"Bir vaxt da yaymışdılar ki, guya Əhməd Vəliyev dünyasını dəyişib" - Əhməd Vəliyev

 

Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat, professor Əhməd Vəliyevlə müsahibəni təqdim edir:

– Əhməd bəy, sizə məxsus olan Odlar Yurdu Universitetinin bağlanacağına dair məlumat yayılıb. Doğrudanmı universitet fəaliyyətini dayandırır?

– Hamısı boş söhbətlərdir. Bir vaxt da yalandan yaymışdılar ki, guya Əhməd Vəliyev dünyasını dəyişib. Amma bunu nə məqsədlə edirlər, anlamıram.

– Deyilənə görə, “Muğan Bank” bağlandıqdan sonra sizə yaxın olan şəxslər istintaqa çağırılıb.

– Kimdir o istintaqa çağırılan adam? Ortada heç bir fakt olmadan yalandan yazırlar. Bankın bağlanmasının universitetə və ya mənə nə aidiyyəti ola bilər axı?

Dediyim kimi, haqqımda yazılanlar boş söhbətlərdən başqa bir şey deyil. Tutaq ki, qohumlarım, yaxınlarım istintaqa çağırılıb. Onun mənə nə qarışacağı var? İnsan heç öz övladının yerinə cavab verə bilmir, qohumların, dostların yerinə necə cavab versin?

– Əhməd bəy, deyilənə görə sizin bir neçə bankınız var. Doğrudur?

– Heç də doğru deyil. Az qala respublikada olan bütün bankları, universitetləri mənim adıma yazırlar. Hətta harada özəl iş yerləri görsələr, onda belə deyirlər ki, Əhməd Vəliyevin obyektidir. Məni tanıyan tanıyır.

– Deyirsiniz ki, nə olsa, sizin adınıza yazırlar, hətta ölüm xəbərinizin də yayıldığını qeyd etdiniz. Niyə Vəliyevlərə qarşı belə bir qərəz yaransın ki?

– Haqqımda hər sözü yazan insanların 90 faizi ermənilərə bağlı şəxslərdir. Elə adamların gözləri iqtidarda olanları götürmür. Mən Heydər Əliyevin yanında böyümüşəm, bu gün də İlham Əliyevin etibarlı silahdaşlarından biriyəm. Ona görə də, belə şayiələrin yayılması düşmənçilikdən başqa bir şey deyil.

– Heydər Əliyevin yanında böyüdüyünüzü dediniz. Universitetlə bağlı sizə xeyir-dua veribmi?

– Əlbəttə! Odlar Yurdu Universiteti 30 il öncə məhz Heydər Əliyevin xeyir-duası ilə yaranmış universitetdir. Özü də sıradan bir təhsil ocağı deyil, dünya miqyaslı universitetdir.

– Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev sizinlə bağlı sualı cavablandırarkən deyib ki, “Əhməd kimdir ki, mənimlə dost olsun. Ümumiyyətlə onunla əlaqəmiz olmayıb”.

– Ramiz Mehdiyevlə mənim nə əlaqəm ola bilər? Düzdür, o vəzifədə olan zaman işlə bağlı görüşümüz olub. Amma onunla əlaqəmiz, dostluğumuz olmayıb.

Ramiz müəllim hara, mən hara. Hətta sahələrimiz də fərqlidir. 77 yaşım var, onun 70 ilini təhsilə həsr etmiş adamam.

– Bir ara xəbər yayıldı ki, Odlar Yurdu Universitetini bitirənlərə diplom verilmir…

– Cəfəngiyatdır! Kim məzun olursa, diplom da alır, məzun olmayan adama diplom verilir?! Düzü, mən bu cür “xəbərlərə” reaksiya vermirəm. Belə bir misal var, deyir, əgər sən düzsənsə, kölgənin əyri düşməsindən qorxma. Ona görə də o yazılar mənim üçün heç nədir.

– Amma siz millət vəkili olan zaman da haqqınızda mənfi rəy yazanlar kifayət qədər olub.

– Doğrudur. Parlamentdə olduğum 10 il ərzində də yazırdılar, yazsınlar. Lakin yazanda dəqiq fakt və sübutlarla yazsınlar, eşitdiklərini deyil. Elə insanların sağlamlığı yoxlanılmalıdır. Sağlamlıqları yerində deyilsə, artıq onun yeri dəlixanadır! Yox, sağlamlığı yerində ola-ola yazırlarsa, o zaman onların mütləq genetik kodları dəqiqləşdirilməlidir.

– Əhməd bəy, ola bilərmi ki, ətrafınızda olan insanların nə vaxtsa xətrinə dəymisiniz deyə, bu gün sizdən belə xəbər yaymaqla qisas alırlar?

– İnanın ki, kiminsə şəxsiyyətinə toxunacaq addım atmamışam, bu mənim xarakterimə də uyğun deyil. Haqq-ədalət olmayan yerdə xeyir-bərəkət olmaz.

Yüzlərlə insanı işlə təmin etmişəm. Araşdıra da bilərsiniz, görün, onların birinin qəlbini qırmışammı? Mənim üçün xadimə də, mühafizəçi də, professor, prorektor da eyni insandırlar. Hamısı mənə əzizdir. Heç bir ayrı-seçkilikdən, qəlb qırmaqdan, haqq yeməkdən söhbət gedə bilməz.

Zaira Akifqızı
Globalinfo.az

0.024562120437622