Tolerantlıq və multikulturalizm
demokratiyanın təməl prinsipləridir

Tolerantlıq və multikulturalizmdemokratiyanın təməl prinsipləridir
 

Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edir

 Azərbaycanda tarixin qədim dövür-lərindən mövcud olan və artıq Azərbaycan xalqının həyat tərzinə çevrilən multikulturalizm və tolerantlıq bu gün qloballaşan dünyamızın bir çox ölkələrində böyük maraqlan qarşılanır, təqdir olunur.

Buna görə də, hazırda Azərbaycan və dünya multikulturalizm modellərinin və azərbaycançılıq ideologiyasının elmi əsaslarla öyrənilməsi və bu istiqamətdə yazılan əsərlərin təcrübədən keçirilməsi istiqamətində ciddi işlər aparılır. Azərbaycan xalqı, eləcə də Azərbaycan dövləti yaxşı bilir ki, tolerantlıq və multikulturalizm eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyi deməkdir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi prinsiplərinin qorunması, demokratiyanın əsas göstəriciləridir. Yəni, sosial hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.

Buna görə də, dünyada sivilizasiyalararası dialoqda ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşahidə olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra Qərb dövlətlərinin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edir.

Bu baxımdan da, Azərbaycanın multikulturalizm modeli digər ölkələr üçün bir nümunədir. Bizə belə gəlir ki, yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlülük ruhunda tərbiyə edilməsinin vacib məsələ olduğunu nəzərə alaraq, gənclərdə tolerantlıq mədəniyyətinin hələ uşaq yaşlarından tərbiyə edilməsi, onlarda ünsiyyət mədəniyyətinin formalaşdırılması da mühüm məsələlərdən biridir. Bunun üçün isə ən yaxşı vasitə təhsil və təbliğatdır. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər daha geniş şəkildə görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Milli-mənəvi, o cümlədən dini dəyərlər insanlara olduğu kimi çatdırılmalıdır. Regionlarda fəaliyyət göstərən mədəniyyət mərkəzləri, dini icmalarla birgə multikulturalizm, vətənpərvərlik və digər milli-mənəvi dəyərlərimiz haqqında daha geniş şəkildə maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Müntəzəm olaraq bu səpkidə dəyirmi masalar, təlimlər keçirilməlidir ki, bu ruhda tərbiyyə olunan gənclərimiz gələcəkdə milli-mənəvi dəyərlərimizi, Azərbaycanın multikulturalizm modelini qlobal aləmdə layiqincə təbliğ edə bilsinlər.

Bu gün, Azərbaycan hökumətinin yaxından dəstəyi ilə bu istiqamətdə bir sıra işlər görülür. Lakin görünəni odur ki, bu işlər hələ tam olaraq bizim istədiyimiz kimi həyata keçirilmir və bəzi boşluqlar var. Keçən ilin sonlarında

İsveçə səfərdən qayıdan Azərbaycan nümayəndə heyətinin üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov səfərin yekunları ilə bağlı mətbuata açıqlamsında qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) birgə təşkilatçılığı ilə Stokholm şəhərində keçirilən konfrans və müxtəlif görüşlərdə iştirak edib. İcraçı direktor bildirib ki, səfərin əsas məqsədi dünyamızın terrorla, islamofobiya, ksenofobiya ilə təhdid olunduğu bir zamanda, bir çox dövlətlərə nümunə olacaq birgəyaşayışın Azərbaycan modelini, Azərbaycan multikulturalizmi və tolerantlığını İsveçdə təqdim etmək, həmçinin bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsi aparmaq olub.

Tədbirdə iştirak edən nümayəndə heyətinə BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin rəhbərlik etdib. Onu da qeyd edək ki, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç də olub.

Tədbir çərçivçsində "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizi təmsil edən nümayəndə heyəti, Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, İsveç parlamentinin sabiq üzvü, ATƏT Parlament Assambleyasının keçmiş prezidenti Qoran Lenmarker, İsveç Xarici İşlər Nazirliyinin baş direktoru, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəisi Stefan Qulqren və İsveçin İnanclararası Dialoq Mərkəzinin direktoru Helene Enqel çıxış ediblər. Konfransdan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri İsveçin mədəniyyət və demokratiya naziri ilə görüşüblər. Səfərin sonuncu günü nümayəndə heyəti İsveç Xarici İşlər Nazirliyində olub. Görüşdə multikulturalizmin Azərbaycan və İsveç modeli, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi, mədəni və multikultural müstəvidə təcrübə mübadiləsinin aparılmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu da təbidir ki, qədim tarixi köklərə və dövlətçilik ənənələrinə malik olan İsveç Krallığının da özünəməxsus tolerantlıq və multikulturalizm təcrübəsi var. Lakin ölkəmizdən olan nümayəndə heyətində təmsil olunan müxtəlif dini konfessiya rəhbərlərinin mehriban dostluğu, Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan xalqının sülh və əmin-amanlıq içərisində yaşaması naminə ortaya qoyduqları yekdil mövqe hər addımda isveçliləri heyrətləndirib.

