Kosalar səfəri - Akif Mirsiyaboğlu yazır...
Xocalı faciəsindən sonra gecəm, gündüzüm Ağdamın Qaraağacı qəbirstanlığının çıxışında yerləşən 19 – cu postda, Şelli, Gülablı dağlarında keçirdi. Ermənilərdən qurtula bilən insanlar, qarlı meşələrdən keçib dəstələrlə bu istiqamətlərdən, Ağdam şəhərinə gəlirdilər. Onları qarşılayır, ilk yardım edir, evlərdə yerləşdirilməsinə kömək edir, yaxınlarımızdan kimləri gördüklərini soruşurduq.Bütün qohumlar, dost - tanış hamı ayaqüstə idi, ev üzü görmürdülər. Ağdam polis şöbəsinə, xalq cəbhəsinin qərargahına gedir, bir xəbər tutmağa çalışırdıq. Xocalı işğal olunduqdan sonra azğınlaşmış düşmən bütün qüvvələrini Ağdam istiqamətinə yönəltmişdi. Şəhəri toplardan, raketlərdən atəşə tuturdu. Bu vaxt küçələrdə yol gözləyən xocalılar yerindən tərpənmir, intizar dolu gözlərini yollardan çəkmir, ümidlə gözləyirdilər. Xocalıdan gələn insanlardan, mənim ailəmdən soraq verəni yox idi. Faciənin səhəri günü axşam tərəfi polis şöbəsinin növbətçisi, mənə sevincək xəbər verdi ki, Kosalardan ratsiya ilə dedilər ki , Sizin şöbədə işləyən Akifin qardaşı gəlib Kosalar kəndinə çıxıbdır. Təcili Hindarx kəndinə gəlib yola hazirlaşdim, Qubadlı yolu ilə Şuşaya yollandım. Yol uzun, UAZ – ın sürəti az olsada fikrim qanad açıb uçur, özünü məndən qabaq Kosalar kəndinə, Bakirin yanına çatdırırdı. Arada sevinc göz yaşlarını, yenicə çəkməyə başladığım siqatetin tüstüsündən acışırmış kimi silir, yol yoldaşlarımdan gizləyirdim. Gecə yarısı Turşsu kəndinə çatdıq. Gecəni yeznəmiz Valehin həmin sovxozda direktor işləyən, qohumu Tahirin evində keçirdik. Yuxum gəlməsədə yol yoldaşlarımın bir qədər dincəlməsi lazım idi.Birtəhər dözüb, səhər obaşdan yola hazırlaşdıq .Nəinki yollar , elə getdiyimiz UAZ avtomobilidə donmuşdu. Su qaynadıb maşını qızdırandan sonra mühərrik işə düşdü. Yollar şüçə kimi buz bağlamışdı. Ağaclarda qardan əlavə buz sırsıra bağlamışdı. Ilk dəfə olaraq bu maşınların , qarlı dağ yollarında əvəz olunmaz nəqliyyat vasitəsi olduğunu, əyani şəkildə gördüm.
Şuşaya yaxınlaşdıq, hər gəlişində qələbəlik, cevinc gördüyüm Şuşa şəhəri tanınmaz dərəcədə dəyişilmişdi. Işıqlar yanmır, küçələr bomboş ,sanki ğözəl Şuşamızın küçələrindən məyusluq, qəriblik yağırdı. Ağappaq qara bürünmüş kimsəsiz küçələrlə polis şöbəsinə gəldik. Həmin gün polis şöbəsində növbətçi, Xankəndi milisində bir yerdə işlədiyimiz Zülfü Əhmədov idi.Zülfü dedi ki, axşamdan Şuşakənd tərəfdən şəhəri toplardan atəşə tutublar, ölən, yaralanan, dağıntılar altında qalan var. Vəziyyət çox ağırdır. Ona dedim ki, Kosalara getməliyəm , yolu mənə izah et, o kənddə olmamışam. Zülfü dediki, o kəndə bir yol gedir, ancaq bu qarda ora getmək, özüdə nabələd adam üçün çox çətindir, bu ölümə bərabər bir işdir . Dedim ki, nə olur, olsun getməliyəm, qardaşım yolumu gözləyir. Şuşadan çıxanda hava işıqlaşırdı. Yarım metrə qədər yollarda qar olsada, bir qədər əvvəl bu yolu keçmiş yük maşının təkərinin dərin izi qalmışdı .Aparıcı qoşulduqdan sonra mühərrik ikiqat güc ilə qarlı aşırımları aşaraq bizi, ilk dəfə olduğum Qırxqız dağının ətəyində yerləşən Kosalar kəndinə çatdırdı.Qarlı gağ mənzərələrinin gözəlliyi , göz oxşasada onu duyacaq halda deyildim. Qarlı aşırımları aşağı sürətlə ağır – ağır gedən maşında dözmək çətin olsada, sürət artımı ağır faciəyə yol aça bilərdi. Xəyalım yüz yerə qanad açırdı. Neçə vaxtdır görüşmədiyim qardaşımın indi ki, halını, ata - anamın, qardaşım Tofiqin, bacım Qətibənin , gəlinimiz Məxmərin haqqında hansı xəbəri eşidəcəyimi düşünürdüm. Bir il qədər uzun gələn yol başa çatdı, kəndin orta məktəbinin binasına daxil olduq. Xocalı özünümüdafiə batalyonunun bir rotası bu kənddə yerləşirdi. Komandirləri isə səhv etmirəmsə həmin məktəbin hərbi hazırlıq müəllimi idi. Qardaşımla birlikdə Bakıdan qayıdanda görüşmüş, birlikdə çörək kəsmişdik.
Xocalı mühasirəsindən çıxıb gələn qardaşımı axtardığımı ona bildirdim. O, dedi ki, dünən bir nəfər kəndin aşağısında olan posta yaxınlaşıb, deyib ki, atəş açmayın Xocalıdanam.Sarıyanız olduğu üçün onu rusa bənzədiblər, məktəbdə yerləşən qərargaha gətiriblər. Deyib ki, adım Rzadır, Ağdam polisində işləyirəm, Əlif Hacıyevin kiçik qardaşıyam. Ratsiyada bu xəbəri Ağdam polisində işləyən Akifin qardaşıyam, kimi başa düşən növbətçinin verdiyi yanlış xəbərdən, qanadlanan fikir və xəyallarım çilik – çilik oldu.
Məlum oldu ki , hadisədə Xocalıdan, Kosalar kəndi istiqamətinə çıxan yeganə insan Rza Hacıyev olubdur .Onu səhər tezdən hərbi yük maşını, Qaz – 66 ilə Şuşaya yola salıblar. Səhər tezdən yolda rast gəldiyim izlər həmin maşına məxsus imiş. Kor peşman geriyə döndüm. Bu Şuşa şəhəri ilə son görüşüm oldu.Laçın şəhərini keçdikdən sonra yenidən məndə ümid hissi yarandı ki , bəlkə bu vaxt ərzində ailəmdən xilas olub, gələn var, tez özümü Hindarx kəndinə çatdırım. Bu fikirlə UAZ – ı Beyləqan istiqamətinə qovmağa başladım.
Ancaq əfsuslar olsun ki, nə onda, nə də sonralar, hətta üstündən otuz bir il keçsə də, onlardan xilas olub, ailəmizə dönən olmadı.
"Paralel.az"