açıq ürəklə yaxınlaşmağınıza, empatiya, şəfqət və minnətdarlıq hisslərinə sahib olmağınıza, həm özünüzü, həm də digər insanları sevməyinizə və özəl həyatınızda hər şeyin qaydasında olmasına səbəb olacaqdır.

Az aktiv fəaliyyətə sahib ürək çakrası insanda kin, nifrət, paxıllıq, bağışlamağı bacarmamaq, özünə və başqalarına kritika ilə yanaşmaq kimi neqativ xüsusiyyətləri inkişaf etdirir. Bu tip insanlar empatiya və şəfqət hisslərindən məhrum olub, ürəklərinə divar hörərək heç kimi oraya yaxın buraxmaq istəmirlər.

Çox aktiv ürək çakrasına malik insanlar isə tam əksinə şəxsi sərhədlərini qoruya bilmirlər. Lazım olduğundan daha artıq sevgi verməyə və şəfqət göstərməyə meyillidirlər. Özlərinə zərər toxunduğu müddətcə belə "Yox" deməyi bacarmayıb, hər şeyə "Hə" deyən insanlar olurlar. Başqalarının istək və ehtiyaclarını özününkündən üstün tutaraq aşırı fədakarlıq edib özlərini hər daima dəyərsizləşdirirlər. Bu tip insanlar özəl həyatlarına adətən toksik insanlar çəkir və daima dəyərsizlik hissindən əziyyət çəkirlər.

Ürək çakrası həmçinin sağlamlığımıza təsir göstərən ən əsas enerji mərkəzidir və timus vəzinin fəaliyyətininin idarə olunmasında başlıca rol oynayır.

Balanslı ürək çakrası güclü immuniteti təmin etdiyi təqdirdə, disbalans ürək çakrası orqanizmdə ürək-damar/təzyiq problemləri, ağciyər xəstəlikləri, sinədə ağrı və ya ağırlıq, həddindən artıq tərləmə, döş sümüyündə kəskin ağrı, və s. kimi fəsadların yaranmasına səbəb olur.

Boğaz Çakrası (Vishuddha)

Beşinci çakradır. Boğazda yerləşir və insanın kommunikasiya, öz həqiqətlərini danışmaq və özünü ifadə etmə bacarığını idarə edir. Balanslı boğaz çakrası sizin heç bir çətinlik çəkmədən doğru sözlər seçərək aydın nitq və səlist bir şəkildə danışıq qabiliyyətinizi təmin edir.

Bu çakra balanslı olduqda siz hansı vəziyyətdə hansı sözün, ifadənin işlədilməsinin daha uyğun olduğunu çox yaxşı bilirsiniz. Boğaz çakrası balanslı olanlar öz gözəl nitq qabiliyyəti ilə ünsiyyətdə olduğu insanları daima valeh edirlər.

Bu çakra az aktiv olduqda insan özünü ifadə etməkdə və ünsiyyət zamanı doğru sözlər seçib danışmaqda çətinlik çəkir. Bu tip insanlar adətən ətrafındakı insanlara utancaq və sakit təbiətli xarakter təsiri bağışlayırlar.

Çox aktiv boğaz çakrası olan insanlar mütəmadi olaraq başqalarının sözünü kəsir, hündürdən və emosional şəkildə danışır, başqalarını deyil yalnız özlərini dinləməyi sevir və adətən özləri haqqında çox danışırlar. Bu tip insanlar tez-tez və çox asanlıqla yalan danışır, çoxlu parazit sözlər işlətməyi, qeybət etməyi və fitnə-fəsad yaratmağı sevirlər.

Boğaz çakrası orqanizmdə qalxanabənzərin vəzin funksiyasını idarə edir. Məhz buna görə də disbalans boğaz çakra ilk növbədə bu vəzin funksiyasının pozulmasına gətirib çıxarır. Bundan əlavə, boğaz ağrısı, eşitmə problemləri, ağızda yaralar, diş əti xəstəlikləri, laringit də həmçinin boğaz çakrasının disbalans olmasından irəli gəlir.

Üçüncü Göz (Acna)

Altıncı çakradır. Alnın ortasında 2 qaş arasında yerləşir və insanın intuisiyasını, spiritual bağlılığını, mənəvi dünyasını idarə edir. Qeyd edim ki, insanların böyük qismində bu çakra qeyri-aktivdir.

Balanslı üçüncü göz çakrası insana mənəvi yüksəlişə nail olmaq, material aləmlə yanaşı qeyri-material/astral aləmi də hiss etmək və qarşılıqlı təsirdə olmaq, güclü intuisiyaya malik olmaq və kainatdan müxtəlif işarələr almağa (bu haqda irəlidə geniş paylaşım edəcəyəm) imkan verir. Bu çakra bizə həqiqəti dərk etməyə və həm daxili, həm də xarici dünyalarımızda yaşamağımızı təmin edir.