Məlumdur ki, dünyada sülh və sabitliyin qorunması, münaqişə ocaqlarında tez bir zamanda sülhə nail olunması, milliyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin əmin-amanlıq içərisində yaşaması üçün səylər göstərən beynəlxalq təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri də müsbət təcrübənin paylaşılmasının tərəfdarıdırlar və onlar hər zaman öz tövsiyələrində buna üstünlük verirlər. Bu mənada, tarixən özəlliyi və birgəyaşayışa müsbət təsiri ilə seçilən tolerantlığın Azərbaycan modelinin, həmçinin Azərbaycan multikulturalizminin davamlı şəkildə öyrənilməsi və dünyada təbliği özü-özlüyündə dünya insanını sülhə çağırışa bir töhfədir.

Bu da sevindirici haldır ki, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət, dünya dövlətləri və beynəlxalq təşkilatlarla yüksək səviyyədə qurulan münasibətlər, dünyada sülhün təmin olunmasına, ətraf mühitin və dünya inciləri olan maddi-mədəniyyət abidələrinin qorunmasına ölkəmizin verdiyi töhfələr, Azərbaycanın təkcə neftlə zəngin ölkə deyil, həm də insanpərvərlik nümunəsi olan əhali resursu ilə zəngin olmasından İsveçdə də məlumatlıdırlar. Ölkələrimiz arasında müxtəlif müstəvilərdə olan qarşılıqlı mübadilə proqramları isveçli siyasət və hökumət adamlarında Azərbaycana böyük maraq yaradıb. Görüşlərdə iki ölkənin din xadimləri gələcəkdə bir-biri ilə əlaqələrinin gücləndirilməsinin vacibliyini xüsusi qeyd ediblər. Azərbaycan və onun bu gün Avropa ilə bölüşə biləcəyi multikultural mənəvi dəyərlərdən, Azərbaycan Prezidentinin Avropanın bu ağır dövründə Fransaya gedib, orada baş vermiş terror hadisələri ilə bağlı şəxsən başsağlığı verməsi, böyük hörmət və qarşılıqlı anlaşma nümunəsi kimi qəbul olunub. İsveçlilər də bu məsələlərə böyük hörmətlə yanaşıblar. Bu tipli konfranslar, görüşlər də heç şübhəsiz ki, Azərbaycanın multikulturalizm modelinin dünyada təbliği baxımında böyük əhəmiyyət kəsb ebir.

Bu da məlumdur ki, multikulturalizmin bir adı da, çoxmədəniyyətlilik kimi anlaşılar. Bu da o deməkdir ki, multikultural cəmiyyətlərdə çoxmədəniyyətliyə, çoxkonfessiyalığa xüsusi önəm verilir. Buna görə də, sivil dövlətlərdə mədəniyyətlərarası dialoqa böyük üstünlük verilir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdəki qərargahında təşkilatın mədəniyyət, elm və təhsil komitəsinin növbəti iclasında iştirak edən Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov müzakirələrə qatılaraq deyib: "Mədəniyyət və demokratiya, əlbəttə ki, bir-birindən ayrılmazdır. Həyatın bütün sahələri, həmçinin siyasət də mədəniyyətə arxalananda, onunla əlaqəli fəaliyyət göstərəndə əldə edilən uğurlar daha çox olur".

Demokratik dəyərlərin, multikulturalizmin və tolerantlığın cəmiyyətdə bərqərar olmasında mədəniyyətin vacib roluna toxunan Rafael Hüseynov qeyd edib ki, tarixin bütün dövrlərində mədəniyyət ictimai-siyasi həyatda tənzimləyici rol oynayıb. Məhz bu missiya, mədəniyyəti həmişə asılılıqdan azad olmağa, sərbəst fəaliyyət göstərərək demokratik dəyərlərin qorunmasına və onların daha işlək olmasına yardım göstərməyə səfərbər edib. O, Avropa ölkələrinin hər birinin çoxmillətli, etnik baxımdan rəngarəng olduğunu qeyd edərək bildirib ki, ölkələr arasında gediş-gəliş, miqrasiya halları artıb. Belə bir vəziyyətdə, məhz mədəniyyət insan hüquqlarının daha yaxşı qorunması, demokratik normalara daha dəqiq riayət edilməsi, təbəqələşmənin deyil, bərabərliyin, yaxınlaşmanın, multikulturalizmin üstünlük təşkil etməsi istiqamətində ən münasib müstəviyə çevrilir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

1.1340868473053