"Heç kimin etinasız yanaşmağa mənəvi haqqı yoxdur"

 

"Heç kimin dilimizin qaydalarına etinasız yanaşmağa mənəvi haqqı yoxdur. Ölkədə ən çox sevdiyiniz, dövlətə, xalqa ən böyük fayda verən şəxslər belə dövlət dilində ictimai yazılar yazarkən onun qaydalarına, heç olmasa, bildikləri qədər riayət etməlidirlər. Ona görə də sevdiyiniz şəxslərin, qurumların səhifələrindən yazı səhvləri paylaşılanda "Ona olar" və ya "Onun etdiyinin yarısını siz edin, sonra danışarsınız" kimi şərhlər yazmaq mənasızdır". 

"Paralel.az" xəbər verir ki, bu barədə məşhur "Grammar Azi" səhifəsi özü barədə tənqidlərə münasibət bildirərkən yazıb.

Qeyd edib ki, dilimizin qaydaları hamıya aiddir, əgər Konstitusiyada, Orfoqrafiya Normalarında və ya digər nüfuzlu mənbələrdə dövlət dilinin qaydalarının ölkəmizdə hansısa şəxslərə şamil edilmədiyi yazılsaydı, onda o şərhlərin müəlliflərini anlamaq olardı.

"Hələlik belə istisnalar yoxdur. Anlayıram, Azərbaycanda yaşayırıq, burada cəmiyyət öz dilinə ildə ikicə dəfə hörmət edir, belə məsələləri təəccüblə və ya qeyri-ciddi qarşılaya bilər, amma bu belədir. Məsələn, hansısa idman növü üzrə komandamız dünyanın ən mötəbər yarışında qalib gəlsə belə, o komandanın ictimai yazılarında dilimizin qaydalarına riayət olunmalıdır. Çünki bu nailiyyət dil qaydalarına riayət olunmasının ciddiliyinə heç cür təsir etmir. Müvafiq yazılarda xəta görsəniz, bildirin. "Onlara olar" fikri ilə yanaşmayın, çünki onlara olmaz. Heç kimə olmaz.

Bu gün, yeri gəlmişkən, Bayraq Günüdür. Bayrağımız və dilimiz bizim kimliyimizi göstərən amillərdəndir. İnanmıram ki, hansısa sevdiyiniz məşhur şəxs Dövlət Bayrağımızı baş-ayaq tutsa və ya onun yerə düşməsinə etinasız yanaşsa, cəmiyyətimiz: "Ona olar", – deyər. Əksinə, insanlar dövlət rəmzimizə hörmət və diqqət tələb edərlər. Dilimiz də onun kimidir, amma cəmiyyətimiz nədənsə ana dilimizə həmin diqqəti göstərmir", - deyə "Grammar Azi" səhifəsində bildirilib.

 

0.019852876663208