Xocalının Mixaylosunun son döyüşü -Akif Mirsiyaboğlu 

Xocalının Mixaylosunun son döyüşü -Akif Mirsiyaboğlu 
 

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Qarabağ hadisələri başlayana qədər Xocalı məktəblilərinə hərb sənətinin əlifbasını, sirrlərini öyrədən sadə, gülərüz bu gəncin daxilində sarsılmaz iradəli bir qəhrəmanın yaşadığını, o zamanlar heç kim zənn edə bilməzdi . Qarabağ hadisələri başlayan ilk gündən, hələ rayon statusu almamış kəndin müdafiəsi üzərində baş sındırır, mürəkkəb vəziyyətdən çıxış yolları arayırdı. Məktəbin təlim silahları, əhalidə olan ov tüfəngləri ilə birlikdə, sovet ordusu ilə yerli milis əməkdaşları tərəfindən yığıldıqdan sonra kənd sakinləri əli yalın ,tam müdafiəsiz qalmışdılar. Ətraf rayonlardan gizli şəkildə Xocalıya ov tüfəngi, tapança və el arasında beşatılan deyilən karabin gətirilir, ən etibarlı sayılan kənd sakinləri əl altından silahlandırılırdı. Kimdə silah tutularsa, onu uzun müddətli həbs cəzası gözləyirdi. Hərbi komendatura tez – tez evlərdə qəfləti yoxlamalar keçirir, silah axtarırdılar. Bu zaman həmin silahları evlərdən kənarda yerə basdırırdılar ki, tapılsada kimə məxsus olmasını təyin edə bilməsinlər. Yerli əhalidən yığılan silahlar ermənilərin rəhbərliyi altında Əsgəranda saxlanılır, bəzəndə bizim özümüzə qarşı istifadə olunurdu. Bir tərəfdən də Ermənistan, aktiv şəkildə Qarabağda olan erməni separatçılarını silahlandırırdı.
Belə bir şəraitdə isə rəsmi Bakı nəinki erməni əhatəsində olan yaşayış məntəqələrinin müdafiəsini təşkil edir, silahlanmasına yardım edir, bəzən müəyyən səlahiyyət sahibləri buna cəhd edən insanlara qan uddururdu.
1990 – cı ilin mayında məzuniyyətə çıxdım. Axşam tərəfi həyat yoldaşım evimizin qarşısında təndirdə çörək bişirirdi. Atamla arxın qırağında dayanıb söhbət edirdik.Uşaqlarda darvazanın qarşısındakı tut ağacının altında oynayırdılar. Bu zaman qardaşım Tofiqdə gəlib ,bizimlə görüşdü, bir azdan işarə ilə məni kənara çağırdı. Dedi ki, səhər Yevlağa gedə bilərik? Soruşdum ki, nə olubdur, dedi ki, maşınımı milis şöbəsində saxlayıblar. Atam soruşdu ki, nə olub, orda nə pıçıldaşırsınız, ona bildirmədik. Səhər tezdən mənim maşınımda Yevlağa getdik. Yolda mənə söhbət etdi ki, kənd sovetinin sədri Elman Məmmədov mənə dedi ki , sənin əlaqən varsa, danış pul yığaq, kəndin müdafiəsi üçün avtomat silah alaq, vəziyyət günü gündən ağırlaşır. Mən əlaqə yaratdım, öyrəndim ki, Şamxor tərəfdə olan hərbi hissədən iki min manata kalaşnikov avtomatı almaq olar. Elman müəllimin verdiyi dörd min manatın üstünədə də özüm iki min əlavə edib, üç ədəd kalaşnikov avtomatı almaq üçün razılaşdım. Danışdığımız kimi axşam tərəfi Yevlax yun zavodunun yaxınlığında olan