Bu sahəyə daha çox vəsait ayrılmalıdır -dr. Aydın Əliyev
2024-cü ilin dövlət büdcəsindən onkoloji xidmət üçün cəmi 50 milyon manat pul ayrılıb. Bu məbləğə onkoloji xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, onkoloji klinikaların maddi-texniki bazasının inkişafı və s. xərclər daxildir. Ölkəmizdə rəsmi olaraq qeydiyyata alınmış 60 min civarında, reallıqda isə daha çox onkoloji xəstə var. Kobud hesablasaq 1 xəstənin müayinə, diaqnostika və müalicəsi üçün təqribən 800 manat hesablanıb. Bu məbləğ bu xəstələr üçün çox kiçik rəqəmdir. Mən evini satıb, bankdan kredit götürüb, lombarddan pul götürüb, hətta məcburiyyətdən sələmə girib onkoloji xəstəliyinin müalicəsinə xərcləyən və nəhayətdə pulu çatmayıb sosial şəbəkələrdə bank hesabını paylaşıb insanlardan pul toplayaraq onkoloji xəstəliyini müalicə etdirmək istəyən və buna nail ola bilməyib həyatını itirən xəstələr görmüşəm. Bizim kimi bir varlı ölkə üçün bu qəbahətdir. Heç yadımdan çıxmır, bir kitabda belə bir təsirli cümlə oxumuşdum: Onkoloji xəstənin həkimə ilk müraciət şansı əksər hallarda onun üçün həm də son şansdır. Onkoloji xəstəliklərin müalicəsinin effektivliyi xəstəliyin erkən diaqnostikasından çox asılıdır. Bu sahəyə daha çox vəsait ayrılmalıdır. Onkoloji xəstəliklər rastgəlmə tezliyinə görə ilk üçlükdədir.
"Paralel.az"