Xocalının son gecəsi... Mirsiyaboğlunun silsilə yazılarından 

Xocalının son gecəsi... Mirsiyaboğlunun silsilə yazılarından 
 

Fevral ayının 13 - dən etibarən yəni Gəncədən göndərdiyimiz axırıncı hərbi vertolyotdan sonra Xocalı şəhəri ilə bütün əlaqələr tamamilə kəsilmişdi .Mühasirədə qalan şəhərlə yeganə əlaqə vasitəsi telefon və ratsiya idi .O , zaman mənim sahə müvəkkili işlədiyim Üçoğlan kənd sovetliyinin " Sosializm " kolxozuna məxsus olan yeganə mini telefon stansiyasını Xocalı şəhərinə vermişdilər. Elektrik xətləri kəsildiyindən şəhərə elektrik enerjisi verilmədiyindən , yanacaqla işləyən generator vasitəsilə poçta telefon aparatının işləməsi üşün enerji ötürülürdü .Günbəgün azalan yanacağa qənaət etmək məqsədilə elektrik enerjisi qısa fasilələrlə verilir , şəhərlə müəyyən vaxtlarda əlaqə saxlamaq mümkün olurdu .Şəhər rəhbərliyinin Ağdam qərargahına və Bakıya Prezident aparatına günü - gündən ağırlaşan vəziyyətlə bağlı zənglərinə : Gözləyin lazımi tədbirlər görülür , tezliklə Xocalıda olacayıq deyirdilər . Əslində isə heç bir tədbir görülmürdü . Mütəllibov hakimiyyəti ilə cəbhəçilər arasında hakimiyyət uğrunda qanlı savaş gedirdi .Xocalı unudulmuş , taleyin ümidinə buraxılmışdı .Nə iqtidarın , nə də müxalifətin Xocalını azad etmək barədə nəinki planı, hətta belə bir fikirləri də yox idi .Sonra baş verən hadisələr onu göstərdi ki , Xocalı bu yönümdə irəliləmək üçün qurban seçilmişdir .Xocalının Dağlıq Qarabağın ən strateji nöqtəsi olması bir yana , hətta mühasirədə qalan yeddi mindən artıq əhalinin taleyi , kürsü uğrunda bir - birini parçalamağa hazır olan qüvvələrin yadına düşmürdü . Yanvar ayında bir neçə dəfə Əsgəran istiqamətinə, Ağdam özünümüdafiə batalyonları tərəfindən hücum əməliyatları keçirilsədə səmərəsi olmadı .Fevral ayında isə heç bir tədbir görülmədi .Baxmayaraq ki , həmin ərəfədə Ağdamda toplanmış silahlı qüvvələrlə Ermənistan sərhəddinə qədər getmək mümkün idi . O, dövrdə Ağdamda polis idarəsinin və tabeliyində olan post patrul alayının 700 - dən artıq şəxsi heyəti, Şirin Mirzəyevin alayı , Allahverdi Bağırovun, Yaqub Rzayevin özünümüdafiə batalyonları, Rövşən Cavadovun omonçuları, Fəhmin Hacıyevin rəhbərlik etdiyi qüvvələr , Ayaz Müttəllibovun göndərdiyi , Şelli kəndi yaxınlığında Qarqar çayının sahilində yerləşdirilmiş altmışa yaxın zirehli texnika hazır vəziyyətdə idi. Bu hələ mənim yadımda qalanlardır. Qarşıda isə ermənilərin Əsgəran alayı dayanırdı .Qəfləti hücumla ermənilərin başqa istiqamətlərdən qüvvələrini gətirənə qədər on kilometrə yaxın yolu keçərək Əsgəranı götürmək , Ağdamla - Xocalını birləşdirmək müşkül məsələ deyildi .Lakin buna imkan verilmirdi .Əksinə Dağlıq Qarabağın giriş qapısı sayılan, həmin ərəfədə bütün ağırlığı öz çiyninə götürən Ağdamda təxribatlar baş alıb gedirdi. Özünümüdafiə qüvvələri arasında nifaq toxumu səpilmiş , süni surətdə düşmənçilik alovlandırılmışdı. Bununla kifayətlənməyən mərkəzi hakimiyyət həmin ərəfədə rayonun silahlı qüvvələrinə rəhbərlik edən icra başçısını , Xocalı faciəsi ərəfəsində rayonun komendantı vəzifəsini daşıyan polis rəisini dəyişməklə bu qüvvələrin birgə işinin təşkilinə əngəl törədirdilər. 25 fevral 1992 - ci ildə keçmiş SSRİ - nin Zaqafqaziya hərbi dairəsinin Uzundərədə yerləşən ən böyük sursat bazasına kortəbii hücum təşkil olundu . Hərbi qulluqçular ərazidən qaçdıqdan sonra bazaya daxil olan mülki şəxslər orada yerləşən əsgər kazarmalarına od vurmuşdular. Həmin bazada xidmət edən müddətdən artıq hərbi xidmət keçən soydaşımızın deməsinə görə , alov yeraltı anbarlara keçərsə 5 - 6 bal gücündə zəlzələyə bərabər partlayış baş verə bilərdi. İdarənin yeni rəisi Rəşid Məmmədovun göstərişi ilə bazaya yollandıq .Böyük çətinliklə kənar şəxsləri oradan uzaqlaşdırıb , yanğınsöndürənlərin əraziyə daxil olmasına şərait yaratdıq .Alov söndürüldükdən sonra bazanın qorunması üçün postlar yaradıldı .Bazanın ərazisində yaradılmış yeraltı anbarlarda bütün kalibrlərə uyğun patronlar , minalar, aviasiya bombaları , tank, top və raket mərmiləri səliqə ilə yerləşdirilmişdi. Bəlkə də illərlə müharibə aparmağa kifayət edəcək qədər hərbi sursatlar burada cəmlənmişdi.
