Təhsildə tərəqqi problemlərin həlli ilə mümkündür - dos. İlham Əhmədov

Təhsildə tərəqqi problemlərin həlli ilə mümkündür - dos. İlham Əhmədov
 

ETN-nin təşkil etdiyi "Təhsildən Tərəqqiyə" adlı Forumda maraqlı çıxışlar oldu. Bir çoxları innovasiyalardan danışdı. Amma heç kim etiraf etmədi ki, bizim hələ də Milli İnnovasiya Siyasətimiz ( MİS) yoxdur. Belə siyasət yoxdursa, onda biz hansı innovasiyalardan, hansı innovasion ekosistemlərdən danışırıq?
İnnovasiyalar haqqında danışıqlarda yenilik və innovasiyalar az idi. Əsasən məlum həqiqətləri deyirdilər.
Niyə innovasiyaları təbliğ edənlərin özləri innovativ deyillər? Çünki innovasiyaların mənbəyi tənqidi düşüncə, tənqidi təfəkkürdür, alternativ fikirlərdir. "Təhsildən Tərəqqiyə" gedən yol da məhz tənqidi təfəkkürün vasitəsi ilə, problemlərə işıq salaraq, problemləri həll edərək mümkündür. Spikerlər isə təhsildə olan problemlərdən çox az danışdılar, hərçənd bu sahədə kifayət qədər problemlər var. Təhsildə problemlərdən qaçmaqla, onları görməzliyə vurmaqla, ört-basdır etməklə tərəqqiyə yox, tənəzzülə yuvarlanmaq olar. 25 ildir ki, biz bunu görürük.

"TƏHSİLDƏN TƏRƏQQİYƏ" Forumunda daha çox innovasiyalardan bəhs edildi. "Bizdə yanlış fikir formalaşmamalıdır ki, bir yerə yığışıb innovasiyalardan danışsaq, innovasiyalar yaradılacaq" (E.Əmrullayev).
Nazir haqlıdır. Artıq illərdir yığışıb elm, təhsil, innovasiyalar haqda danışırlar, amma hələ də heç biri yoxdur. Çünki, iş çox vaxt danışıqdan o tərəfə keçmir.
Forum iştirakçıları nədənsə təhsildəki problemlərdən yan keçməklə göstərdilər ki, onların çoxu tənqidi düşüncə sahibi deyillər, real vəziyyətə tənqidi yanaşmırlar, pis durumda da tərif deməyə imkan axtarırlar.
Onlar həqiqətən ölkəmizdə innovasiyaların yaradılmasını istəyirdilərsə, bu forumda elm və təhsil sistemində olan konkret problemlərdən danışmalı idilər. Hərçənd elm və təhsildə, innovasiya sektorunda olan durumu, onun səbəblərini çox yaxşı bilirlər.
Nazirin söylədiyi kimi, təhsil olmasa, innovasiya da olmaz. Bəli təhsil, elm və investisiya olmasa, innovasiya olmaz.
Bu Forumda maraqlı və reallığı əks etdirən azsaylı çıxışçılardan biri də UNEC rektoru prof. Ədalət Muradov oldu. Ədalət müəllim haqlı idi, ATM-də həqiqətən də real tədqiqat üçün əlverişli mühit yoxdur, bu iş çox zəif maliyyələşir. Belə vəziyyətdə hansı innovasiya, patent, elm, elmin kommersiyalaşması, Tədqiqat, İnnovativ, Sahibkar universiteti, sənaye ilə işbirliyindən, xarici qrantlardan danışa bilərik? UNEC-də vəziyyət hələ pis deyil, bir çox ATM-də bu gün heç 50 il əvvəlin elmi mühiti, tədqiqat şəraiti yoxdur.

Forumun Spikerlərinin hər biri valideyndir, məktəblərdə və universitetlərdə olan durumu çox gözəl bilirlər, ona görə də uşaqlarını xaricdə oxudurlar.

Təəssüf ki, bizim kreativ insanlarımız yaradıcılıq qabiliyyətini daha "unikal təriflər" yaratmağa yönləndirirlər. Görünür bizdə belə "innovasiya"lara ehtiyac var. Yəqin bu səbəbdən hələ də bizdə milli innovasiya sistemi formalaşmayıb, səmərəsizdir.
Əslində dövlətin və cəmiyyətin inkişafı məhz tənqidi təfəkkürə əsaslanmalıdır.
İsrail adam başına düşən innovasiya sayına görə dünya lideridir. Burda yaranan innovasiyalar bütün islam ölkələrində yaranan innovasiyalardan çoxdur. Bax budur tənqidi təqib edən, tərifi əziz islam ölkələri ilə, demokratik ölkələrin fərqi. Demokratik mühit tənqidə, problemlərin həllinə inkişaf mənbəyi kimi baxır.
Ona görə də 22 ərəb ölkəsi bu qədər sərvətlərin qarşılığında inkişaf edə bilmədi və kiçik qonşu dövlət onlara meydan oxuyur.
Cəmiyyət olaraq biz bu 2 variantdan hansını seçək: "Təriflə, tənəzzül et, ya da tənqid et, yarat, inkişaf et".
İslam ölkələri geridədir, çünki tərif yolunu seçiblər. Görünür bu innovasiya yaratmaqdan daha mənfəətlidir.

"Paralel.az"

0.018478870391846