Abituriyentlərin sayında ciddi azalma

Ekspertlər bunun səbəbini açıqlayır

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ildə ləğv olunandan sonra yaranan Dövlət İmtahan Mərkəzinin elektron xidmətində qeydiyyatın çətin olduğu deyilir.

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov Teleqraf.com-a açıqlamasında deyib ki, DİM-in göstərdiyi xidmətlərdən istifadə etmək istəyənlərin qeydiyyatdan keçmə proseduru xeyli çətinləşib.

Ekspert deyib ki, qəbul imtahanlarında iştirak etmək istəyən şəxs öncə özünə mərkəzin rəsmi saytında şəxsi kabinet açmalı, sonra da istifadəçi adı və paroluyla elektron ərizəsini doldurmalıdır.

Elektron ərizənin təsdiq edilməsi üçün şəxsi kabinetin balansında göstərilən xidmət haqqı üçün pul da olmalıdır. Qeydiyyatdan keçmək istəyən şəxsin bank kartı olmadıqda isə o, "MilliÖn" ödəmə terminallarından portmanat kod almalı və onu saytdan hesaba köçürəndən sonra elektron ərizəsini təsdiq etməlidir. Belə çətinlik də abituriyentlərin sayına ciddi təsir edib. 2010-cu il ərizə təqdim edən 110 min abituriyentlə müqayisədə,  2018-ci ildə bu rəqəm, 60 min nəfərə yaxın olub.

Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev isə mövcud qeydiyyat prosedurunun abituriyentlərin sayının azalmasına təsir etmədiyini deyir. Ekspert hesab edir ki, hazırkı informasiya dövründə bu imkanlardan istifadə edən abituriyentlər gərək çətinlik çəkməsin: "İnternet klubların çoxluğu, az qala hamının malik olduğu funksional telefonlar imkan verir ki, abituriyent qeydiyyat prosesini həyata keçirsin. Yəni, bu gün elə adam yoxdur ki, elementar kabinet açmaq və ya digər məsələləri bilməsin. 

Abituriyentlərin sayının azalmasına təsir edən amillər isə başqadır. Qəbul sayı hər il dəyişir. Keçid balının əvvəlkinə nisbətən yüksəldilməsi prosesə təsir edir. Həm də ki, məzunlar qəbul imtahanlarında iştirak etmək üçün hansı biliyə sahib olduğunu artıq başa düşür və qeydiyyatdan keçmirlər".

E.Əliyev sözügedən məsələdə ən başlıca məqam kimi, özəl ali məktəblərin zəifləməsini göstərir. Ekspertə görə, Qərb Universiteti, Xəzər Universiteti,  Azərbaycan Universiteti, Odlar Yurdu kimi ali təhsil ocaqlarında 50 faiz yer boş qalıb: "Özəl təhsildəki bu vəziyyət abituriyent sayına təsir edir. Həmçinin, bəzi ixtisas qruplarında sıxlıq, bəzisində isə boşluq var. Bunlar hamısı mühüm məsələlərdir. Demək istəyirəm ki, elektron xidmətdə qeydiyyat prosedurunun abituriyentlərin sayının azalmasına hansısa təsiri yoxdur. Əsas səbəb  yuxarıda söylədiklərimdir".

 Nigar Orucova

0.44907808303833