5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?

5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?
 

5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?
(Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəsində)

Birinci yazı.

Bu başdan deyim ki, bəzilərinin bunu məqsədli, bəzilərinin isə anlamadan şübhə altına almasına rəğmən 5-ci kolon mövcuddur və o, dövlətin müxtəlif institutlarına və cəmiyyətin az qala bütün təbəqələrinə nüfuz edib. Müasir dövrdə 5-ci kolonun öz klassik sələfindən prinsipial fərqləri aşağıdakılardır:

XX əsrin 30-cu illərində meydana çıxan klassik 5-ci kolonun əsas vəzifələri “arxa cəbhədə” təxribatlar, diversiyalar, sabotajlar törətməklə, dezinformasiya yaymaqla düşmənə xidmət göstərmək idi. Onlar həm də xidmət göstərdikləri düşmən dövlətlərə və ya tərəflərə strateji əhəmiyyətli məlumatlar ötürməklə məşğul idilər.

Müasir 5-ci kolonlar isə dövlətin əsaslarını sarsıtmaq, dövlət institutlarının fəaliyyətini pozmaq, dövlətin inkişafının qarşısını almaq, hibrid müharibənin həyata keçirilməsində rol oynamaq, xalqla hakimiyyət arasında uçurum yaratmaq, xalqın dövlətə inamını sarsıtmaq və nəticədə dövləti qəsb etmək kimi vəzifələri yerinə yetirirlər.

Bir sıra hallarda onların dövlətin bütün resurslarını ələ keçirməsi də müşahidə olunmaqdadır. Gördüyümüz kimi, müasir dövrdə 5-ci kolonlar daha mütəşəkkildir və təkmilləşdirilmiş fəaliyyət həyata keçirməkdədirlər. Bu gün onlar faktiki olaraq xaricdən idarə və koordinasiya olunan hökumət kimi fəaliyyət göstərirlər.

Belə fəaliyyət göstərən müasir 5-ci kolonlar nəzarət etdikləri media və digər ictimai resursların köməyilə uzun müddət cəmiyyətin diqqətini məharətlə öz dağıdıcı fəaliyyətindən yayındırmağa müvəffəq ola bilirlər. Bu məqsədlə də vətənpərvərlik, millətçilik, dinçilik və xarici düşmən amillərindən uğurla istifadə edirlər.

Özü də təkcə cəmiyyəti aldatmaq üçün deyil, həm də 5-ci kolonları ifşa edənlərin nüfuzdan salınması və susdurulması məqsədilə. Təəssüf ki, Azərbaycan da bütün bu sadalananlardan kənarda qalmayıb. Xüsusilə də ölkənin güc strukturları və özəlliklə də Müdafiə Nazirliyi.

Bu da anlaşılandır, çünki silahlı qüvvələr təkcə ölkənin daxilindəki deyil, həm də geosiyasi vəzifələrin həyata keçirilməsi üçün mühüm alətdir. Azərbaycanın Müdafiə Nazirliyinin (MN) fəaliyyətinin uzun müddət ictimai nəzarətdən kənarda qalması onun ən çox kriminallaşmış dövlət qurumuna çevrilməsinə şərait yaratmışdır.

Nazirliyin ictimai nəzarətdən kənarda qalması da səbəbsiz olmamışdır. Zaman-zaman bu nazirlikdəki cinayətlərin açılmasına cəhd edənlər ən amansız şəkildə cəzalandırılmışdır.
Qətlindən bir qədər əvvəl Milli Məclisdə MN-dəki korrupsiya faktları haqda danışacağını deyən akademik Ziya Bünyadovun müəmmalı

qətli, hərbi əks-kəşfiyyat funksiyasını həyata keçirən Xüsusi İdarənin rəisi, general-mayor Şəmsi Rəhimovun qətli, Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Rail Rzayevin qətli və digər onlarla cinayətlər nəinki açılmamışdır, hətta onların təhqiqatı da qanun və müvafiq tələblər çərçivəsində aparılmamışdır.

