5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?

5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?
 

5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?
(Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəsində)

İkinci yazı.

SSRİ-nin dağılması sadəlövhlərə zahirən spontan proses kimi görünsə də əslində onun dərin pərdəarxası vardı. Həmin prosesi idarə edən də nə CİA, nə Mİ-6, nə də Mossad deyildi. Baş verənlərin hamısı KGB-nin ciddi nəzarəti altında cərəyan edirdi. Həmin ərəfədə sovet KGB-sində aparılan islahatlar isə aldadıcı fənddən başqa bir şey deyildi.

Onlarla KGB kəşfiyyatçısının guya, satılaraq Qərbə qaçmasından tutmuş bu orqanın daxilində baş verənlər haqda yayılan əfsanələr diqqəti nəhəng sovet casus maşınından yayındırmağa xidmət edirdi. KGB-nin Birinci Baş İdarəsinin (xarici kəşfiyyat) rəisi və cəmi bir gün də KGB şefi olmuş Leonid Şebarşin o zaman baş verənləri “Moskovskie novosti” qəzetinə müsahibəsində belə ifadə etmişdi:

“Bu gün gördüyümüz işlər öz bəhrəsini təxminən 30 ildən sonra verəcək”. 1991-ci ilin avqustunda baş verən, amma baş tutmayan QKÇP (imitasiya olunan dövlət çevrilişi cəhdi) isə planın tərkib hissəsi idi. Həmin 3 gün ərzində baş verənlərin bəzilərini isə bu günədək kimsə cavablandıra bilmir. Daha soğrusu, buna ehtiyac duyulmur.

Məsələn, bir-birinin ardınca Sov.İKP MK aparatına rəhbərk və nəzarət edən olmuş 2 şəxsin ( Nikolay Kruçina və Boris Puqo) müəmmalı intiharı və Lubyanskaya meydanında Dzerjinskinin heykəlini dağıdan “başıpozuq” kütlənin nədən “iki addımlıqdakı” KGB binasına hücum etməməsi artıq heç vaxt cavabı bilinməyən suallar olaraq qalacaq.

Buna və minlərlə onlar kimi hadisələrə aydınlıq gətirməyə ehtiyac da yoxdur, çünki qarşıda daha böyük vəzifə dururdu: imperiyanın yeni formata keçidi.
SSRİ-yə xitam verən Belovejskaya anlaşması imzalananda artıq növbəti addımlar hazır idi:

MDB-nin yaradılması, geosiyasi baxımdan önəmli olan yeni müstəqil dövlətlərdə etnik münaqişələrin alovlandırılması və... postsovet ölkələrin müxtəlif dövlət qurumlarında 5-ci kolonların yerləşdirilməsi. Xüsusilə də onların güc strukturlarında, o cümlədən də hüquq-mühafizə orqanlarında yerləşdirilmiş nəhəng agentura şəbəkəsinin bazasında.

İndi Azərbaycanda və digər postsovet ölkələrdə həmin dövrdə baş verənləri retrospektiv nəzərdən keçirdikdə onların mahiyyətini daha rahat anlamaq olur. Məsələn, təsadüfi deyildi ki, Azərbaycanın az qala hər rayonunun işğalı ərəfəsində oradakı xalq hərəkatı sıralarından çıxmış özünümüdafiə dəstələrinin səhra komandirləri müəmmalı şəkildə həlak olurdular.

Bu da təsadüfi deyildi ki, Gürcüstanda Qamsaxurdiya, Azərbaycanda Elçibəy, Ermənistanda isə Ter-Petrosyan hökuməti silahlı qüvvələrə yerləşdirilmiş “komandirlər” tərəfindən həyata keçirilmişdir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi Rusiya hakimiyyətindəki hərbi qanadı ehtiyat variantlara əl atmağa məcbur etmişdir.

Moskvada yaxşı anlayırdilar ki, Yeltsinlə şəxsi münasibətlərində problemlər yaşanan, hərbi qanadla isə öz KGB keçmişi səbəbindən təbii rəqib olan Əliyev potensial təhlükə ocaqlarını söndürəcək. Eks KGB generalı üçün bunu reallaşdırmaq xüsusi zəhmət tələb etmirdi.

Belə də oldu: Heydər Əliyev real və potensial qiyamçıları sıradan çıxarmağa başlayanda Rusiya hakimiyyətinin hərbi qanadını təmsil edən kəşfiyyat qurumu – QRU artıq ehtiyat 5-ci kolonu yaratmağa başlamışdı. Həmin ehtiyat 5-ci kolon isə Azərbaycan prezidenti yanında Xüsusi İdarədə (hərbi əks kəşfiyyat) və daxili qoşunlarda yaradılırdı.

