Fərrux yüksəkliyi uğrunda döyüşlər - Akif Mirsiyaboğlu yazır
Xocalı şəhərinin işğalından sonra müharibə yeni mərhələyə keçdi. Elə həmin axşam Ağdam şəhəri ilk dəfə ,, Kristal '' raketləri ilə atəşə tutuldu .Bu vaxta qədər ərzaq , silah sursat , canlı qüvvə sarıdan müəyyən çətinliklərlə üzləşən qarı düşmənin əl qolu açıldı .Xocalı aeroportu vasitəsilə Ermənistan tərəfindən silah sursat , canlı qüvvə ilə möhkəmləndirilmiş düşmən artıq Ağdam uğrunda mübarizə aparır , rayonu müxtəlif çaplı silahlardan , toplardan , raketlərdən intensiv atəşə tuturdu .Qeyri vaxtlar Ağdamın adından vahiməyə düşən, azğınlaşmış erməni dığaları bizə , açıq - aşkar meydan oxuyurdular. Xocalının bu vaxta qədər bütün zərbəni öz üzərinə götürərək ermənilərin əl qolunu bağlaması, bu səbəbdən genişmiqyaslı hücum əməliyyatları keçirə bilməməsi, artıq hər bir kəsə aydın olmuşdu. Lakin çox gec idi .Xocalını vaxtında mühasirədən çıxararaq Ağdam ilə birləşməsini təmin etməyən ölkə rəhbərliyi , bunun acı nəticələri ilə üzbəüz idi. Üç erməni rayonu ilə həmsərhəd olan Ağdam rayonunda isə vəziyyət xüsusilə ağır idi. Bir tərəfdən erməni təhlükəsi, digər tərəfdən isə daxildə olan hərcmərclik, mənəm – mənəmlik, vəzifə davası Ağdamı çıxılmaz vəziyyətə salmışdı. Düşmən əlverişli mövqelərdən, yəni yerləşdikləri yüksəkliklərdən, asanlıqla hücuma keçən qüvvələrimizə müqavimət göstərir , canlı qüvvəmizi , texnikalarımızı vurub sıradan çıxarırdı.Belə bir möhkəmləndirilmiş təbii istehkam, Xramort kəndi yaxınlığında olan Fərrux yüksəkliyi idi . Ermənilər oradan Ağdamı və yaxınlıqdakı kəndlərimizi atəşə tutur, dinc əhalini vahiməyə salır, evlərin dağılmasına, insan tələfatına səbəb olurdular. Bu baxımdan həmin yüksəkliyin götürülməsi çox zəruri idi. Belə ki, həmin yüksəklik düşməndən təmizlənərsə bu təhlükə aradan qalxar, gələcəkdə o istiqamətlərdə aparılacaq döyüş əməliyyatlarında əvəzsiz rol oynaya bilərdi.Həmin yüksəklikdən Xramortun, Xanabadın, Qılıncbağın və Əsgəranın istənilən nöqtəsi asanlıqla dəqiq hədəfə çevrilərdi. Ağdam rayon polis idarəsinin və tabeliyində olan post patrul xidməti alayının, yerli özünümüdafiə qüvvələri ilə, yüksəklik üğrunda apardıqları döyüş əməliyyatları arzu olunan nəticəni vermirdi.Növbəti döyüş əməliyyatı zamanı yüksəklik ələ keçirilmişdi. Səhərə yaxın azsaylı qüvvə ilə yüksəkliyə hücum edən polis əməkdaşları, erməniləri vurub səngərlərindən çıxarmışdılar. Lakin həmişə olduğu kimi əlavə qüvvələrin oraya göndərilməsi vaxtında təşkil edilmədiyi üçün, köməyə gələn düşmən qüvvələri, orda yerləşən əməkdaşlarımızı əks hücumla səngərdən uzaqlaşdırmış, yüksəkliyi yenidən ələ keçirmişdilər. Bu qeyri bərabər döyüşdə Xocalının od alovundan sağ salamat çıxıb, xidmətini Ağdam polisinin post patrul alayında davam etdirən Azərbaycanın milli qəhrəmanı İnqilab İsmayılov geri çəkilərkən şəhid olmuş, cəsədi ermənilər tərəfdə qalmışdı.
Isti bir yay günü daxili qoşunların komandanı , nazir müavini general mayor Ramiz Məmmədovun rəhbərliyi ılə Cinli kəndi istiqamətindən yüksəkliyə hücum əməliyyatı başladı .Bir tərəfdən dağlarlara, digər tərəfdən isə Xaçın gölü ilə əhatə olunmuş , gənclik illərimin xoş xatirələr dolu, bir hissəsinin bağlı olduğu ,füsunkar təbiətə malik olan Cinli kəndi indi əsil döyüş meydanına çevrilmişdi. İlk vaxtlar üğurla başlanan döyüş getdikcə ağırlaşırdı, ölən və yaralananlar vardı. Qəflətən düşmən artileriyası ilə qarşılaçan zirehli texnıkalarımızda zərər çəkmiş, Əlif adlı dostumuzun zirehli döyüş maşını dərəyə yuvarlanmışdı. Zirehli maşın ciddi zədə alsada , ekipaj üzvləri möcüzə nəticəsində xilas olmuşdular .Şairin "qüdrətdən qalalı, səngərli dağlar" misrası elə bil bu yüksəkliyə həsr olunmuşdu. Bir qədər aşağı kordinatla atılan top və raket mərmiləri sal qayalara dəyib partlayır, bir qədər yuxarı istiqamətdə atılan mərmilər isə düşmən səngərinin üzərindən üçüb boş meşəyə düşürdü. Düşmənə bu döyüş texnikaları ilə effektli zərbə yendimək, müqavimətini qırmaq mümkün deyildi. Yüksəklikdə olan düşmən mövqeyini vurmaq üçün uyğun gələn minaatan silahı yox idi.Zirehli texnika ora qalxa bilmir , atılan mərmilərdən isə fayda yox idi. Piyadaların hücumu isə hər dəfə növbəti itkilərlə dayandırılırdı.Döyüşlər arası qısa fasilə zamanı kəndin kənarında olan qoz ağacının kölgəsində siqaret çəkirdik.Bu zaman çox yaşlı bir nurani qoca bizə yaxınlaşdı: Komandiriniz kimdir ay oğul, məni onun yanına aparın dedi. Qocanı, dilxor halda mərmi yeşiyinin üstündə əyləşən generalın yanına gətirdik. Salamlaşandan sonra qoca dedi: Oğlum o vaxt türk qoşunu bura gələndə balaca uşaq idim, Xaçın çayının kənarında quzularımızı otarırdım.Türklərdə bax sizin kimi erməniyə burdan hücum etdilər, gördülər dağı ala bilmirlər , burda muəyyən qədər qüvvə saxlayıb, əsas qüvvələri ilə Əliağalı kəndi tərəfdən Xaçın çayını keçib , meşə ilə gələrək arxa tərəfdən dağa hücum etdilər.Bundan sonra Fərrux dağını ala bildilər. Nədənsə nurani ağsaqqalın dediyini eşidən , əməl edən olmadı .Gün ərzində bir neçə dəfədə ugursuz dağa qalxmaq cəhdləri nəticə vermədi . Növbəti dəfə döyüş əməliyyatı nəticəsiz dayandırıldı.
"Paralel.az"