Bağlanan bankda qalan pula əlavə faiz hesablansın - TƏKLİF

Bağlanan bankda qalan pula əlavə faiz hesablansın - TƏKLİF
 

“Muğanbank”ın müflis elan edilməsi daha bir vacib məsələni gündəmə gətirdi. Belə ki, bankda depoziti olanların əmanətləri üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Sığorta hadisəsi isə bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması barədə məhkəmə qərarının qüvvəyə minməsidir. Yəni, “Muğanbank”dakı qorunan əmanətlərə artıq faiz hesablanmır və həmin məbləğlər dəyişməz qalıb. 

Paralel.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar bayramov deyib. O bildirib ki, əmanətlərin ödənilməsinin 90 və bəzi hallarda 180 gün tələb etdiyini nəzərə alsaq o halda bu müddətdə əmanətlər passiv vəsait kimi hesabda qalacaq:

"Məsələn, vətəndaşın bankda 30 min manat əmanəti olub və bank müflis olandadək onun depozitinə 2 700 manat faiz hesablanıb. Bununla da cəmi əmanət məbləği 32 700 manat olub. Əgər bank müflis olmasaydı onun depoziti ilin sonunda 33600 manat olmalı idi. Amma bank müflis olduğundan onun depoziti 3 ay sonra ödənilsə də, vətəndaşımız 33 600 manat deyil, 32 700 manat alır. Praktik olaraq, vətəndaşın depoziti ondan asılı olmayan səbəbdən hesabda passiv formada saxlanılır. Əksinə, vətəndaşın müflis olanda bankda krediti varsa, həmin kreditə faiz hesablanması davam edir. Yəni, eyni vətəndaşın “Muğanbank”da həm depoziti və krediti varsa, o halda onun depozitinə faiz gəliri hesablanması dayandırılır, kreditinə isə aylıq faizlər əlavə olunur. Nəticədə, depozit üzrə tam gəlir əldə edə bilməyən vətəndaş kredit üzrə öhdəliyini tam ödəməli olur".

"Bu baxımdan, təklif edirik ki, əmanətlərə faizlər sığorta hadisəsi baş verən günə deyil, vəsaitin ödənilməsi barədə qərar verilən tarixədək hesablansın. Bu halda 12 fazilə bankda 30 min manat əmanəti olan vətəndaşın depozitinə 3 ayda orta hesabla 900 manat faiz gəliri hesablanıb əlavə olunacaq. Bu halda vətəndaşın sığortalanmış depoziti ödənilən zaman ona 32 700 manat deyil, müqavilədə göstərilən kimi 33 600 manat veriləcək. Nəticədə, bankın müflis olması vətəndaşımızın əmanət gəlirlərini azaltmayacaq", - deyə millət vəkili əlavə edib.

Könül
Ölkə.Az

 

0.011973857879639