çöl yolunda pulu verib, silahları alacaqdım. Gediş gəliş az olan yolun kənarında maşını saxladım. Bir azdan nömrəsiz jiquli avtomobilində gələn dörd nəfər, silahı gətirmişik pulun hazirdır deyə soruşdular. Dedim pul hazırdır, qapını açıb mənim maşınıma oturdular. Birdən arxada əyləşən şəxs qəflətən boğazıma kəndir ataraq məni boğmağa başladı. Yanımda əyləşəndə əllərimi tutub məni maşının qabaq oturacağına sarıdılar. Bundan sonra pulları götürüb aradan çıxdılar. Məni elə məharətlə bağlamışdılar ki, tərpənə bilmirdim. Xeyli keçdikdən taksi maşını gəlib saxladı, məni belə görəndə kömək edib, açmaq əvəzinə, sürətlə oradan uzaqlaşdı. Bir qədər sonra milis əməkdaşları gəlib, məni sarıdıqları kəndirləri açdılar. Soruşanda hadisəni olduğu kimi, onlara danışdım. Məni gətirib milis şöbəsinin təsridxanasına saldılar. Iki gün saxladıqdan sonra maşını saxlayıb , məni buraxdılar ki, get beş min gətir bu işi bağlayaq, yoxsa silah alverçisi kimi, bir neçə il həbs cəzası alacaqsan. Yevlağa çatdıq , milis şöbəsində mayor rütbəli cinayət axtarış əməkdaşı bizi qəbul etdi. Mülki geyimdə olduğum üçün mənim də milis zabiti oldugumu bilmirdi. Mənə vətənpərvərlikdən humanizm prinsiplərindən xeyli nağıl danışıb, əlavə etdi ki, müəllim olmasını, üç azyaşlı övladını nəzərə alıb, həbsə getməsini rəva bilmədik və s. Tofiqdən koridorda gözləməsini xahiş etdim, çünki böyük qardaş kimi aramızda pərdə var idi.Mənim bu "humanizm mücəmməsi" olan mayora rüşvət əvəzi deyəçəklərimi, onun yanında qətiyyən dilimə gətirə bilməzdim. Dedim ki, nahaq riskə getmisiniz, belələrinin yeri həbsxanadır. O, isə öz növbəsində məni yola gətirirdi ki, qardaş yolunda hər bir əziyyət xoşdur və s.Bundan sonra artıq özümü saxlaya bilmədim, burda yazılması mümkün olmayan ən qəliz ifadələrlə onun etdiyi şərəfsizliyin əvəzini verdim.
Səs küyə vaxtı ilə Agdamda bir yerdə işlədiyimiz tanış zabitlər kabınetə girib bizi aralaşdırdılar. Xətrini hədsiz dərəcədə çox istədiyim rəis müavininə görə bu işin çox dərinə getməsinə yol vermədim.Soyğunçuluq edənlər tapılmır, hadisə qeydə alınıb cinayət işi başlanmır. Bunun əvəzində heç o avtomatın üzünü görməyən bir şəxsə silah alverçisi damğası vurur, qanunsuz həbs edirlər. Bunların əvəzində hələ şirinlikdə umandan, hansı kişilik, hansı vətənpərvərlik gözləmək olardı. Ermənilər Livandan, Ermənistandan silah daşıyıb gətirir, Qarabağ ermənilərinə pulsuz silah paylayırdılar. Müəllim maaşını, uşağının bögazından kəsdiyi çörək pulunu yığıb ,silaha verib, elini obasını qorumağa cəhd edən şəxs bunun əvəzində həbs olunurdu. Bu azərbaycanlı adına ləkə olan həşərat, milis mayoru rütbəsi daşıyan hüquqşunas isə bu yolla pul qazanmağı hər şeydən üstün tuturdu.