Nəhayət, gənclərin “Əsgər ölümlərinə etiraz” aksiyasının ardınca aksiya təşkilatçılarının şərlənərək həbsə atılması MN-də kök salmış kriminal xain çətənin daha da güclənməsinə gətirib çıxarmışdır.

MN-nin daxilindəki çətələşmənin diqqətdən kənarda qalmasının və dərinləşməsinin daha iki səbəbi də sovetlər dönəmindən miras qalmış anormal “ ordunun ictimaiyyət üçün qapalılıq” prinsipi və “bizim Qarabağ boyda dərdimiz var” tezisinin cinayətkarların öz çirkin məqsədləri üçün istismarı olmuşdur.

Nəhayət, ölkədəki total korrupsiya, dövlət idarəetmə sisteminə dərindən nüfuz etmiş regional qəbilə-tayfa münasibətləri və müstəqil hakimiyyət qanadlarının olmaması (daha doğrusu, onların balanslı fəaliyyətinin qarşısının alınması) 5-ci kolonun əlinə oynamişdir və oynamaqdadır.

Bütün bunlar və bir sıra digər amillər uzun müddətə təkcə qurumun daxilində korrupsioner xain çətənin çiçəklənməsinə deyil, həm də onun “cəzasızlıq sindromuna” yoluxmasına şərait yaratmışdır.

Nəhayət, 2004-cü ildə MTN rəhbərliyinin, 2005-ci ildə isə hərbi prokurorun dəyişdirilməsi nəticəsində hər iki qurumun başına xarici maraqlara xidmət edənlərin (Eldar Mahmudov və Xanlar Vəliyev) gətirilməsi sonrakı mərhələdə MN-dəki 5-ci kolonun açıq fəaliyyətə keçməsinə gətirib çıxarmışdır.

İllər boyu yüzlərlə Azərbaycan hərbçisinin şərlənərək həbsxanalara atılması, ölkəsinə və xalqına sadiq zabitlərin müxtəlif bəhanələrlə sıradan çıxarılması, ordu daxilində pozuculuğun və sabotajın adi hala çevrilməsi Azərbaycan Ordusunun əsaslarının laxladılması, onun Rusiyadan tam asılı vəziyyətə salınması ilə nəticələnmişdir.

Şübhəsiz ki, belə fəaliyyət ölkənin siyasi hakimiyyətinin ən yüksək pillələrində yer almış 5-ci kolon nümayəndələrinin dəstəyi və himayəsi olmadan mümkün deyildir. Ümumiyyətlə həmin illər ərzində xalq və ölkənin ictimai-siyasi sektoru nəinki xain 5-ci kolondan, hətta orduda baş verən cinayətlərdən belə xəbərsiz olmuşdur.

Harınlamış xain çətənin 2017-ci ildə Tərtər qətliamını törətməsi və ardınca da “Əsrin cinayətinin” ifşası baş verməsəydi bəlkə heç bu gün də ordudakı 5-ci kolondan danışmaq kimsənin ağlına gəlməyəcəkdi və ya belə iddialar ən yaxşı halda gülüşlə qarşılanacaqdı...

Növbəti yazıda: MN-dəki Kadrlar İdarəsi-Katiblik-İşlər İdarəsi üçbucağı kim(lər) tərəfindən və necə koordinasiya olunur. T.M, kimdir və ona güc, müstəsna səahiyyətlər verən nədir? Niyə Kərim Vəliyev Nəcməddin Sadıkov- 2-dir? Bütün nəsli KGB-FSB xidmətində olan Elçin Xəlilov kimdir? Nəcməddin Sadıkova rüşvət verdiyini etiraf edən Namiq Poladov yeni vəzifəyə necə təyin olunub? Zakir Həsənov kimdir: toy generalı yoxsa məharətlə maskalanmış əsas fiqur? MN-dəki vicdanlı kadrları necə ləkələyirlər? Nəzakət Məmmədova MN-dəki erməniləri niyə yanlış tərəfdə göstərirdi? və s.

Ərəstun Oruclu

0.022244930267334