Meşəli kəndinə hücum... -Akif Mirsiyaboğlu yazır
Qırxız dağının ətəyində yerləşən bu kənd sovet dövründə Zavod adlandırılırdı. Ermənilərin yaşayış məntəqəsi olan Badara və Xanyurdu kəndlərinin yaxınlığında yerləşirdi. Hər tərəfdən dağlar və meşələr ilə əhatə olunan, təbiətin dilbər guşəsinin Meşəli adlandığını müstəqilliq illərində öyrəndik . Badara çayının mənbəyi bu kəndin yuxarısından, Qırxqız dağlarından başlayırdı. Dupduru göz yaşı kimi suyu olan Alıbatan gölünün iki metr dərinliyində üzən xırda balıqlarda görünürdü. Bu da kənardan baxanda aldadıcı təsir bağışlayır, gölün dayaz olması fikri yaradırdı. Ermənilər bu cənnət guşəsindən azərbaycanlıları uzaqlaşdırıb, kəndə sahib olmaq arzusu ilə yaşayırdılar. Eynən Apokalipsis filmində olduğu kimi qanlı bir səhnə burada hazırlanmış və həyata keçirilməsinə cəhd olunmuşdu. 1991 – ci ilin sonlarında erməni yaraqlıları kəndi mühasirəyə alır, səhərin alaqaranlığında yuxudan oyanan kənd sakinlərini hər tərəfdən avtomat və pulemyotlardan atəşə tuturlar. Kəndi mühafizə edən milis əməkdaşlarından və dinc sakinlərdən ölən və yaralananlar olur. Ratsiya vasitəsi ilə Bakı şəhəri ilə əlaqə saxlayıb hadisə barədə məlumat verirlər, təcili kömək göndərilməsinin vacibliyini bildirirlər. Ölkə rəhbərliyi bu işı Ağdam qərargahına həvalə etməklə öz borcunu bitmiş sayır. Qərargahdan isə boş bir MI - 8 vertolyotunu Xocalıya göndərməklə öz vəzifələrini bitmiş sayırlar. Xocalı şəhər rəhbərliyi 10 nəfər özünümüdafiə və milis əməkdaşlarını batalyon komandiri, mayor Tofiq Hüseynovun rəhbərliyi altında, həmin vertolyotla Meşəli kəndinə köməyə göndərir.
Etdiklərini heç vaxt dilinə gətirməyən qardaşım Tofiq, bir gün necə oldusa həmin əməliyyat barədə mənə danışdı.Vertolyotu ermənilər vura bilməsin deyə, Meşəli kəndindən xeyli aralıda , Qara gav deyilən əraziyə yaxın, yerə yenməsini pilota dedim.Ordan Meşəliyə doğru sürətli yürüşlə irəliləyib, düşmənə qəflətən hücum etdik . Heç bir yerdən kömək gəlməyəcəyinə tam əmin olan ermənilər, qəfləti hücumdan təşvişə düşür, itki verərək Meşəlidən geri çəkilirlər. On bir nəfərlik dəstə ermənilərin sayca üstün olan qüvvələrini pərən - pərən salır. Tofiq deyirdi : "Keçmiş şagirdlərim Xəqani, Rəfayıl, Yadigar, Mahir və s. illər boyu hərbi hazırlıq dərslərimin hədərə getmədiyini bu döyüşdə sübut etdilər. Evlərin birində tapdığımız azyaşlı qızın qarın nahiyyəsindən dəymiş güllə yarasını sarımaq üçün heçnə tapa bilmədim. Arıçılıqla məşğul olan kənd evlərindən təmiz bal tapıb , yaranın içərisinə doldurdum, bu infeksiyanın qarşısın almaqla müalicə üçün yeganə çarə idi. Sonra təmiz mələfə tapıb yaranı sarıdım .Kənd sakinləri atışma zamanı ğizləndikləri yerdən çıxıb evlərinə döndülər. Kənddə tam sakitlik yaranandan sonra, əlavə milis qüvvələrinin Meşəliyə gəlib çatdığı üçün, yaralı qızıda götürüb Xocalıya qayıtdıq".
Həmin körpə qız bu gün də yaşayır, ancaq o vaxt başına gələnləri bəlkə də xatırlamır ...
"Paralel.az"