Azərbaycan Israildən "Barack MX" hava hücumundan müdafiə sistemləri alacaq

Azərbaycan Israildən
 

Azərbaycan Israildən "Barack MX" hava hücumundan müdafiə sistemləri alacaq. Bu barədə iki ölkə arasında dəyəri $1,2 milyard olan razılaşma əldə olunduğunu Reuters agentliyi yazır.

Son illər silah ixracını ikiqat artıran İsrailin 2022-ci ildə silah satışının həcmi $12,5 milyard təşkil edib. indiyədək İsrail silahının ən əsas alıcısı Hindistan ($1,2 milyarda yaxın), ikinci isə Azərbaycan olub ($295 milyon). Bunu da Reuters bildirir.

İsrailin silah ixracının 24% ərəb ölkələrinin payına düşür, amma İsrail müdafiə nazirliyinin məlumatında onların hansı ölkələr olduğu açıqlanmır. Forbes isə Mərakeşin İsrail silahının alıcıları arasında olduğunu bildirir.

Məlumatda bu da bildirilir ki, Mərakeşin İsrail və Türkiyə silahlarına marağı Azərbaycanın 2020-ci ildə qalib gəldiyi 44 günlük müharibədə onlardan uğurla istifadə etməsindən qaynaqlanır. Mərakeş İsraillə $500 milyon həcmində Barack MX sistemi almaq barədə anlaşma imzalayıb.

Forbes həmçinin Rusiya istehsalı olan İskander raketinin Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən İsrail istehsalı olan Barack-8 hava hücumundan müdafiə sistemi ilə vurulduğunu bildirir.

Digər tərəfdən də Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən Ermənistan ordusunun hərbçilərinə Fransa hərbi məktəblərində özəl proqramlar əsasında təlimlər keçiriləcək.

Bundan başqa Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri, zirehli hərbi texnika, digər hərbi sursat və ləvazimatlar yollayacaq. Erməni mediası həmin silahların bir hissəsinin artıq çatdırıldığını bildirir.

Beləliklə, durmadan kəskinləşən geosiyasi mübarizənin ağırlıq mərkəzinin Cənubi Qafqaza keçməsinin tək diplomatik-siyasi deyil, həm də hərbi əlamətləri özünü göstərməkdədir. Sürətli silahlanma bölgədə yeni müharibə riskini artırır.

Bu fonda da Azərbaycan-Ermənistan sülh müqaviləsinin tezliklə imzalanacağı inandırıcı görünmür. Digər tərəfdən isə Qədim Roma kəlamında deyildiyi kimi, "Sülh istəyirsənsə müharibəyə hazır ol."

Müəllim: Ərəstun Oruclu 

"Paralel.az"

0.016854047775269