Sovet rəhbərliyinin himayəsi ilə ayağı yer alan, erməni separatçıları dahada azğınlaşırdılar. Hər tərəfdən erməni yaşayış məntəqələrinin əhatəsində olan, artıq rayon statusu almış, yeni salınmış qəsəbələr hesabına böyük bir şəhərə çevrilmiş Xocalını az sayda milis qüvvələri və məhdud sayda silahı olan olan kənd sakinləri qoruyurdular. Sovet rejiminin süqutundan sonra yaranan Müdafiə Nazirliyi həmsərhəd rayonlarda ilk özünümüdafiə batalyonları yaratdı. Ilk yaranan beş batalyondan biri, Xocalıda Tofiq Hüseynovun təşəbbüsü ilə yaradıldı. Kənd sakinləri artıq rəsmi şəkildə milli ordumuzun ilk əsgər və zabitləri kimi xidmətə başladılar.Batalyonun qərargahı Xocalı kəndinin klubunda yerləşirdi. Şəxsi heyəti yüz yetmiş nəfəri haqlayan batalyonda hamıya silah, geyim forması çatmırdı. Təminatın çox zəif olmasına baxmayaraq batalyon qısa müddətdə bir çox uğurlu döyüş əməliyyatlarına imza atmışdı. Mehdikənd istiqamətindən Xocalını reaktiv silahlardan atəşə tutan məntəqə dağıdılmış , yaxınlıqda olan Noraguğ kəndinin postu və orda olan topu sıradan çıxarılmışdı. Meşəli kəndinə ermənilərin qəfləti hücumu cəmi on nəfərlik qüvvə ilə özünü köməyə yetirən Komandirin rəhbərliyi ilə dayandırılmış, ermənilər itki verərək geri çəkilmişdilər. Dünənə qədər sevimli şagirdlərinə təlim silahlarından dərs keçib, hədəfə sərrast atəş açmağı, şərti düşmənə qələbə çalmağın yollarını səbr və təmkinlə öyrədən müəllimləri, bu gün keçmiş şagirdləri ilə azğın düşmən üzərinə gedirdi. Bu dəfə təlim silahı ilə şərti düşmən üzərinə yox, döyüş silahları ilə erməni daşnaklarının üzərinə aparırdı. Fərq bir qədər dəyişilmiş , uzun illərin hərbi müəllimi komandir, şagirdləri isə müsəlləh əsgərlərə çevrilmişdi. Uzun illər boyu çəkdiyi əziyyətin, hərbi hazırlıq dərslərinin bəhrəsini görür, yetişdirmələrinin bacarığından haqlı qürur duyurdu .Batalyon komandiri Tofiq Hüseynova mayor rütbəsi verilmişdi. Tək zahiri görünüşü ilə deyil, qorxmazlığı və cəsurluğu ilədə, Sovet Ittifaqı Qəhrəmanı Mehdi Hüseyinzadənin Mixaylo ləqəbini qazanmış, komandir Tofiq Hüseynovun və rəhbərlik etdiyi silahlı qüvvələr haqqında əfsanələr dolaşsada, yüksək təvazökarlıq hissindən , bunun mətbuata, televiziya ekranlarına çıxarılmasına mane olurdu. Xocalı şəhərinə gələn mətbuat nümayəndələrinə, hələ yazılası, çəkiləsi heçnə etməmişik, düşməni torpaqlarımızdan qovub çıxarandan sonra Sizi özüm dəvət edəcəyəm. İstədiyiniz qədər müsahibə alar , çəkiliş edərsiniz . Xocalı faciəsinə qədər yalnız bir dəfə batalyonun döyüşçü qızı , rəhmətlik Familə Salmanqızı, Xocalının Mixaylosu başlığı altında Səhər qəzetində kiçik bir yazı vermişdi. Buna görə də Komandir ondan çox narazı qalmışdı.
Günü gündən böyüyən şəhərin müdafiəsi çətinləşirdi. Böyük bir ərazi dörd tərəfdən erməni yaşayış məntəqələrinin əhatəsində idi. Düşmənin silahlı qüvvələri ətrafdakı yüksəkliklərdə yerləşdiyindən , şəhərin bütün nöqtələrini nəzarətdə saxlaya bilirdi. Zəruri avadanlıq, mühəndis istehkam qurğuları, texnika olmadığından şəhər müdafiəçiləri tələsik qazılmış xəndəklərdən səngər kimi istifadə edirdi ki, buda zirehli texnikanın qarşısında dayanmaq üçün yetərlı deyildi. Ən təhlükəli sahə isə 366 – cı alayın səhra poliqonunun yerləşdiyi Boz dağının ətəyi idi.
