Ekspertdən deputata dəstək: Qarabağdan sonra vəziyyət dəyişib, tələb başqadır

Ekspertdən deputata dəstək: Qarabağdan sonra vəziyyət dəyişib, tələb başqadır
 

Millət vəkili Asim Mollazadə ötən gün parlamentdə Azərbaycan təhsil sisteminin bu gün iqtisadiyyatımızın ehtiyacları ilə uyğun olmadığını deyib. Ölkədə bu qədər hüquqşünas və diplomatın çox olduğunu ifadə edən deputat bildirib ki, mühəndis və kənd təsərrüfatı istiqamətində olan ixtisaslara tələbat var.

O həmçinin əlavə edib ki, bununla bağlı ali və peşə təhsili istiqamətində ciddi işlər görülməlidir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elçin Əfəndi deputatın fikirlərinə haqq qazandırıb. O da hesab edir ki, hər il tələbata nəzər salmadan hansısa ixtisasa yüzlərlə tələbənin qəbul edilməsi doğru deyil:

"Prestijli ixtisaslar qruplar üzrə fərqlidir. Söhbət 3-cü ixtisas qrupundan gedirsə, burada hüquq və beynəlxalq münasibətlər eyni zamanda pedoqoji yönümlü ixtisaslar, 2-ci qrupda informasiya texnologiyaları (İT), informasiya təhlükəsizliyi, kompüter, neft-qaz mühəndisliyi və s. abituriyentlərin ən çox üz tutduğu sahələrdir.

Faktiki olaraq biz İT sahəsinə, texnologiyaya üstünlük verməliyik. Eyni zamanda əmək bazarı üçün kənd təsərrüfatı istiqamətində daha güclü kadrlar hazırlamalıyıq. 

Əlbəttə, mən də hər il təxminən 600-700, hətta daha çox abituriyentin hüquq ixtisasına qəbul edilməsinin tərəfdarı deyiləm. Hüquq sisteminə baxsaq, kifayət qədər mütəxəssis çalışdığını görərik. Eyni zamanda nə qədər hüququ bitirən şəxs var ki, onlar əmək fəaliyyətinə öz ixtisasları ilə yox, tamam başqa istiqamət üzrə başlayırlar. Ali təhsil müəssisələri, Elm və Təhsil Nazirliyi, həmçinin işəgötürmə məsələsini də düşünərək bunu nəzərə almalıdırlar. Tələbələrin qəbulu konkret olaraq plana uyğun nəzərdə tutulmalıdır. Məsələn, hansısa sahə üzrə 50 nəfərə ehtiyac duyulursa, həmin il üçün 60 nəfərin qəbulu məqsədəuyğun ola bilər. Çünki hazırlanmış kadrlar 4 ildən bir yenilənir və hər il tələbə qəbulu həyata keçiririk. Belə olduğu təqdirdə də əmək bazarına kifayət qədər kadr buraxılır. Amma bu kadrların hamısının eyni potensial və akademik göstəricilərə sahib olub-olmaması təbii ki, sual ediləcək məqamlardır. İstənilən halda dövrün tələbinə, müasir çağırışlara diqqət ayırmalıyıq. 

Hazırda böyük dövlətlərdə, məsələn, ABŞ və yaxud Yaponiyada istiqamət daha çox  İT, kosmik texologiyalar, eyni zamanda kənd təsərrüfatı yönümlüdürsə, biz də o istiqamətə yönəlməliyik".

Fotoda Elçin Əfəndi

Ekspertin sözlərinə görə, 44 günlük Vətən müharibəsindən və sonuncu antiterror əməliyyatından sonra ölkəmizdə müəyyən ixtisaslara tələbat yaranıb:

"Baxmaq lazımdır ki, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonu ərazilərində hansı ixtisas sahiblərinə daha çox ehtiyac duyulacaq. Bura pedoqoji ixtisas sahibləri, tibb, hüquq, kənd təsərrüfatı yönümlü ixtisasları misalı göstərmək olar.

Artıq bu istiqamətdə kadrların kifayət qədər ehtiyacı var. Yəni əmək bazarında da bu kadrlar olmalıdır ki, bu istiqamətə müvafiq təyinatlar verilsin. Biz bütün bölgələrimizin inkişaf və tərəqqisinə nail olmaq istəyiriksə, əlbəttə, regionlarda daha çox kənd təsərrüfatı yönümlü ixtisasların inkişafı üçün bu iqtiqamətdə kadrların hazırlığı vacibdir.

Hazırda demək olar ki, dövlət və özəl olmaqla bütün ali təhsil müəssisələrində, eyni zamanda xüsusi ali təhsil müəssisələri İT, informasiya texnologiyaları, kompüter elmləri mühəndisliyi sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Təbii ki, könül istərdi ki, bütün universitetlərdə proses eyni qaydada həyata keçsin. Yəni bir universitetdə daha güclü, digərində daha zəif kadr hazırlanmasın. 

Bunun üçün də xaricdən beynəlxalq mütəxəssislər dəvət olunmalıdır".

Billurə Yunus

 

0.026737928390503