Bakıda yeni həbsxana kompleksi tikildi: videogörüş otaqları quruldu

Bakıda yeni həbsxana kompleksi tikildi: videogörüş otaqları quruldu
 

Bakının Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleks istifadəyə verilib, yaradılan şəraitlə tanışlıq olub.

"Paralel.az" AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaqdır.
Ümumi saxlanma limiti 1300 nəfər olan kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub. Kameralarda hər cür şərait yaradılıb, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.

Bildirilib ki, müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və videogörüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.

“Saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin ərazisində Tibb-sanitar hissələri üçün müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur”, - məlumatda qeyd edilib.

Məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün kompleksdə xüsusi otaqlar da nəzərdə tutulub.

Bildirilib ki, məhkumların sosial adaptasiyası məqsədilə onların ailələri ilə zəruri məişət avadanlığı ilə təchiz edilmiş studio-mənzil tipli uzunmüddətli görüş otaqları, habelə qısamüddətli görüşlər üçün kabinələr quraşdırılıb:

“Eyni zamanda məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb, bərbərxana, dərzi xidmətləri təşkil edilib.

Nazir yeni istifadəyə verilən penitensiar kompleksdə məhkum və təqsirləndirilən şəxslər üçün yaradılan müasir şəraitin onların hüquqlarının etibarlı təminatına, səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyini bildirib.

 

0.0094008445739746