Ehtiyatlı olun: həm cibinizə, həm səhhətinizə ziyan vuracaq!
Bayırda siqaret çəkə-çəkə hərəkət etsəniz, 30 manat cərimə oluna bilərsiniz. Siqaret kötüyünü yerə atmağa görə isə 50 manat cərimə tətbiq olunacaq. Maraqlıdır ki, bu məsələyə hansı dövlət orqanı nəzarət edəcək? Hansı ictimai yerlərdə siqaret çəkilsə, 30 manat cərimə tətbiq edilə bilər? Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov "Paralel.az" ilə fikirlərini bölüşdü.
Aslan Əsədovun fikirlərinə görə, bu qərarın qəbul edilməsi gözlənilirdi.
"Bu məsələ bir müddət müzakirəyə çıxarıldı və sonra dayandırıldı. Ümumiyyətlə, siqaret çəkmək hər bir insanın səhhətində problem yaradır. Son zamanlar isə bu problemlər ağciyər serrozu, xərçəng, vərəm və digər xəstəliklərdə özünü göstərir. Kütləvi yerlərdə istər açıq havalarda, istərsə də qapalı yerlərdə siqaretlərin çəkilməsi ziyanlı bir şeydir. Bununla yanaşı, siqaret çəkən şəxs həm öz sağlamlığına, həm də ətrafdakıların sağlamlığına ziyan vurur".
Ekspert vurğulayır ki, bu problem siqaret çəkənin şəxsi büdcəsinə də ziyan vurur:
"Ölkəmizdə siqaretin ümumi qiyməti bahadır və nəticədə, siqaretin qiymətləri xarici ölkələrin bazarları ilə müqayisədə eynidir. Qeyd etmək istəyərdim ki, məsələ üzrə nəzarət edici orqan Daxili İşlər Nazirliyidir və bu missiyanı həmişə öz üzərinə götürmüşdür".
"Paralel.az" qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur. Qanuna əsasən səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək. Qanuna görə, siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarına buraxılıb. Bələdiyyələr də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması sahəsində addımlar atacaqlar.
Fatimə Mustafayeva,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi