Azərbaycan öz multikulturalizm
modelini dünyaya təqdim etməkdədir

Azərbaycan öz multikulturalizmmodelini dünyaya təqdim etməkdədir
 

"Çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər"

 Qloballaşan dün-yamızda, qarşılıqlı anlaşma olmadan, multikulturalizmi və tolerantlığı inkişaf etdirmədən, insanların və dövlətlərin birgəyaşayışını təmin etmək, çətindir.

Lakin uzun tarixi inkişaf yolunu keçərək formalaşan çoxmədəniyyətli bir cəmiyyətin və bu cəmiyyəti qoruyub saxlamaq üçün dövlətin siyasi iradəsinin ortada olması, əslində multikultiralizmin mövcud olmasının göstəricisidir. Bu siyasəti qoruyub saxlamaq üçün isə qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasətinin hüquqi bazası formalaşdırılmalıdır. Buna misal olaraq, 1988-ci ildə Kanadada "Multikulturalizm qanunu"nun qəbul edilməsini göstərə bilərik. Azərbaycan Respublikası da, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi siyasət nəticəsində özünün mədəni müxtəlifliyini qorumaq üçün milli azlıqlar və dini qruplarla bağlı çox sayda normativ hüquqi aktlar qəbul etdi. Ümummilli lider Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla ölkədə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsini təmin etdi. 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasındakı çıxışında ümummilli lider Heydər Əliyev deyib: "Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olunub. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdır".

Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipləri aydın şəkildə təsbit edilib.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan və multikulturalizm fəlsəfəsinin əsaslandığı 7 mühüm prinsip olmadan, sadəcə etnik müxtəlifliyi multikulturalizm adlandırmaq mümkün deyil. Bu prinsiplər isə aşağıdakılardır.

Etno-mədəni müxtəlifliyin mövcudluğu prinsipi bir dövlətin daxilində müxtəlif mədəniyyətin daşıyıcıları olan milli azlıqların və eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu mənasını verir. Multikulturalizm siyasətini həyata keçirən dövlətlər bu cür müxtəlifliyi özünə qarşı təhlükə kimi görmür. Əksinə, cəmiyyətin zənginliyi kimi qəbul edərək, həmin xalqların öz mədəniyyətlərini qorumaları üçün dəstək göstərir. Mədəni identiklik hüququ hər bir kəsin və ya qrupun öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq hüququ olduğunu qeyd edir. Ancaq unutmaq lazım deyil ki, bu, vəzifə yox, sadəcə hüquqdur. Heç bir kəs məcburi şəkildə hansısa bir qrupa daxil edilə bilməz və ya hər hansısa bir mədəni qrupa üzv olduğuna görə alçaldıla bilməz.

 Mədəni bərabərlik və qarşılıqlı dözümlülük prinsipinin mahiyyəti isə ondan ibarətdir ki, bütün etno-mədəni qruplar bərabərdir və yalnız qarşılıqlı hörmət və dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir. Beləliklə, ierarxik ikili identiklik mövcud olur. Bunun ən gözəl nümunəsi kimi, Azərbaycan və Kanadanı misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır, daha sonra ləzgi, avar, tatdır və s.

 Etno-mədəni qruplararası əlaqə prinsipi hər bir etno-mədəni və dini qrup və ya onun hər bir nümayəndəsinin digər etnik qruplar və ya onların nümayəndələri ilə təhlükəsiz və sərbəst ünsiyyət qura bilməsidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs digər qruplara qarşı açıqfikirli olmalıdır.

Azərbaycan multikulturalizminin ən mühüm özəlliklərindən biri də, onun sosial-liberal ikili təbiətə malik olmaqla, ikili fundamental hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma hüququna əsaslanması, Azərbaycan cəmiyyətindəki müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi aradan qaldırmağa yönəlib. Multikulturalizm və ya multikultural cəmiyyət özü təkbaşına inkişaf edə bilməz. Bunun üçün siyasi idarəetmə və dövlət dəstəyinin mövcudluğu mütləqdir. Hər bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin, yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin selektiv qorunması deyilir.

Bütün qeyd olunanlardan da göründüyü kimi, bu prinsiplər Azərbaycan dövlətini və xalqının tarixin qədimliklərindən gələn dözümlülük və tolerantlıq prinsipləri ilə üst-üstə düşür.