Təbii ki, onun digər dövlət orqanlarında da “təmsilçiliyi” vardı, amma onlar daha çox FSB-yə bağlı agentura idi. Zaman keçəcəkdi və həmin iki qurumda yaradılan 5-ci kolon Azərbaycanın silahlı qüvvələrinin başına gətiriləcəkdi. Amma məsələ bununla bitməyəcəkdi: öncə polisin sıralarındakı 5-ci kolon kollektiv şəkildə MTN-ə transfer ediləcəkdi.

Bunların hamısı post Heydər Əliyev dövrü üçün nəzərdə tutulmişdu. Amma prosesə start verilməsi artıq 2003-cü ilin yanvarında başlayır: sərhəd qoşunlarında xidmət edən Rusiya vətəndaşı Zakir Həsənov daxili qoşunlara komandan gətirilir.

Amma bundan təxminən bir il əvvəl Zakir Həsənovun qohumu prezident yanında Xüsusi İdarədə yetişmiş Vahid Əliyev Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyinat alır. Bir çox mənbələrin iddia etdiyinə görə guya Primakovun ən uğurlu tələbələrindən biri olduğunu vurğulamaqdan yorulmayan Vahid Əliyevin həmin vəzifəyə gətirilməsi Zakir Həsənovun əvvəlcə daxili qoşunlara komandan, ardınca da müdafiə naziri postuna yolunun açılmasına səbəb olmuşdur.

Elə bu gün müdafiə nazirliyindəki çətənin bir çox üzvləri də Zakir Həsənovla elə o zamandan işbirliyinə daxil olmuşdur (və ya daxil edilmişdir). Artıq həmin dövrdə 10 ildən artıq idi ki, maliyyə idarəsinin rəisi vəzifəsində ixtisasca adi mühasib olan Namiq Poladov çalışırdı.

Bəli, bu gün Müdafiə Nazirliyində katibliyin rəisi olan Namiq Poladov. Bəli, müdafiə nazirliyində maliyyə cinayətləri ilə bağlı qaldırılmış cinayət işinin istintaqı zamanı sorğulanan, amma həbsdən yayın(dırıl)an general Namiq Poladov.

Xatırladım ki, Zakir Həsənovun nazir olduğu 10 il ərzində daxili qoşunlardan MN-nə transfer olunan Namiq Poladov nazirliyin 4 qurumunda çalışıb: Maliyyə İdarəsinin rəisi, Silahlı Qüvvələrdə İnspeksiya Baş İdarəsinin rəis müavini (həmin vəzifəyə general-mayor rütbəsi ala bilmək üçün müvəqqəti keçirilib), Hərbi Sənaye Baş İdarəsinin rəisi və hal-hazırda da Katibliyin rəisi.

İddia olunur ki, MN-də maliyyə cinayətləri ilə bağlı aparılan istintaqa ifadə verərkən Namiq Poladovun Nəcməddin Sadıkovun 60-illik yubileyinə yaxta (gəmi) bağışladığını etiraf etdiyi bildirilir. Yeri gəlmişkən, xain Sadıkovun 60-illik yubilieyinin göyərtəsində keçirildiyi və Zakir Həsənovla müavinlərinin də iştirak etdiyi həmin yaxta hal-hazırda “Yaxt-Klubda” lövbər salıb.

Hələ Elçibət hökuməti dövründə DİN-də maliyyə idarəsinin rəisi işləyən dayısının dəstəyi ilə Daxili Qoşunlara təyinat almış Namiq Poladovun da general Vahid Əliyevlə sıx əlaqələri olub. Bu gün isə onun MN-dəki mövqeynin möhkəmlənməsinə yardımçı olanlardan biri də həmyerlisi, regionçuluq infeksiyasının ağır formasından əziyyət çəkən Baş Qərargah rəisi Kərim Vəliyevdir.

Görünür sonuncuya bağışlanmış Range Rover də izsiz ötüşməyib. Xatırladım ki, bütün bu talanan vəsaitlər Azərbaycan əsgərinin boğazından kəsilən ərzaqdan və borc içində yaşamaqdan bezib ordu sıralarını kütləvi şəkildə tərk edən zabitlərin ağır həyatından oğurlanan milyonlar, bəlkə də milyardlardır.

Maliyyə cinayətləri ilə bağlı istintaq tərəfindən sorğualananlardan və sərbəst buraxılanlardan biri də İşlər İdarəsinin rəisi İlqar Məmmədovdur. Onun haqqında gələn yazılarda. Hələlik bunu da qeyd edim ki, MN-də qüdrətli fiqurlardan biri də TM, yəni Tamara Mirzoyeva hesab olunur.

Mülki şəxs olan əri Kadrlar İdarəsinin, özü isə Katibliyin əməkdaşı olan Tamara Mirzoyeva MN-də sözü qarşısında söz deyilməyənlərdən biri sayılır. Maraqlıdır, etnik mənsubiyyəti ciddi suallar doğuran, dövlət dilini açıq şəkildə inkar edən bu “xanıma” belə qeyri-məhdud səlahiyyətləri verən kimdir?