Həmin axşam bazada postda idim. Tonqal başında söhbət edirdik. Saat 23 radələrində öz maşınımda əyləşib mürgüləyirdim .Bu zaman maşının pəncərəsi döyüldü .Əliağalı kəndindən olan Hacı adlı sahə müvəkkilimiz dedi ki , nə yatmlsan ermənilər Xocalıya girib camaatı qırırlar. Onun zarafatcıl , baməzə xasiyyətini nəzərə alaraq,dediklərinə inanmaq istəmədim. Həmdə bir neçə saat əvvəl 19 - cu postda olan ratsiya ilə qardaşım Tofiqlə danışmışdım. Demişdi ki , hələ sakitçilikdir, ancaq qərargahda olanları tələsdirin Xocalının mühasirəsini yarsınlar, vəziyyət çox ağırdır. Şəhərdə ərzaq qıtlığı yaşanır, yanacaq və hərbi sursatımız tükənməkdədir.
Maşına əyləşib yüksək surətlə rayon mərkəzinə çatdım .Küçələr boş idi, şəhər yatırdı .İdarəmizin qabağına bir neçə Xocalı sakini toplanmışdı .Orada olan, Elman müəllimin yeznəsi Elmandan vəziyyəti soruşdum. Dedi ki, ermənilər Xocalıya zirehli texnikalarla hücum edib , qarşısını ala bilmirlər .Qərargaha getdik , növbətçidən başqa kimsə yox idi .Bakıya zəng edib məlumat vermişik , hələdə nəticəsi yoxdur , dedilər .İdarəmizin növbətçisidə dedi ki , nazirliyin növbətçi hissəsinə məlumat vermişəm , deyiblər ki, nazirə məruzə edəcəyik .
Maşına əyləşib Qarağacı qəbirstanlığında yerləşən 19 - cu posta çatdım .Orda bizim polis alayı xidmət aparırdı .Ermənilər Xocalıya atəş açanda özümü posta çatdırıb uşaqlardan xahiş edirdim ki , postda dayanan BTR - dən Əsgəranın postlarını vururdular .Bu da öz effektini verirdi , ermənilər atəşi dayandırmağa məcbur olurdular .Kifayət etməyəndə isə Şelli dağında olan Eldarın topçularının yanına qalxıb Əsgəranı top atəşinə tutdururduq .