Multikulturalizmin məhək daşı olan dövlət-din münasibətlərinə böyük önəm verən ulu öndərimiz Heydər Əliyev deyib: "Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi, öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir". Ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışlarında daima vurğulayır ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Güclü multikulturalizmin (dövlət siyasəti müstəvisində) mövcud olduğu hər bir dövlətə, bu anlayış xarakterikdir. Bu nöqteyi-nəzərdən multikulturalizm siyasətinin alternativi ksenofobiya, antisemitizm, islamofobiya və ayrı-seçkilikdir.

Bu gün Qərb dövlətlərinin əksəriyyəti multikulturalizm siyasətinə qarşı çıxırlar və onun iflasa uğradığını vurğulayırlar. Çünki Avropa dövlətlərində yaranan çoxmədəniyyətlilik miqrasiya prosesinin nəticəsi olaraq sonradan yaranan bir müxtəliflikdir. Bu səbəbdən də, bir çox Qərb dövlətləri gəlmə mədəniyyətlərin yerli mədəniyyəti dəyişdirdiyini və ya məhv etdiyini düşünürlər. Bu səbəbdən də, bəzi Qərb dövlətləri multikulturalizm siyasətinə yeni bir alternativ axtarırlar. Bunun üçün də vahid Avropa dəyərləri və mədəniyyəti anlayışına ciddi şəkildə dəstək verməyə çağırışlar edirlər.

Heç şübhəsiz ki, multikulturalizmi dövlət siyasəti elan edən dövlətlərdə də, insan hüquqları ali dəyər hesab olunur, çünki öz mədəni identikliyini qorumaq hüququ İnsan Hüquqlarının ayrılmaz tərkib hissəsi hesab olunur. Ancaq miqrasiya prosesinin qarşısını almaqda aciz qalan bir sıra Qərb dövlətlərində bu hüquqlar tozulmağa, mədəni böhran və ya toqquşmalar baş verməyə başladı. Tarixən monoetnik cəmiyyətlərdən ibarət olan Avropa dövlətlərində, artıq əsas xalqın mədəniyyətini qorumaq çətinliyi yaranıb. Bununla belə, aşkar şəkildə bioloji irqi ayrı-seçkililik etmək də mümkün deyil, çünki liberal - demokratik Avropa dəyərlərinə ziddir. Buna görə də, gəlmə xalqların mədəniyyətlərinin avropa dəyərlərinə və demokratiyaya zidd olduğunu deməkdən başqa yol qalmır. Bu gün Avropada yaşananların əksinə olaraq, Azərbaycan özünün multikulturalizm modelini geniş şəkildə dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixi köklərə malikdir. Bu gün də Azərbaycanda katolik, pravoslav kilsələrinin, yəhudi sinaqoqunun, məscidlərin azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərdiyini və bu münasibətlərin qorunub saxlanıldığını görürük. Təbii ki, bu mühiti dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış normalarını, həyat tərzinə çevirməsi yaradıb.

Ümummilli lideri Heydər Əliyev Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Azərbaycanda yaşayan müxtəlif xalqların mənəvi yaddaşı, tarixi inkişaf mərhələsində zərdüştlükdən üzübəri dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə zənginləşərək, mədəniyyət və mənəviyyatın çoxsaylı cəhətlərini özündə miras saxlayıb. Bu da məlum faktdır ki, Azərbaycan tarixən polietnik və müxtəlif dinli ölkə olub. Əhalisinin əksəriyyəti azərbaycanlı olan respublikamızda  ta qədimdən zamanlardan İran, Qafqaz (gürcü, erməni, osetin və s.) etnosları, eləcə də yəhudi, rus, ukrayna, tatar, belorus və s. xalqlar birgə yaşayıblar.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərin, dövlət və din xadimlərinin, eləcə də ölkəmizə turist kimi gələn əcnəbilərin multikulturalizm və tolerantlıq mərkəzi kimi qəbul etdikləri bir dövlətə çevrilib. Azərbaycanda mövcud olan multikulturalizm mühiti, həm də ölkəmizlə əməkdaşlıq edən bir çox dünya dövlətlərin bir model olaraq qəbul etdikləri birgəyaşayışın ən mükəmməl formalarından biridir. 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.7304630279541