Uğrunda ölən varsa vətəndir!
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Ortancıl qardaşım Bakir 1956 – cı ildə Xocalıda anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Ağdam mexanizasiya texnikumunda təhsil almış, Almaniya Demokratik Respublikasında rabitə alayında hərbi xidmət keçmişdi. Hərbi xidmətdən tərxis olunduqdan sonra Xocalı üzümçülük sovxozunda mexanik işləmiş , ailə qurmuşdu .Ali təhsilini qiyabi davam etdirmişdi. Qarabağın üzərində qara buludlar toplaşanda sərrast atıcı olan Bakir həmkəndlilləri ilə Xocalının müdafiəsində dayanmışdılar. Hardansa əldə etdiyi, xalq arasında beşatılan adı verilmiş, karabin tüfəngi çiyninə asıb, patrondaş bağlayanda xalqımızın əfsanəvi qəhrəmanlarına bənzəyən Bakir sərrast atəşi ilə ermənilərin göz dağına çevrilmişdi. Onun olduğu səngərlə üzbəüz erməni postunda, səngərdən baş qaldıran, həyatını itirmək qorxusu ilə rastlaşırdı.Böyuk qardaşımız Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunu yaradanda, fikirləşmədən avtobazanın baş mühəndisi vəzifəsini ataraq , batalyonun rabitə rəisi kimi xidmət keçmişdi . Leytenant Bakir Hüseynov bir çox uğurlu döyüş əməliyyatlarında iştirak etmiş, sərrast atəşi ilə düşmənin kabusuna çevrilmişdi. Hərbi geyimdə uca boylu , qədd qamətli gənc, keçmişdən gəlmiş bəyzadələrə bənzəyirdi. Arada səhhətində ciddi problem ortaya çıxsada, qardaşını , döyüş dostlarını səngərdə düşmənlə üz - üzə qoyub Bakıya müalicəyə getməkdən imtina edir. Gündüzlər Xocalı nəqliyyat müəssisəsinin işini tənzim edir, gecələr Noraguğ , Mehdikənd istiqamətində yaradılmış səngərdə dayanır, canından artıq sevdiyi Xocalı torpağını müdafiə edir. Bir gün rəhbərlik etdiyi avtobazanın maşın karvanı ilə Agdamdan Xocalıya yük gətirəndə, Əsgəranın içində ermənilər yenədə maşınları daş qalaq edir. Sürücünün yanında əyləçən Bakir oturacagın altından çıxardığı bir litrlik tormoz mayesi dolu şüşə butulkanı , maşının sındırılmış pəncərəsindən, ən çox canfəşanlıq edən erməninin başına çırpır. Sonradan gülərək deyirdi ki, erməni qan görəndə qorxar məsəli düz imiş, qırmızı rəngli tormoz mayesini qana bənzədən ermənilər, bir anda qaçıb dağılışdılar, yolumuza davam etdik. Erməni əsirliyindən söhbət düşəndə özünəməxsus, tanıyanların hələdə unuda bilmədiyi gülüşlə, yarızarafat – yarıciddi şəkildə deyirdi: ermənilərin əlinə sağ keçsəm dərimə saman təpərlər, ona görədə həmişə cibimin küncündə iki patron ehtiyat saxlayıram. Erməni alçağa təslim olmaqdansa, ölum on qat şərəflidir.26 fevral gecəsi erməni rus hərbi birləşmələrinin qeyri bərabər qüvvələri ilə döyüşün ağır nəticəsini görən Tofiq Hüseynov döyüşçülərdən bir qrupunu ayıraraq dinc əhalinin yanan şəhərdən çıxarılmasını əmr edir, özü isə hücumun qarşısını almağa çalışmışdır. Bakir bir qrup şəhər sakinini şəhərdən çıxararaq Kətik meşəsinə gətirmiş , burada ermənilərin qurduğu pusquya düşmüşdü.Hadisə şahidlərinin dediklərindən: - Çox böyük çətinliklə Kətik meşəsinin zirvəsinə qalxdıq. Yağan qar hərəkət etməyə imkan vermirdi. Bəzən yarım saata qalxdığımız yamacın başında ayağımız sürüşür, dərəyə yuvarlanır, yenidən əzab əziyyətlə yola davam edirdik. Gen dərənin üstünə çıxdıq, yolu keçmək istəyəndə bizi qəflətən atəşə tutdular. Atəş səslərindən qulaq tutulurdu.Güllələrin biri oğluma dəydi , özümü onun üstünə atdım . Atəş səsləri kəsildikdən sonra yanımızda, əlindəki avtomatın qızmış lüləsindən buxar çıxan Bakirin əsəbi halda siqaret çəkməsini, avtomatının qundağı parçalanmış atası Mirsiyab kişi və anası qalmışdı, bizimlə gələnlərin çoxu atışma başlayanda pərən - pərən düşüb geri dönmüşdülər. Ətrafda ağacların dibində ag xalatlı erməni boyeviklərinin meyidləri görünürdü.Mirsiyab kişi mənə dedi ki , gəl oğlunun cəsədini bir qədər aralıda gizlədək qurd - quş toxunmasın , ara sakitləşəndə gəlib buradan qəbirstanlığa aparıb dəfn edərik .Mən oglumun cəsədindən ayrıla bilmədim . Mənimlə bir neçə saat qalıb təskinlik verdilər , sonra Mirsiyab kişi dedi ki, cavanlığımda buralarda çox ov etmişəm, burdan Fizuliyə gedən cıgırları tanıyıram, gəlin o istiqamə gedək. Əsgəran tərəfdən hələdə atəş səsləri gəlir, yəqin ki, o yol bağlıdır. Bakir ata-anası ilə Fizuli istiqamətində yola düşdülər . Axşamın sazağı başlayanda yenidən Qarqar çayına tərəf qayıtdım, orada bir neçə nəfərin partlamış qaz trubasının yanında ocaq yandırıb isindiyini gördüm, bir qədər keçmiş ermənilər gəlib bizi əsir göturdülər. Bir aydan sonra Allahverdi Bağırov bizi əsirlikdən qutardı .
Bakir Hüseynovdan, nədə ata - anasının son taleyindən hələ də heç bir məlumat yoxdur.
Müəllif: Akif Mirsiyaboğlu
"Paralel.az"