Peşəkar hərbiçi kimi vəziyyətin acınacaqlı olmasını əldə olan yüngül atıcı silahlar və canlı qüvvə ilə şəhərin müdafiəsinin mümkünsüz olduğunu bilsə də, son ana qədər ümidini itirmir, verilən vədlərin gerçəkləşəcəyini, yəni Əsgəranın aradan götürülərək, Xocalı şəhərinın mühasirə həlqəsindən çıxacağına inanirdı.
Müdafiə nazirliyinin batalyona ayırdığı zəruri avadanlığın təyinat yerinə çatdırılması böyük bir problemə çevrilmişdi. Quru yolu bağlı olduğu üçün yalnız vertolyot ilə yükləri Xocalı şəhərinə çatdırmaq mümkün idi. Vertolyot gecikəndə isə əsgər əşya çantasına bir qədər patron, əl qumbarası yığıb gecə ilə meşədən keçib Xocalıya dönürdü. Nə vaxt vertolyot olarsa yükləri ona göndərirdik. Vertolyotun ekipajı rus olanda buna imkan vermirdilər. Tələb edirdilər ki , biz ancaq ərzaq apara bilərik, hərbi təyinatlı yükləri gətirməyin. 13 fevralda məcbur olub axırıncı yükü, Gəncə dəyirmanında doldurulmuş un kisələrinin içində göndərdik.
Bu Xocalıya uçan son vertolyot oldu.Kərkicahan, Cəmilli, Malbəyli, Qüşçular kəndi işğal olunduqdan sonra, yandırılan cəsədlərin iyi Xocalıya gələndə, növbəti qurbanın olacağını hiss etsələrdə, artıq çıxış yolu qalmamışdı. Şəhərin azsaylı müdafiə qüvvələrindən əlavə şəhərdə bir neçə min dinc əhali qalmışdı ki, bunlarında əksəriyyəti qocalar və uşaqlar idi. Meşə yolu ilə ermənilərin əhatəsindən çıxmaq böyük itki bahasına mümkün idi, digər tərəfdən isə rəsmi Bakı bu gün, sabah gəlirik deyib Xocalı sakinlərini aldadırdılar.
Hələ yollar tam bağlanmamış atama dedim ki, yaşlıları, qadınları və uşaqları vertolyot ilə çıxarıb aparım Ağdama, Tofiqlə Bakir qalıb şəhərin müdafiəsində dayansın. Sizin hansısa bir köməyiniz yoxdur, əksinə kritik vəziyyətdə Siz onlara mane olacaqsınız. Atamla anam dedi ki, valideyinlərimizin qəbrini qoyub gedə bilmərik. Tofiq dedi ki, komandir öz ailəsini şəhərdən çıxararsa bu ruh düşgünlüyü yaradacaq, əhali şəhərin müdafiə olunacağına inamını itirəcəkdır.
Boş vədlərlə aldadılan Xocalı faciəsinə günlər, saatlar qalırdı. 25 fevral 1992 – ci ildə axşam tərəfi 366 – cı alaya məxsus zirehli texnika səhra poliqonu tərəfə, Boz dağının ətəyinə toplanır.Zirehli ağır texnıkanın qarşısını alacaq silah, nədə qorunmaq üçün yetərli istehkamlar yox idi. Tanklar və BMP -lər şəhəri intensiv atəşə tutur. Şəhəri müdafiə edən batalyonun qərargahı bu istiqamətdə yerləşdiyindən, Boz dağına daha çox texnika cəmlənmişdi. Dinc əhali arasında itkiyə yol verilməməsi üçün rayon icra hakimiyyəti başçısı Elman Məmmədov, Qarqar çayını keçib meşədə bu atəşlərdən qorunmağın mümkün olmasını bildirir. Batalyonun döyüşçülərindən bir qrupunu bu məqsədlə ayıran Tofiq Hüseynov, Elman müəllim, Siz camaatı çıxarın, mən çalışacam düşmənin qarşısını alım, erməni mənim cəsədimin üstundən keçib Xocalıya daxil ola bilər.
