Ziyanın yarısından qayıtmaq - dos. İlham Əhmədov
Keçən həftə ETN və TİF keçirdiyi Təhsil Forumunda "Coursera" şirkətinin baş müşaviri Çad Paşa bildirdi ki, 130 min Azərbaycan vətəndaşı "coursera"da qeydiyyatdan keçib. Yəqin ki, onların böyük əksəriyyəti burda artıq müəyyən kurslar keçmişlər. Ölkəmizdə artıq 20 ildir ki, minlərlə vətəndaşımız açıq ya gizli formada (TN-nin gözündən və qulağından uzaq) xaricdə distant təhsil alırlar, baxmayaraq ki, TN buna qarşı illər ərzində açıq mübarizə aparır, distant oxuyanlara onların diplomunu tanımayacaqları ilə hədələyir. Maraqlıdır, bu gün dünyada heç yerdə diploma əhəmiyyət vermirlər, biz isə gecə-gündüz diplomlar çap edirik, saxta diplomlarla 15 ildir mübarizə aparırıq, amma müasir təhsil sistemi qurmaq haqqında düşünmürük heç.
Yaxın gələcəkdə "Coursera" 2000 sayda kursun azərbaycan dilinə tərcümə ediləcəyini bildirir. Bu yəqin ki, milli təhsilimizdə bir dönüş yaradacaq, təhsil tariximizdə çox əlamətdar hadisə olacaq.
Bu yaxında TİF və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 10 min gəncimiz bu şirkətin onlayn (distant) kurslarını pulsuz təlim aldılar.
Forumda çxış edən UNEC rektoru prof. Ədalət Muradov qeyd etdiyi kimi, ali təhsilin gələcəyi distant və qarışıq təhsilin tətbiqi ilə əlaqədardır.
Bütün bu faktlar göstərir göstərir ki, TN-nin distant təhsilə qarşı 20 illik mənasız və gülüş doğuran mübarizəsi sonda onların məğlubiyyəti ilə nəticələndi. Bu həm də onu göstərir ki, bu illər ərzində təhsilimizin sükanı arxasında olanların qlobal təhsilin müasir trendlərindən, texnologiyaların inkişaf tendensiyalarından heç xəbəri olmayıb. Bu illər ərzində onlar təhsilimizə 2 qat zərbə vurublar: həm ənənəvi təhsili çökdürüblər, həm də müasir distant təhsilin inkişafına imkan verməyiblər, hərçən 14 il əvvəl ölkə prezidentinin imzası ilə təsdiq edilən "Təhsil Qanunu"nda distant təhsil, xüsusi olaraq təhsil forması kimi qeyd edilib.
Biz 20 ildir ki, nazirliyin bu ciddi yanlışlığına qarşı əzmlə mübarizə aparmışıq, izah etmişik, başa salmışıq.
Yaxşı ki, yeniliklərin sunami kimi yayılmasının qarşısını heç bir qüvvə ala bilmir. Əminəm ki, məmurlar öz maraqları naminə bu illər ərzində ölkəmizdə distant təhsilin qarşısını almasaydılar, indi gənclərimiz daha savadlı olardı.
Ziyandan yarımçıq (20 ildən sonra) qayıtmaq da xeyirdir.
Görəsən, təhsildə bu qədər geriliklərin baiskarları az da olsa xalq qarşısında xəcalət çəkirlərmi?
"Paralel.az"