Bu çakra artıq vurğuladığım kimi insanların çoxunda hələ ki, aktiv deyil. Az aktiv və ya qeyri-aktiv üçüncü göz çakrası insanın mənəvi dünya ilə əlaqə qurmasına və spiritual təcrübələr yaşamasına mane olur. Bu tip insanların intuisiyaları zəif olur və ya onlar öz intuitiv hisslərini iqnor edirlər.

Bu çakranın çox aktiv olmasına çox nadir hallarda rast gəlinir. Üçüncü göz çakrasının aşırı aktiv olması insanların material dünyadan qoparaq həddən artıq qeyri-material dünya ilə qarşılıqlı təsirdə olmalarına və bununla da müxtəlif qeyri-adi təcrübələr yaşamalarına gətirib çıxarır. Bu tip insanlar daha çox tarot, kart və digər bir sıra vasitələr üzərindən falçılıq və müxtəlif paranormal işlərlə məşğul olurlar. Esktrasenslər, mediumlar və vedmalar çok aktiv üçüncü göz çakraya malik insanlardır.

Disbalans üçüncü göz çakrası insanda baş ağrıları, miqren, göz problemləri, müxtəlif növ allergiyalar, yuxusuzluq, beyin xəstəlikləri, endokrin sistemin, hipofiz və epifiz vəzlərinin funksiyasının pozulmasına gətirib çıxarır.

Tac Çakra (Sahasrara)

Ən sonuncudur və başımızın üzərində yerləşir. Qeyd edim ki, məhz bu çakra bizi sonsuz enerji mənbəyinə bağlayan yeganə çakradır.

Tac çakra təxmini bəlkə də hər bir milyonda bir insanda aktiv vəziyyətdədir.)) Yəni ki, bu çakranın qeyri-aktiv olması adi bir haldır.

Tac çakranın çox aktiv olması qeyri-mümkündür. Tac çakra yeganə enerji mərkəzidir ki, onu aktivləşdirmək üçün hər hansı konkret metod yoxdur. Bu çakranı aktivləşdirməyin yeganə üsulu qalan altı çakranı balanslaşdırmaqdır, bundan sonra isə tac çakra avtomatik olaraq aktivləşəcəkdir.

YADDA SAXLAYIN‼️
Tac çakranı aktivləşdirmək limitsiz enerji mənbəyinə qovuşmaq, limitsiz enerji mənbəyinə qovuşmaq isə limitsiz XÖŞBƏXLİK əldə etmək deməkdir!! Çünki, bu çakra nə qədər çox aktiv olarsa düşüncələrimizi materiallaşdırmaq, xəyallarımızı reallaşdırmaq bir o qədər asan və sürətli şəkildə baş verir.

Nəzərə almaq lazımdır ki, bu çakranı tam aktivləşdirmək elə də asan deyil, illər tələb edir. Uzun illərdir aktiv spiritual və enerji praktikaları ilə məşğul olan mən belə hələ bu çakranı tam aktivləşdirə bilməmişəm. Ancaq bilirəm ki, əvvəl-axır buna nail olacağam.☺️

Sizə də məsləhət, dostlar, tac çakranın aktivləşməsinə deyil, o biri altı çakranın balanslaşmasına fokuslanın, çünki yalnız bu təqdirdə tac çakra özü özlüyündən aktivləşəcəkdir.

Unutmayın ki, çakraların disbalans vəziyyətdə olması keçmişdə mütəmadi keçirmiş olduğunuz stress, qorxu, əsəb, gərginlik, narahatlıq, məmnuniyyətsizlik və s. kimi neqativ hisslərin nəticəsidir. Buna səbəb isə çox zaman uşaqlığımızda bizə yaşadılan travmalardır.

Sözümüzün dinlənilməməsi, "uşaqsan, kəs səsini", "qız uşağı belə olar, elə olar" kimi ifadələr, yemək yemək istəməyəndə və ya dəcəllik edəndə o dəhşətli məxluq olan "xoxan"la qorxudulmaq, daima "xalxın uşağı"ilə müqayisə edilmək və s. hamısı bizim bu gün həyatımızı və səhhətimizi idarə edən enerji mərkəzlərində yaranan bloklardan əziyyət çəkməyimizə gətirib çıxarıb.

Ancaq şad xəbər də odur ki, biz bu çakralara müəyyən praktikalarla yenidən həyat verərək balanslaşdıra bilərik.

Çakraların balanslaşma metodlarına dair ayrı paylaşım edəcəyəm. Siz isə hələ ki, bundan əvvəl çakraların balanslaşması metodlarına aid paylaşmış olduğum bu posta göz gəzdirin.
Link: https://www.facebook.com/photo/?fbid=151639484360358&set=a.14241135861650

"Paralel.az"

0.027806997299194