Ratsiyada xocalıların fəryadını eşitmək çox dözülməz idi .Postda dayanan əməkdaşlarımızda suya , buza dönmüşdülər . Onlardan Əsgəran postuna atəş açmalarını xahiş etdim .Aldığım cavabın mənasını otuz bir ildir ki , anlaya bilmirəm . Bizə tapşırıq verilib ki , Əsgəran istiqamətində atəş açmayın,orda əməliyyat keçiriləcəkdir. Kor peşman maşını indidə Şelli dağına , topçuların yanına qovdum .Burdada eyni cavabı verdilər . Bizə əmr verilib ki , Əsgəran tərəfə atəş açmayın bu gecə silahlı qüvvələrimiz Xocalıya daxil olmaq üçün əməliyyat keçirəcəkdir . Hava dumanlı olduğundan , aydın gecələrdə görünən Əsgəran dağları görünməz olmuşdu . Ancaq dağlardan çox hündürlükdə olan buludlar qırmızı rəngə boyanmışdı .Bu yanan şəhərin buludlarda əks olunan şöləsi idi .Ordanda əlim üzüləndən sonra maşını rayon mərkəzinə polis idarəsinə sürdüm , hələdə heç bir yenilik yox idi . Ordan Sarıtəpə yolu ilə Qiyasli kəndindən keçərək dördyol adlanan ərazidə dislokasiya olunmuş QRAD qurğularının yanına gəldim . Gözlərimə inana bilmədim , lələ köçüb , yurdu qalmışdı . Dünənə qədər orda dayanan maşınlar yoxa çıxmışdı .Dedilər ki , guya ruslar həmin qurğuları axtarırlar , buna görədə bizimkilərdə aparıb Ağcabədi rayonunda gizlədiblər .Gecdə olsa QRAD qurğularını tapdırıb gətirdə bildik . Tam atəş vəziyyətinə gətirilməsi üçün əlimizdən gələni etdik . İndi də növbəti bəhanə ortaya atıldı . Koordinatlar qeyd olunmuş xəritə itmişdir . Ratsiyada tükurpədici çiğirtılar , köməyə gəlin bizi qırırlar çağırışlarına cavab verən yox idi . Sonda ay alçaqlar bir başa şəhəri vurun , ermənilər gözümüzün qabağından qız gəlini əsir aparır , patronumuz qutarıb müqavimət göstərə bilmirik . Vurun hamımız bir yerdə qırılaq , namusumuz əldən getməsin . Nəhayət xəritə tapıldı , reaktiv qurgulardan Xocalıya atəş açıldı. Lakin əsirlikdən gələnlərdən soruşanda dedilər ki , səhərə yaxın atılan mərmilər şəhərdən çox aralıya , Boz dağının ətəyinə boş əraziyə düşdülər . Səhərə qədər ümid gələn bütün ünvanlara üz tutsaqda Xocalıya kömək edən olmadı .
Səhər açılana yaxın xəbər çatdı ki , Xocalıdan xilas ola bilən bir qrup Qara qayada mühasirəyə düşübdür . Təcili ola yollandım . Şelli dağının üstündə xeyli insan toplanmışdı . Silahı olan irəli qaçir , döyüşə qoşulurdular . Silahsız olanlar mühasirədən çıxan yaralı , taqətdən düşmüş insanları Ağdama çatdırırdılar . Burda da heç bir rəsmi dövlət qurumunun nümayəndəsi yox idi . Bir neçə gün əvvəl Malıbəyli və Quşçular kəndləri işğal olunanada heç olmasa Gülablı kəndindən bir qədər irəliyə keçib koridor yaradılmış , mühasirədən çıxa bilən insanlar qarşılanmışdı . İndi isə heç bu tədbirdə görülməmiş , Xocalı boyda şəhər taleyin ümidinə buraxılmışdı . Aciz durumumdan və hikkəmdən milis furajkasını başımdan götürüb yerə çırparaq "bu gündən belə başımızda papaq gəzdirməyə haqqımız yoxdur" deyərək , atəş səsləri səngiməyən Qaraqaya tərəfə yollandım . Həmin axşama qədər sanki qış fəsli deyildi , havalar çox mülayim keçirdi . Səhərə yaxın çox güclü qar yagmağa başlamışdı .Sanki təbiətdə Xocalıların qəsdinə durmuşdu . Qarlı , şaxtalı hava insanları dondurur , əldən salır , yerimələrini , dağ - dərələri aşmağa mane olur və eyni zamanda ağ qar üzərində insan qaraltılarını asan hədəfə çevirirdi . Xocalıların keçib gəldiyi qarlı cığırla Qara qayaya çatdım . Cığırdan bir qədər kənarda insan qaraltısını görüb ora yaxınlaşdım . Əkbər dayım huşsuz vəziyyətdə qarın içində hərəkətsiz qalmışdı , gözləri baxsada danışa , tərpənə bilmirdi . Mənimlə gələn Hindarxlı Vladim və Tahir qardaşları onu qucaqlarına götürüb geriyə döndülər . Mən irəliyə doğru getdim ki , daha kimsə yolda qalmış olar .Lakin heç kimə rast gəlmədim .Təpənin o biri üzündə sağ adam qalmamışdı .Qansız erməni cəlladları hamısını qətlə yetirmişdilər . Cəsədlər kolların arasına səpələnmişdi . Ermənilər oranı atəş altında saxladığı üçün cəsədlərə yaxın düşmək mümkün deyildi.

"Paralel.az"

0.021502017974854