Onun mülki şəxs olan ahıl yaşda ərini hansı qanuna əsasən Kadrlar İdarəsində şöbə rəisi vəzifəsinə təyin ediblər? Təbii ki, həmin sual üçbucağın 3-cü bucağı (və ya tərəfi) olan Elçin Xəlilova ünvanlanmalıdır.

Bəli, iki oğlu Rusiya FSB-də xidmət edən keçmiş HDQ komandanı, admiral Rafiq Əsgərovun bacısı oğlu olan həmin Elçin Xəlilova. 44-günlük müharibə ərəfəsində "mədəni istirahətdən" qayıdarkən sükanı rəfiqəsinə verən, nəticədə qəzaya uğrayan, amma savaşdan sonra özünə orden və medal alan həmin Elçin Xəlilova.

Bəli, qəzaya düşdükdən sonra Mərkəzi Hospitalın Zakir Həsənovun əmri ilə hər kəs üçün bağlanmış bir mərtəbəsində müalicə alan Elçin Xəlilova. Bəli, ordudakı təyinatları bazar predmetinə çevirən, türkiyəli hərbi müşavirlərin rotasiya ilə bağlı təkliflərini əngəlləyən və beləliklə də ordunun Türkiyə modelinə keçidinin qarşısının alınmasında fəal rol alan Elçin Xəlilova.

Bəli, hər dövlət mükafatına bazarda olduğu kimi qiymət təyin edən Elçin Xəlilova. Bəzi, öz murdar əməli ilə şəhidin ruhunu təhqir edən Elçin Xəlilova. Bəli... Bəli... Bəli...
Savaşlar zamanı hər kəsin diqqətini çəkən bir məqam vardı: az qala bütün şəhidlərin (Allah hamısına rəhmət eləsin) cənazələri son dərəcə yoxsul ailələrdən, kasıb evlərdən çıxırdı.

Sizcə niyə? Ona görə ki, orduda baş alıb gedən vəhşi korrupsiya səbəbindən və Elçin Xəlilovun kadr maxinasiyaları üzündən kasıb ailələrdən çıxmış hərbçilər (istər zabirlər, istərsə də MAXE və gizirlər) az qala bütün xidmət müddətini ön cəbhədə keçirməyə məcbur olurlar.

Amma ordudakı korrupsiya və korrupsiya ümumiyyətlə yalnız ilk baxışdan sərvət mənimsəmə kimi görünür. Əslində isə korrupsiya 5-ci kolonun dağıdıcı fəaliyyətinin yalnız fasadıdır, çünki ictimai şüurda korrupsiya adi bir sərvət toplama əməli kimi, 5-ci kolon tərkibində fəaliyyətdə isə (sabotaj, casusluq, dövlətə xəyanət) ağır cinayət kimi qəbul olunur.

Belə sadə bir yolla dövlətə, xalqa xəyanət “pul qazanmaq” yolu ilə pərdələnir.
Maraqlıdır ki, bütün bu cinayətlərin başında bu gün də görünən Zakir Həsənov deyil, onun birinci müavini, Baş Qərargah rəisi Kərim Vəliyevdir. Başqa sözlə, Nəcməddin Sadıkov-2. Bunun sirri nədədir: doğrudanmı Zakir Həsənov bu qədər acizdir və sadəcə toy generalıdır, yoxsa...?

Yoxsa, əlbəttə. Zakir Həsənov ona 5-ci kolonda ayrılmış kölgə fiquru rolunu oynayır. Bunun üçün də hal-hazırda göründüyü kimi görünməlidir. Xaıq dilində desək, artistlik etməlidir.

Bir müddət əvvəl dövlətə xəyanətdə ittihamla həbs olunduğu iddia edilən keçmiş MTN əməkdaşı Nəzakət Məmmədova öz çıxışlarında MN Baş Kəşfiyyat İdarəsinin keçmiş rəis müavini Rauf İsmayılovu və onun həyat yoldaşı, MN Katibliyinin rəisi olmuş Şadiyə İsmayılovanı hədəfə almışdı, onların mənşəcə erməni olduğunu durmadan iddia edirdi.

Bunu iddia edən digər bir yaramaz isə Tofiq Şahmuradov idi. General İsmayılovla MTN-də bir müddət birlikdə işləmişəm və o zaman işə qəbul qaydalarına yaxından bələdəm, odur ki, bu sayıqlamanın üzərində dayanmaq da istəmirəm.

Amma maraqlıdır ki, həmin Nəzakət Məmmədova (daha doğrusu, onun arxasında dayanan MN rəsmisi) nədənsə Şadiyə İsmayılovanın tabeliyində işləyən, amma ondan qat-qat böyük səlahiyyətlər verilmiş Tamara Mirzoyevanın etnik mənsubiyyəti haqqında bircə kəlmə də dilinə gətirmirdi. Niyə?

Bu sualında cavabı növbəti yazılarda...

Ərəstun Oruclu

"Paralel.az"

0.014125108718872