"Gecə yarısı rəhbərliyin tapşırığı ilə Xocalıya getdim..." - Akif Mirsiyaboğlu yazır
Milis məktəbini bitirdikdən sonra, 1987-ci ilin sonuna yaxın Ağdam rayon daxili işlər şöbəsinə milis sahə inspektoru təyin olunmuşdum. Bundan bir neçə ay sonra isə Qarabağ hadisələri başlandı. 1988-ci ilin fevralında ermənilər Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi tələbi ilə küçə və meydanlara axışdılar. Elə ilk gündən bunun kortəbii bir proses deyil, illərlə hazırlanmış məkrli bir planın tərkib hissəsi olması göz qabağında idi. Dağlıq Qarabağın və qonşu rayonların həmsərhəd kəndlərində vəziyyət getdikcə kritik hal alırdı. Qəflətən gözlənilməz hadisə ilə üzləşən yerli əhali şok vəziyyətində, rayon və respublika rəhbərliyi isə çaşqınlıq içərisində qalmışdılar. Qorbaçovun rəhbərlik etdiyi Kreml isə ikibaşlı oyun oynayırdı. Sovet rəhbərliyi başda Qorbaçov olmaqla, gizli şəkildə erməni separatçılarını dəstəkləyir, onlara sərf edən formada əmrlər, qərarlar, fərmanlar imzalayırdılar. Hadisələr başlayan ilk gündən Ağdam milis şöbəsində operativ qərargah yaradılmışdı. Daxili işlər naziri A.Məmmədov gecə yarısı respublika milis idarə və şöbə rəhbərlərinin iştirakı ilə Ağdamda əməliyyat müşavirəsi keçirdi. Qərara alındı ki, gecə yarısı respublika milisi vilayətə daxil olur, dislokasiya üzrə yaşayış məntəqələrini tam nəzarətə götürür.
Bizim şöbənin əməkdaşları qrafik uzrə Xocalı kəndinə yerləşməli idi. Gecə yarısı rəhbərliyin tapşırığı əsasında Xocalıya getdim, sahə inspektoru Ilqar Abbasov və kənd sovetinin sədri Elman Məmmədovla görüşdüm. Onlara bir neçə saata köməyə gələcəyimizi və milis əməkdaşlarına qalmaq üçün şərait yaradılmasını çatdırdım. Səhərə yaxın milis qüvvələri avtobuslarla muxtar vilayətin yaşayış məntəqələrinə daxil oldular. Dərhal postlar yaradaraq, yaşayış məntəqələrini tam nəzarətə götürdülər. Ermənilərin azğınlığından bezmiş həmkəndlilərim bizim gəlişimizlə bayram əhval ruhiyyəsində idilər. Həsən Abışovun həyətində kəndimizin toy şənliklərində istifadə etdikləri mağar qurulmuşdu. Kənd sakinləri uşaqlı - böyüklü bura toplanmişdılar. Əməkdaşlarımız təyin olunmuş postlarda öz yerlərini tutdular. Səhər yuxudan oyanan erməni separatçıları küçə və meydanlarda azərbaycanlı milis əməkdaşlarını görərək vahimə içərisində idilər. Hətta səhər tezdən işə gedən Əsgəran rayon rəhbərliyi, Xocalıda bizi görən kimi, geri dönmüş, Stepanakertə qayıtmışdılar.
Aradan təxminən üç saat keçmişdi. Hamımızı şoka salan bir əmr aldıq. Mockvadan təcili olaraq, yəni bir saat ərzində vilayətdə olan bütün azərbaycan milis qüvvələrinin çıxarılması tapşırığı verilmişdi. Biz Ağdama qayıdanda həmkəndlilərimin üzündə olan ümidslik ifadəsi sanki onları hansı əzab - əziyyətlər çəkəcəklərindən əvvəlcədən xəbər verirdi.
Mockva ikili oyuna başlamasa və həmin ərəfədə heç olmasa 50 nəfərə yaxın qatı etməni millətçisini həbs etməyə imkan versəydi, məncə nə SSRI dağılmaz, nədə ki, bu qədər qırğın, dağıntı olmazdı. Çünki 60 – cı illərin sonunda Stepanakertdə üç nəfər günahsız azərbaycanlını günün günorta çağı yandıraraq vəhşicəsinə qətlə yetirən erməni millətçilərindən 50 nəfərini həbsə göndərən, o zaman respublika DTK - nın sədri Heydər Əliyev bu yolla separatçıları yerində oturtmuş və ermənilərin Ermənistana birləşmək arzusunun üstündən xətt çəkmişdi.
"Paralel.az"