Əhalinin şəhərdən köçürülməsi başlayır, əsgərlər və milis əməkdaşları sakinləri qrup halında toplayıb güllə yağışı altında yanan şəhərdən, Kətiyin meşəsinə çıxarırlar. Ruslardan qənimət götürülmüş köhnə BRDM ilə Tofiq Hüseynov postlara gedir, əsgərlərə möhkəm dayanmağı tapşırır, vəziyyətin ağır olduğu yerlərdə döyüşə girir.
Getdikcə vəziyyət anbaan ağırlaşır , onsuzda qıt olan hərbi sursat tükənir . Onun yanında qalmış sonuncu əsgərlərə , Müşfiqə və Vahidə sizdə şəhərdən çıxın deyir.Əlindən yaralanmış Vahid onu tək qoyub getmək istəmir. Deyirdi ki, BRDM – lə evə gəldik, düşüb evləri yoxlayıb çıxdı. Yanacaq olmadığı üçün maşın orda qaldı . Düşmən istifadə edə bilməsin deyə , BRDM -n mühərrikini və patronu qutarmış pulemyotunu yararsız hala salıb , piyada məktəb tərəfə yola düşdük. Küçələrdə heç kim görünmürdü.Mənə dedi ki, çayın kənarı ilə get, oranı güllə tutmur, dəmiryol körpüsünün altından keçıb meşəyə qalx. Mən şəhərdən çıxmayacam.
Səhərə yaxın erməni rus birləşmələri Xocalıya daxil olur. Batan gəmini ən axırda tərk edən kapitan kimi , şəhərdə kiminsə qalmadığına tam əmin olduqdan sonra Komandir Kətik meşəsinə çəkilir. Axşamdan yağan güclü qar və şaxta, buzlu Qarqar çayını keçəndə islanmış insanlara cəhənnəm əzabı yaşadır. Ermənilər qruplar yaradıb meşələrdə silahsız Xocalıları qarət edir, giröv götürür, işgəncələr verib öldürürdülər. Komandir belə dəstələrlə döyüşə girib Xocalıları xilas edir. Üç gün meşədə dolaşdıqdan sonra Kətik dağının zirvəsində güçlü mühasirəyə düşür. Ermənilərin səni öldürmək fikrimiz yoxdur, təslim ol, əsirlərimizlə dəyişəcəyik təklifinə məhəl qoymur, son gülləsinədək vuruşur. Patron qurtarandan sonra axırıncı əl qumbarasını partladaraq özünü və yaxınlaşan erməniləri məhv edir. Ləqəbini daşıdığı qəhrəmanın igidliyini illər sonra Kətik dağında təkrar edib, erməni daşnaklarını qorxuya salır. Xocalı qartalı ölümü, erməniyə təslim olmaqdan üstün tutur, şəhidlik zirvəsinə ucalır. Onun son döyüşü haqda məlumatı bir aydan sonra cəsədin götürülməsi üçün Əcgərana getmiş Hindarx kənd sakinləri Tahir və Vladim Hüseynov qardaşlarına onu yaxından tanıyan Əsgəranda yaşayan bir erməni söyləmişdi. Həmin erməni vaxtı ilə onunla Əsgəran maarif şöbəsində bir yerdə işləmişdi.
Hadisədən bir neçə gün keçsədə, mən onun Kətiyin meşəsində döyüşməsi xəbərini, xilas olub gələn insanlardan soruşub öyrənmişdim. Bir gün girovluqdan qurtarıb gələn bir nəfər, Əsgəran milis şöbəsində əsir saxlanarkən, Xocalıların çörəyini yeyib, onlara qənim kəsilmiş, daşnak tulası, Xocalı soyqırımına görə axtarışa verilmiş, Karo adlı daxili xidmət baş leytenantının əlində olan Kalaşnikov avtomatı, Makarov tapançası və zirehli gödəkcəni göstərib öyünərək, komandirinizin silahıdır deməsini mənə danışdı. Bundan sonra onun sağ olmadığını bildim, çünki sag olarsa onun silahına erməni heç vaxt yaxın düşə bilməzdı.

"Paralel.az"

0.095839023590088