Xəlil Rza Ulutürk - 91
"Vulkan tabuta sığmaz..."

Xəlil Rza Ulutürk - 91
 

1988-ci ilin baharı idi. Ancaq nə təbiətin həyat verən nəfəsi, nə yasəmənlərin, qızılgüllərin ətri, nə də qışdan yenicə çıxmış insanların ürəyini isindirən Günəşin hərarəti qəlbləri sevindirmirdi. İnsanlar kədərli, dərdli, hüznlü idilər. Mənfur qonşularımızın çoxdan hazırladıqları və qeyd olunan ilin fevral ayında həyasızcasına həyata keçirməyə başladıqları bədnam Qarabağ iddiları Şuşada, Xankəndidə, Topxana meşəsində baş verən olaylar bütün Azərbaycanı yerindən oynatmış, soydaşlarımızın səbir kasasını daşdırmışdı. Məkrli düşmənə qarşı nifrət gündən-günə alovlanmaqda idi. Lakin ürəklər nə qədər dolu olsa da, adamların qəzəbi nə qədər coşub-daşsa da hələ ayaqda olan sovet dövlətinin əleyhinə, kommunist partiyasının ünvanına söz deməyə hər ziyalı, hər vətəndaş ürək eləmirdi. Məhz, belə bir zamanda M.Ə.Sabirin vətəni Şamaxıda, böyük şairimizin abidəsi önündə izdihamlı mitinq keçirilirdi. Həmin gün xüsusi bir gün idi. Çıxışlar bir-birini əvəz etdikcə, ürəklərdə illərdən bəri yığılıb qalmış qəzəb vulkan kimi püskürürdü. Xalq indiyə kimi eşitmədiklərini eşidir, deyə bilmədiklərini deyirdi.

Çoxlarının gözləmədiyi bir məqamda adamların arasında azadlıq carcısı, şair Xəlil Rza Ulutürk göründü. O, üzünü meydana toplaşanlara tutub danışmağa başladı. Böyük M.Ə.Sabirin heykəli qarşısında çıxış edən böyük Xəlil Rza Ulutürkün gur, əzəmətli, dağ çayları kimi şaqraq, coşub daşan, şəlalə kimi çağlayan qeyri-adi səsi hamını sehirləmişdi. Bu səs, bu səda xalqın dərdini, ağrısını bəyan etdikcə adamların qanı qaynayırdı. Bu səs gurladıqqca, qədim şəhərin başı üzərində əks-səda verirdi. Heç kimdən qorxub-çəkinmədən, mərd-mərdana,cəsarətlə çıxış edən bu alovlu şairi, vətənpərvər alimi, təəssübkeş türk oğlunu o zamana kimi tanımayanlar da yavaş-yavaş tanımağa başlayırdılar.Azadlıq carçısı olan şairin səsi gurladıqca meydan təlatümə gəlirdi:
- Siz ey şəngülümlər, şüngülümlər daha bəsdirin! Bəsdirin, bu zavallı xalqı əsarət zəncirində saxladığınız! Yetər sürünə-sürünə yaşatdığınız, yaşada-yaşada sürüklədiyiniz! Şərqdə ilk demokratik dövlət qurmuş bir xalqı əsarətdə saxlamaq olmaz. Bu xalq artıq qollarının zənciri ilə barışmaq istəmir. O, Azadlıq və müstəqillik istəyir:

-İstəmirəm azadlığı qram-qram!
İstəyirəm qolumdakı zəncirləri
Qıram, qıram!

O zaman ölməz şairimiz Mirzə Ələkbər Sabirin şəhərin dörd yol ayrıcındakı əzəmətli abidəsi önündə çıxış edən Xəlil Rza Ulutürkü dinləyənlərin ürəyində bir Azadlıq Günəşi doğurdu. Bu Günəş xalqmızın çoxdan gözlədiyi bir baharın- müstəqillik, azadlıq baharının Günəşi idi! Bu baharın ilk qaranquşu isə elə şair Xəlil Rza Ulutürkün özü idi.
P.S.
Bu başlanğıc idi. O zaman heç kəs bilmirdi ki, irəlidə hələ nə qədər mübarizə dolu çətin günlər, aylar, 1990-cı ilin qanlı 20-yanvar gecəsi, Lefortovo zindanı,vətən uğrunda şəhid olan Təbriz adlı oğlunun həsrəti, bir də şairin çox sevdiyi və vaxtsız qovuşacağı
vətən torpağı dayanıb. Şairin ölməz misraları meydana toplaşanların başı üzərində gurlayırdı:
-“VULKAN TABUTA SIĞMAZ!”
Bəli, azadlıq carçısı olan şair haqlı idi,- “Vulkan tabuta siğmaz!”. Bu gün bu vulkanin - Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün azadlıq hayqırtısı ilə yoğrulmuş misralarının odu, közü, atəşi milyonlarla soydaşimizin ürəyində, qəlbində yaşayır və əbədi olaraq yaşayacaqdır.

Cəlal Yaquboğlu

“Günay”qəzeti, 24 oktyabr, 199l

"Paralel.az"

0.017303943634033